Rus diplomatdan Laçın dəhlizi ilə bağlı yeni açıqlama - "Seleznyov erməni cəmiyyətini sakitləşdirməyə çalışır”

"Rusiya sülhməramlıları yeni yol tam işə salınmadan mövcud Laçın dəhlizindən bir santimetr də çəkilməyəcəklər".

"AzPolitika.info" xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Rusiyanın İrəvandakı səfirinin müavini Maksim Seleznyov deyib. Diplomat bildirib ki, bu barədə razılaşmalar var və tərəflər bir-biri ilə daim əlaqədədirlər.

Seleznyov sülhməramlıların yerini dəyişməsi üçün əvvəlcə yeni yolun istifadəyə veilməsinin lazım olduğunu bildirib: “Rusiya sülhməramlıları yalnız o vaxt yerlərini dəyişəcəklər ki, yeni Laçın dəhlizi açılacaq. Üçtərəfli bəyanatda atılacaq addımlar və onların ardıcıllığı göstərilib: əvvəlcə dəhlizin tikintisi başa çatdırılır, o istismara verilən kimi sülhməramlılar bu yolun beş kilometrlik zolağı boyunca yerləşdirilir”.

Xatırladaq ki, Azərbaycan avqustun 25-dək Laçın şəhərində və ətraf kəndlərdə məskunlaşdırılan ermənilərə əraziləri tərk etmək üçün vaxt verib. Separatçılar isə bildirirlər ki, Azərbaycan tərəfi Rusiya sülhməramlılarının vasitəsilə Qarabağ və Ermənistan arasında hərəkətin yeni tikilmiş yolla təşkilini tələb ediblər.

Separatçıların "rəsmi nümayəndəsi" kimi təqdim olunan Ayk Xanumyan Laçın dəhlizi boyunca yerləşən Laçın şəhərinin, Zabux və Sus kəndlərinin erməni sakinlərinə xəbərdarlıq etmişdi ki, bu ərazidə avqustun 25-dən sonra Rusiya sülhməramlıları olmayacaq və buna görə də onların ayın axırınadək evlərini tərk etməsi tələb olunur:“Bildiyiniz kimi mövcud dəhliz cənuba köçürülüb və Qarabağ ərazisinin cənub istiqamətində yol hazırdır, amma Ermənistan ərazisində yol yalnız gələn il hazır olacaq, Rusiya hərbi kontingenti cənub istiqamətinə keçiriləcək, buna görə də avqustun 25-dən burada Rusiya kontingenti olmayacaq. Bu səbəbdən mülki müdafiə planlarına uyğun olaraq adamların köçürülməsi məsələlərinin müzakirəsi zəruri olub”.

İrəvandakı Rusiya səfirinin müavini isə deyir ki, Rusiya sülhməramlılarının dislokasiyası yalnız yeni yol hazır olandan sonra dəyişdiriləcək:“Rusiya sülhməramlıları yeni dəhliz açılmayınca ora keçirilməyəcək və bu barədə razılaşma var. Tərəflər birbaşa əlaqədədirlər və mən sizi əmin edirəm ki, yeni dəhliz olmayana qədər Rusiya sülhməramlıları oradan bir santimetr də çəkilməyəcək”.

O zaman 25 avqustdan sonra ermənilər hansı yoldan istifadə edəcəklər?

Erməni tərəfinin məlumatına görə 25 avqustdan sonra alternativ, amma tikintisi yarımçıq yol istifadəyə veriləcək. Elə isə orada Rusiya sülhməramlıları olacaqmı?

Seleznyov deyib ki, İrəvan və Bakının razılığı olarsa, Moskva Rusiya sülhməramlılarının səlahiyyətlərini artıra bilər.

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl "AzPolitika.info"ya şərhində deyir ki, Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsinin hər gün artdığı müşahidə olunur.

Ekspert xatırladır ki, son “Sürməli” partlayışında erməni mediasında, siyasi partiya üzvlərinin, sərhçilərin Rusiya izi axtaran, şübhələnən xeyli açıqlamalar verildi:"Hətta Paşinyan hakimiyyətinə yaxın “Baqramyan-26” teleqram kanalında Rusiya səfirliyini ittiham edən yazılardan sonra Rusiya səfirliyi faktiki Ermənistana nota ünvanladı. Maksim Seleznyovun açıqlamasında real vəziyyətdən çox erməni cəmiyyətini sakitləşdirmək meylləri daha çox hiss olunur. Amma, necə deyərlər, “barıtını bir az çox edib”. “Dəhlizin tikintisinin başa çatdırılması” deyəndə, Seleznyov vurğulamalı idi ki, Azərbaycanın ərazisində başa çatdıqdan sonra istismara verilməlidir, çünki Ermənistana qalsa hələ bir il də çəkə bilər. Rusiya səfirliyi Paşinyan hakimiyyətinin tezliklə uzaqlaşdırılmasına çalışır. Bu gün diqqəti daha çox Ukrayna müharibəsində olsa da, Cənubi Qafqazda da maraqlarına uyğun fəaliyyətindən qalmır. Sadəcə, təzyiqini Azərbaycandan istifadə etməklə bizi gücləndirmək niyyətində deyil. Daxildən bir istiqamətdə Paşinyan hakimiyyətinə təzyiq edir, eyni zamanda erməni cəmiyyətinin simpatiyasını qazanmaq istəyir. Biz, Seleznyovlardan hələ çox bu tip bəyanatlar eşidəcəyik. Diqqətimizi öz maraqlarımıza uyğun və zaman itirmədən həyata keçirməyə istiqamətləndirməliyik".

Rasim Əliyev

"AzPolitika.info"

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar