“Rusiya Avropanın ən böyük nüvə stansiyası olan Zaporejye AES-i Ukraynanın elektrik şəbəkəsindən ayırmaq üçün xüsusi plan hazırlayıb. Əgər bu baş versə, nüvə reaktorlarının soyutma sistemi nəzarətdən çıxacaq və qəza qaçılmaz olacaq”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın “Energoatom” şirkətinin rəhbəri Petro Kotin ABŞ-ın “The Guardian” nəşrinə müsahibəsində deyib.
Kotin bildirib ki, rus ordusunun zavodun turbin salonlarına hərbi avtomobillər yerləşdirməsi yanğın riskini qaçılmaz edir: “Bu avtomobillər o qədər çoxdur ki, reaktorlarda hər hansı bir yanğın baş verərsə, yanğınsöndürənlərin hadisəyə müdaxiləsi mümkünsüz olacaq. Zavoddakı mənbələr mənə bildiriblər ki, rus ordusunun bir salonda 14, digərində isə ən azı altı yük maşını var. Bu təkcə Ukrayna üçün deyil, həm də bütün dünya üçün təhlükəlidir. Çünki qəza baş verərsə heç kim havanın necə olacağını və küləyin istiqamətini təxmin edə bilməz”.
Onun sözlərinə görə, stansiyanın qoşulu olduğu elektrik xəttləri tamamilə sıradan çıxıb: “Zavodu Ukraynanın elektrik şəbəkəsi ilə birləşdirən dörd əsas xəttdən üçü müharibə zamanı qırılıb. Ona görə də dərhal bir sistemdən digərinə keçmək böyük risk tələb edir. Bunun üçün əvvəlcə reaktorun fəaliyyəti tam dayandırılmalıdır. Şəbəkə sistemləri arasında keçid edərkən, zavod yalnız dizellə işləyən generatorların ümüdinə qalacaq. Kiçik bir səhv olarsa 90 dəqiqə ərzində reaktorlarda temperatur yeksək həddə çatacaq və partlayış baş verəcək”.
“Mən əminəm ki, zavod üçün bu qədər fədakarlıq edən ukraynalı işçilər AES-in təhlükəsizliyini qorumağa qadirdilər. İstənilən halda, biz ruslara dünyanı nüvə fəlakətinə gətirməyə imkan verməyəcəyik. Stansiyanı tam nəzarətimizə qaytarmaq və həmişə olduğu kimi etibarlı şəkildə işləmək üçün hər şeyi edəcəyik”,-deyə o, bildirib.
Xatırladaq ki, Zaporejye AES rus ordusunun nəzarətində olsa da, zavodun idarəçiliyi ukraynalı mütəxəssilərə həvalə olunub.
Elvin
“AzPolitika.info”


Şərhlər