Ha götür-qoy edirəm ki, naqislikləri qabardan tənqiddən əl çəkib, güldən-çiçəkdən, bu dünyanın zövqü-səfasından, aşiqlərin yar yolundakı cəfasından yazım, alınmır ki, alınmır. Hər şeyi daha yaxşı görmək istəyi, tamlıq, mükəmməllik arzusu məni tərifdən çox tənqidə sürükləyir. Bir zaman ayılıram ki, başladığım yazı tamama yetib və mən yenə tənqid etdiklərimin tənqid hədəfindəyəm. Iş o yürə çatıb ki, bir zamanlar həmrəy olduğum dostlar da mənim tənqidi yazılarımdan bezib. Deyirlər sənin rəvan təbin, şairanə ürəyin, vəsvə layiq qələmin, duyğuları, düşüncələri sərbəst vəzndə dilə gətirmək istyedadın ola-ola nə əl qoymusan sənə düşmən qazandıran tənqidi yazılara.
Qəbələdən Azad adlı bir tələbə dostum var. Qabaqlar tənqidlərə qoşulardı. Vəzifə ilə görəvlənəndən sonra fikrimiz haçalandı. İndi tənqiddən söz salan dostlara deyir, sən gərək kor olasan ki, Azərbaycandakı gözəllikləri görməyəsən. Dostum yazılarımda çəkilən yolları, salınan körpüləri, tikilən imarətləri, sarayları, qazon döşəmli çəmənlikləri qoyub bir tərəfə, davamlı olaraq əsgər ölümündən, intihardan, qiymət qalxımından, qəbir bahalığından, siyasi dələduzluqdan, iqtisadi bicliklərdən söz salmağı mənə irad tutur.
Bəzi dostlarım yazılarımda tərki dünyalığa çağrış olduğunu dilə gətirirlər. Deyirlər ki, sən hər guşəsində oliqarx-məmurların göz qamaşdırıcı villalarının, saraylarının ucaldığı bu gözəl dünyamzı görməzdən gəlib yazırsan ki, “Bu üzündə abır həya qoymadıq, adam gedək dünyanın o üzünə”. Deyirlər sən müxalifətçi yazarsan və gözün hökumətimizin yaxşı işlərini götürmür. İnsafən bu konuda onların iradları ilə barışmamaq çətin. Axı nə qədər tənqiddən yazmaq, nə qədər çatışmamazlıqları dilə gətirmək olar. Əgər düzəlmirsə, nəticə vermirsə, saya salınmırsa nə faydası var kimisə, nəyisə tənqid atəşinə tutmağın.
Tənqid, özünü tənqid açıq cəmiyyətlərin mövzusudur. Madam ki, cəmiyyət açıq, şəffaf deyil, onun qapısı tənqidə yox, tərifə açıqdır, gərək tərif yazasan. Yazasan ki, var olsun maddi dünyamızın maddiyyat əsiri olan eyş-işrət düşgünləri. Yazasan ki, yaşasın Azərbaycanın vəzifə ala bilməyən küskünləri. Yaşasın ağzından süd iyi gələn 31 yaşlı gürcü baş nazirinə göz dağı olan, islahatın yenidən millətimizə bəxş etdiyi 80 yaşlı qoca Artur.
Niyə yazıb qan qaraldaq, şəhid olmuşların gül üzlü sonasından. Niyə yazmayaq yetim Əhmədin əlli qarın doyuzduran qovurmalıq danasından. Niyə yazıb qan qaraldaq torpaqların düşmən əsarətindən. Niyə yazmayaq Tağı müllimin metronu qəzetlərin üzünə bağlması cəsarətindən.
Dostlar deyir ki, axıdılan qandan yazınca, əndamı titrək saqilərin qədəhlərdə daşıdığı qan rəngli şərabdan yaz. Zülmdən yazınca, zülmə düçar olmuşların öz günahından yaz. Yaz ki, əl çatmayan Qarabağ adlı güllü-gülüstanımız var. Yaz ki, meyvəsini yadlar yeyən nə barlı-bəhərli bostanımız var.
Hələ bir Firudin adlı dostum da var. Deyir, niyə yazırsan “müəllim”lərin, “həkim”lərin seçki saxtakarlığından. Yoxsa sənə qalıb yazmaq, insanların haqsızlığa lal-kar olmaqlığından. Biri deyir haqq məgər sənin qələminlə olmalıdır təzahür? Bilmək istəyirsənsə haqqın tərəzisini çoxdan əyib saxtakar “MSK Məzahir”. Biri deyir yazırsan əli baltalı icra başçılarının yaşıllıqları qırmasından, yazmırsan hay-küy salan müxalifətin Avropanı üstümüzə qaldırmasından.
Əhlikeflər var, deyir, başıvı sal aşağı, olma işlərdən hali, “Əhmədi-biqəm”sən kefini çək, burax baş ağrıdan qeylü-qalü. Haqq da deyirlər. Deyirlər niyə yazmırsan çayların bizə qırmızı alma gətirən axışından, Avropanın anoloqsuz siyasətimizə hayıl-mayıl baxışından. Deyirlər bulvarı göz qamaşdıran dənimizimizdən yaz, boyuna kəfən biçdirib zindanlarda çürütdüyümüz müxalifətimizdən yaz.
Gör nə deyir hələ, əvvəli saf, sonradan YAPlaşan dostum, hər tənqid üstə mənimlə gaplaşan dostum. Deyir, səsini tənqidlə salma cahana, çəkdirərəm səni zindanla imtahana. Deyir, görmürsən çəkilən ilhamlı yollar bizi hara aparır, millət adına söylənən nitqlər sanki zəlzələ qoparır. Bizik cənnət qapısı Azərbaycanın ağası, tərifimizi göylərə qaldırıb YAP-ın yorğun düşən Zəlimxan qağası. Qocaman sülaləylə etmə zarafatını tənqid adlı uşaqlığın, bayrağını biz ucaltdıq ölkədə tərif adlı məddahlığın. Mirzəsən, salma meylini zəhləm gedən tənqidə, burası məddahlıq bazarı, yer yox aramızda sən tək münəqqidə.

Şərhlər