“Azadlıq” radiosu xəbər verir ki, jurnalist Mehman Hüseynov noyabrın 10-da əvvəl Səbail Rayon Polis İdarəsində, daha sonra Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib və sərbəst buraxılıb.
Mehman Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun fotomüxbiri, bloqçudur. Noyabrın 10-da o, ATƏT-in konfransında iştirak üçün Tbilisiyə yola düşərkən Bakı aeroportunda saxlanaraq polisə aparılıb. Bu, jurnalistin üzərində olan cinayət işi ilə əlaqələndirilib.
2012-ci il iyunun 6-da Səbail Rayon Polis İdarəsinin istintaq şöbəsində Mehman Hüseynova Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb. O, həmin il mayın 21-də İctimai Palatanın Bakı meriyası qarşısında keçirdiyi razılaşdırılmamış aksiyada polis əməkdaşlarına müqavimət göstərməkdə ittiham olunur. Jurnalist iyunun 12-də tutulub, iyunun 13-də sərbəst buraxılıb və ona tərk etmək qadağası qoyulub.
Mehman Hüseynov Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun rəhbəri Emin Hüseynovun qardaşıdır. Bu il avqustun 8-dən Emin Hüseynovun harada olduğu bilinmir. Həmin ay hüquq mühafizə orqanları RATİ-nin Bakıdakı ofisinin qapılarına möhür vurublar. İndilik institut işini dayandırıb.

Şərhlər