Ukrayna parlamentinin sabiq üzvü, Xerson vilayətindən hakim partiyanı təmsil etmiş və işğal zamanı Rusiya ordusunun tərəfinə keçmiş Aleksey Kovalyov Xersonda qətlə yetirilib.
“AzPolitika.info” Ukrayna mətbuatına istinadla xəbər verir ki, bu barədə Xerson hərbi administrasiyasının rəsmisi Sergey Xlan məlumat paylaşıb.
Xəbərdə deyilir ki, Ukrayna məhkəməsinin vətənə xəyanətdə günahlandırdığı və barəsində axtarış elan etdiyi Kovalyov yaşadığı evdə məşuqəsi ilə birgə ölü tapılıb. Deputatın odlu silahdan açılan atəşlə, qadının isə bıçaqla boğazının kəsilməsi nəticəsində öldüyü bildirilir.
Qeyd edək ki, işğaldan öncə Kovalyov Volodimir Zelenskinin hakim partiyasının üzvü olub. Elə həmin partiyanın siyahısı üzrə də deputat seçilib. Müharibənin ilk günlərindən işğalçının tərəfinə keçən Kovalyov dərhal partiyadan çıxarılıb və barəsində cinayət işi qaldırılıb. İyul ayında isə Kovalyov Xersonda qurulan qondarma hökumətin başçısının müavini təyin olunub. Ancaq göründüyü kimi, bu “vəzifə”də bir ay da işləyə bilməyib.
Vətən xaini deputatın qətli ilə bağlı iki versiya var.
Birinci versiyaya görə, onu Xersondakı partizanlar qisas məqsədilə qətlə yetiriblər. Çünki Kovalyov sadəcə, düşmən tərəfə keçməyib, həm də ona hərtərəfli yardım göstərib.
İkinci versiyaya görə isə Kovalyov işğalçılarla satqınlar arasındakı daxili çəkişmələrin qurbanı olub. Belə ki, işğal edilmiş ərazilərdə taxıl və digər kənd təsərüfatı məhsullarının talan edilməsi, satışı, eləcə də müxtəlif biznes strukturlarının ələ keçirilməsi uğrunda qanlı mübarizə gedir. Ehtimal olunur ki, Kovalyovu məhz nəyisə bölüşdürərkən, yəni pula görə qətlə yetiriblər.
“AzPolitika.info”


Şərhlər