“Məni niyə belə alçaqların qəbuluna göndərirsiniz?!” – “Zakir Qaralova yazılan onlarla müraciət nəticə vermədi...”

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidməti rəisinin köməkçisi, daxili xidmət polkovniki Zaur Mirzəyevin törətdiyi iyrənc və cinayət xarakterli əməllər cəmiyyətdə geniş rezonans doğurub. Dövlət qurumunda 6 il ərzində davam etmiş əxlaqsızlıq sərt tənqid hədəfidir, sosial şəbəkələrdə ictimai rəy liderləri bu barədə yazırlar, həm də müxtəlif dövlət qurumlarında vaxtilə baş vermiş bənzər olaylardan misallar gətirilir.

Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyevin "Feysbuk" hesabında bu barədə yazdığı post bu baxımdan diqqət çəkir. 

"AzPolitika.info" onun vaxtilə prokurorluq orqanlarında baş vermiş hadisə ilə bağlı paylaşımını cüzi redaktə ilə oxuculara təqdim edir: "Səhv etmirəmsə, 2010-cu il idi. Bakı şəhərində ailə zorakılığına məruz qalmış bir xanım hüquqi yardım üçün bizim təşkilata müraciət etmişdi. Qayınatası, qayınanası və Ədliyyə orqanlarında işləyən əri tərəfindən döyülmüş və gecəykən evdən çıxarılmışdı. Bədənində xəsarətlər var idi. Xanımı dinlədikdən sonra xanım əməkdaşımız işin detalları da əks olunmaqla şikayət ərizəsi hazırladı. Xanımın əri hüquq-mühafizə orqanlarında işlədiyi üçün və polisdə ərizəsi qeydiyyata alınmadığı üçün hadisənin baş verdiyi rayonun prokurorluğuna zəng etdim. Prokuroru əvəz edən şəxsin qəbul vaxtını dəqiqləşdirdim və bir gün sonra xanımı qəbula getməsi üçün təlimatlandırdıq.

Səhəri gün günün ikinci yarısında xanım hönkür-hönkür ağla-ağlaya bizim iş yerinə gəldi. Onun ərizəsini hazırlayan hüquqşünas xanıma “Məni niyə belə alçaqların qəbuluna göndərirsiniz?" deyib xeyli ağladı. Prokuror tərəfindən seksual qısnamaya məruz qaldığını təxmini olaraq anladım. Sakitləşdirdik, onun mütləq cəzalandırılacağı ilə bağlı xanımı əmin etdik. Prokurorluqla prokuror əvəzinin ona qarşı olan seksual qısnamasını detallı təsvir etdikdən sonra Baş prokuror Zakir Qaralovun adına ərizə yazdıq. Mən xanımla notariat kontoruna getdim və adıma etibarnaməni təsdiq etdirdik. Şikayət ərizəsini ikimizin adından Zakir Qaralova göndərdik. Ərizədə həm mənim, həm də xanımın əlaqə telefonlarını qeyd etdik.

İki gün sonra prokurorluqdan xanıma zəng edib xahiş ediblər ki, prokurorluğa tək getsin. O da bununla razılaşmayıb və bildirib ki, mən etibarnamə üzrə nümayəndəmlə birlikdə gələ bilərəm və prokurorluq orqanlarında işləyən kişilərin qəbuluna bir daha heç vaxt tək getmərəm. Xanımın bu cavabı həmin vaxt, əslində, başa düşülən idi.

Bir gün sonra mənim yanıma ölkənin tanınmış vəkillərindən biri gəldi. Həmin prokuror əvəzi ilə çox yaxın dost olduğunu dedi, onun haqqında verdiyimiz ərizəni geri götürməyimi xahiş etdi. Bildirdi ki, prokuror təyin olunmaq üçün Zakir Qaralova tələb olunan məbləğ çatdırılıb və o, Prezident Administrasiyasına qəbula getməli, sonra isə həmin rayona prokuror təyin olunmalıdır. "Bir boşanmış xanımdan ötəri insanın karyerasını korlamaq olmaz" dedi. Eyni zamanda, verilən məbləği də kimsə ona qaytarmaz. Bunun mümkün olmadığını bildirdim və bu söhbətin bitdiyini dedim. Sonda xahiş etdi ki, heç olmasa qadınla prokurorluğa getməyim, təbii ki, buna da razı olmadım.

O gedəndən sonra məhz onun xahişi ilə əksər tanınmış qohumlarım və dostlarım mənə zəng etdilər ki, ərizədən imtina edim və ya xanımla birlikdə izahat vermək üçün prokurorluğa getməyim. Hər kəsə cavabım belə idi: “O xanımın yerində sizin qızınız, arvadınız və ya digər qohumunuz ola bilərdi..."

Mənə xahiş üçün zəng edənlərdən çox hörmət etdiyim biri qərarım obyektiv olsun deyə, həmin şəxsi, yəni prokuror əvəzini qəbul etməyimi xahiş etdi. Etiraz etmədim. “Buyurub, gəlsin”, dedim. O zaman ofisimiz Natavan döngəsi 1 ünvanında idi. Prokuroru əvəz edən şəxs deyilən vaxt ofisə gəldi. Salam verib özünü təqdim etdikdən sonra ilk cümləsi bu oldu: "Nə gözəl yerdə ofisiniz var. Bakıda yaşayan bütün canlar binanızın başına fırlanır”. Bu ifadə onun kimliyini daha dəqiq, seksual qısnamanın isə onun üçün adi həyat tərzi olduğunu açıqca göstərirdi...

Mənə etiraf etməsə də, eyni basqıların və xahişlərin xanıma olmasını da hiss edirdim.

Təbii ki, həmin xanımla birlikdə sona qədər ərizədən imtina etmədik və ən azından həmin şəxsin prokuror təyin olunmasına imkan vermədik. Lakin təəssüf ki, prokurorluqdan xaric edilməsinə nail olmaq mümkün olmadı. Çünki çoxluq onun yanında idi, şoxluq şərə dəstək verirdi...

Zakir Qaralova və ölkə rəhbərliyinə yazılan onlarla ərizələr nəticə verməyəndə də mən dərk etdim ki...

Belə olan halda yayılan görüntülərin FHN-də baş verməsi adi həyat normasıdır. Çoxluğun bunu bildiyi halda yayılanlara əksəriyyətin "təəccüblənməsinə” isə sadəcə təəccüblənirəm…”

Rasim

"AzPolitika.info"

635x100

Şərhlər

Türk Turan 2022-08-20 02:44:44

Əlövsət Əliyevə təşəkkür edirik, minnətdarıq. Ədalət qılıncınızın daim kəskin, sizi zəfərdən zəfərə aparan inanc, məzlumlara qənim kəsilən xainlərə, əclaflara şiddətli cəza olmasını, müdafiə etdiyiniz haqqın, ədalətin tezliklə qələbə çalmasını arzu edirik.

Serdar nagiyev 2022-08-19 20:19:26

Allah zakirin rustemin butun nesline lenet elesin

Serdar nagiyev 2022-08-19 20:00:54

Allah Zakire rusteme lenet elesin............... Zakir rustem siz ele bilirsiz etdiyiniz cinayet bagli qalacaq.....r!!

Əlibəy Nəzərli 2022-08-19 16:54:57

Əlövsəti tələbəlik illərindən tanıdıgım üçün onun prinsipiallıgıa,həqiətin daim yanında olduguna inanır,onun davranışlarını təqdir edirəm,bu cür ləyaqətli adamla yolum kəsişdiyi üçün tanrıya minnətdaram

Son yazılar