"Məhkəmə təcrübəsində Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydaları və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş Qaydaları Konstitusiyadan və Mənzil Məcəlləsindən üstün tutulur".
"AzPolitika.info" xəbər verir ki, bu barədə tanınmış hüquqşünas, Hüquq və İnkişaf İctimai Birliyinin rəhbəri Hafiz Həsənov bildirib.
Ekspert iddiasını təcrübədən konkret misal gətirməklə təsdiqləyir: "Hüquqlarını müdafiə etdiyim Yasəmən Musayevanın əri II Qarabağ müharibəsində şəhid olub. İki azyaşlı uşağı ilə mənzillə ehtiyacı olan bu gənc xanım şəhid ailəsi kimi mənzil uçotuna alınması üçün Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiytinə (İH) müraciət edib. Lakin İH onu mənzil uçotuna almayıb və buna əsas kimi Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”na və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qəraı ilə təsdiq edilmiş “Bakı şəhərində mənzil şəraitnin yaxşılaşdırılmasına ehtiyacı olan vətəndaşların uçotu və bölüşdürülməsi Qaydalarının 7-ci və 8-ci bəndlərini göstərib. Həmin bəndlərin mızmununa görə bu Qaydalar qəbul edilənədək Bakı şəhərində 5 il, bu Qaydaların qəbulundan sonra isə, 7 il daimi qeydiyyatı olan, yaşayan şəxslər Bakı şəhərində mənzil uçotuna alına bilər".

Hüquqşünas bildirib ki, Nərimanov İH-nin bu cavabı qanunsuz hesab edilərək adıçəkilən şəhid ailəsinin mənzil uçotuna alınması öhdəliyinin Bakı Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət edilib: "Lakin Bakı İnzibati Məhkəməsi Nərimanov Rayon İH-nin hərəkətini qanuni hesab edib və haqqında yuxarıda bəhs edilən Sovet dövründə qəbul edilmiş Qaydaları əsas göstərib. Bakı İnzibati Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına verilən apellyasiya şikayəti də eyni səbəbdən təmin edilməyib və qərar qüvvədə saxlanıb. Bu qərardan verilən kassasiya şikayəti də, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən təmin edilməyib və buna əsas kimi yenə də həmin Qaydalar əsas tututlub".

Hafiz Həsənov vurğulayır ki, bu cür hallar artıq kütləvi xarakter daşıyır, nəticədə Bakı şəhərinin digər rayonlarında da adıçəkilən qaydalara uyğun olaraq paytaxtda müvafiq olaraq 5 və ya 7 il qeydiyyatı olmayan şəxslər mənzil uçotuna dura bilmirlər. Bu işlər üzrə məhkəmələr də iddia tələblərini təmin etmirlər və bütün instansiyaları sovet qaydalarına istinad edirlər.
Hüquqşünas hesab edir ki, məhkəmələr tərəfindən adıçəkilən qaydalara istinad edirlərək Bakı şəhərində mənzil uçotuna alınmaq üçün 5 və ya 7 il daimi qeydiyyatda olma tələbi qanunsuzdur və bu cür hallar mənfi xarakterli vahid məhkəmə təcrübəsinin formalaşdırılmasına gətirib çıxara bilər: "Belə ki, Konstitusiyanın Keçid müddəalarının 8-ci bəndinə görə, bu Konstitusiya qəbul edildiyi günədək Azərbaycan Respublikasının ərazisində qüvvədə olan qanunlar və başqa normativ hüquqi aktlar bu Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
Konstitusiyanın 28-ci maddəsində hər kəsin Azərbaycan ərizisində sərbəst hərəkət etməsi və özünə yaşayış yeri seçə bilməsi hüququ nəzərdə tutulub. Həmçinin, Konstitusiyada mənzillə təmin olunma ilə bağlı Azərbaycanın heç bir ərazisində daimi yaşama, qeydiyyat faktına dair birbaşa və ya dolayısı ilə tələb nəzərdə tutulmayıb".
Ekspertin sözlərinə görə, bu müddəalara əsasən belə nəticəyə gəlmək olar ki, Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar və Bakı Şəhər Xalq Deputatları Soveti 4-cü sessiyasının 1988-ci il 8 aprel tarixli qərarı ilə təsdiq edilmiş Qaydalar Konstitusiyaya zidd olduğundan Konstitusiyanın Keçid müdəalarının 8-ci bəndinə uyğun olaraq hüquqi qüvvəsi yoxdur.
"Eyni zamanda Konstitusiyanın 71-ci maddəsinin II hissəsinə görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz", - o əlavə edib.
Mərkəz rəhbəri onu da qeyd edir ki, sözgedən Qaydalar “Noramtiv hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə normativ hüquqi akt deyil, normativ xarakterli aktdır: "Bunlardan başqa “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Qanunun 5-ci maddəsinə görə, qüvvədə olan digər qanunlar və normativ hüquqi aktlar Mənzil Məcəlləsinə uyğunlaşdırılanadək həmin Məcəlləyə zidd olmayan hissədə tətbiq edilir. Mənzil Məcəlləsinin 3.2.-cü maddəsinə görə vətəndaşların yaşamaq üçün sərbəst yaşayış sahəsini seçmək hüququnun məhdudlaşdırılmasına yalnız bu Məcəllə, digər qanun əsasında yol verilir. Mənzil Məcəlləsində isə vətəndaşların mənzil uçotuna götürülməsi üçün ümumiyyətlə daimi yaşama tələbi yoxdur. Məcəllənin 53-cü maddəsində yaşayış sahəsinə ehtiyacı olan vətəndaş qismində uçota almaqdan imtina üçün əsaslarda müvafiq rayonun, şəhərin ərazisində hər hansı müddətdə yaşamama kimi əsas nəzərdə tutulmayıb".
Bütün bunlardan çıxış edən hüquqşünas vurğulayır ki, icra qurumları və məhkəmələr Sovet dövründə qəbul edilmiş Qaydaları Konstitusiyadan və Mənzil Məcəlləsindən üstün tuturlar: “29 noyabr 2019-cu il tarixdə Mülki Məcəlləyə və İnzibati Prosessual Məcəlləyə hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsinə dair yeni normalar daxil edilib. Bu normalar müsbət xarakterli məhkəmə təcrübəsinin vahidliyinin formalaşması məqsədi daşıyır. Lakin indiki halda bu cür işlər bu məqsədlərə zidd olaraq mənfi xarakterli vahid məhkəmə təcrübəsinin formalaşmasına gətirib çıxara bilər".
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər
Hüquqi qüvvəsi olmayan qaydaları üstün tutmaq özbaşınalığın son həddidir. Bu biyabırçılığın qarşısını dərhal almaq lazımdır. Bu vəziyyət birmənalı olaraq konstitusiyanın pozulması deməkdir.
Nə böyük biabırçılıq!Nə əcəb Milli Məclis indiyədək bu məsələni qaldırmayıb?Müdafiə nazirliyində də belə bir qayda höküm sürür ki,Azərbaycan ordusunda 20 ildən az xiudmət stajı olmayanlar pulsuz müalicə ala bilməzlər.Ancaq vətənin dar günündə silaha sarılan,yaralanan zabitlər var ki, onların yaşı çatdığına görə tərxis olunublar.Stajları on il olub.Onlar tərxis olunanda elə ordunun yaranması da on il idi.Ancaq rus ordusunda xidmət edib gələnlər müalicə almaq hüququna malikdirlər.Səfər Əbiyevdən qalan bu səfeh göstəriş hələ də davam edir.