Keçmiş separatçı Dağlıq Qarabağ rejiminin sabiq “müdafiə naziri” Mikael Arzumanyan tutulub.
APA “Hraparak“ nəşrinə istinadən xəbər verir ki, hazırda Araik Arutyunyanın “baş müşaviri” vəzifəsini icra edən Arzumanyan Qarabağdan Ermənistana gedərkən saxlanılıb.
Onun Ermənistan İstintaq Komitəsi Hərbi İdarəsinin göstərişi ilə saxlanıldığı deyilir.
Digər təfərrüatlar hələlik məlum deyil.
Mikael Arzumanyan 1991-1992-ci illərdə Qarabağ müharibəsi zamanı Aşot Qulyanın taborunda könüllü olub. O, Füzuli, Mardakert, Əsgəran, Kəlbəcər uğrunda gedən döyüşlərdə iştirak edib. 1992-1995-ci illərdə Arzumanyan bölük komandirinin müavini, tabor komandiri, alay komandiri olub. 1995-1999-cu illərdə Arzumanyan əlahiddə kəşfiyyat batalyonuna komandirlik edib.
Mikael Arzumanyan 24 iyun 2019-cu ildə oqondarma “DQR müdafiə ordusu” komandanının müavini təyin edilib, bir il sonra isə o, bu vəzifədən azad edilib.
2020-ci il oktyabrın 27-də qondarma “DQR” “prezidenti” Arayik Arutyunyan Arzumanyanı “DQR”-in “müdafiə naziri” - ordu komandanı təyin edib. Onun bu vəzifəyə təyin olunması ikinci Qarabağ müharibəsi zamanı sələfi Cəlal Arutyunyanın yaralanması ilə əlaqədar olub. Bu təyantla bərabər, Arzumanyana “general-leytenant” rütbəsi də verilib.


Şərhlər