Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevlə yeni dövlət qeydiyyatına alınmış Azad Vətən Partiyasının sədri Akif Nağı arasında görüş keçirilib.
Bu barədə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev partiyanın dövlət qeydiyyatına alınması münasibətilə böyük siyasi və ictimai fəaliyyət təcrübəsinə malik Akif Nağını təbrik edib və partiyaya fəaliyyətində uğurlar arzulayıb.
Görüş zamanı vurğunlanıb ki, son dövrdə legitim siyasi fəaliyyətin göstərilməsi üçün siyasi partiyalara yaradılmış şərait bilavasitə Prezident İlham Əliyevin dövlət siyasətinin demokratik kursunun təzahürüdür. Siyasi partiyaların artan fəallığı və nüfuzu ölkəmizdə yeni siyasi konfiqurasiyanın formalaşdırılması istiqamətində aparılan köklü siyasi islahatların nəticəsidir. Administrasiya rəsmisi tərəfindən xüsusi vurğulayıb ki, siyasi partiyaların inkişafına dövlət tərəfindən göstərilən dəstək, eyni zamanda, ölkədə dialoq mühitinin inkişafı siyasətinin davamı kimi qəbul olunmalıdır.
Siyasi münasibətlər müstəvisində demokratik və sağlam əməkdaşlığın qurulması nəticəsində son iki ildə Azad Vətən Partiyası da daxil olmaqla, 11 siyasi partiyanın dövlət qeydiyyatına alınması, siyasi partiyaların maddi-texniki bazasının möhkəmləndirilməsi, o cümlədən ofislə təmin edilməsi, partiyaların qurultaylarının keçirilməsi və təsis sənədlərində edilmiş dəyişikliklərin dövlət qeydiyyatına alınması, habelə dövlətin bir sıra bu kimi digər demokratik təşəbbüsləri nəticəsində siyasi partiyalar ölkənin siyasi sisteminin nüfuzlu təsisatına çevriliblər.
Qeyd edilib ki, cəmiyyətin inkişafı naminə iqtidar-müxalifət münasibətlərinin konstruktiv əməkdaşlıq formatına transformasiyası prosesində siyasi partiyalar qabaqcıl mövqedən çıxış etməlidirlər. Siyasi partiyaların cəmiyyətin siyasi həyatında vacib rol oynadığını vurğulayan Administrasiya rəsmisi bildirib ki, işğaldan azad edilmiş ərazilərdə Ermənistanın insanlıq əleyhinə törətdiyi cinayətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması üçün siyasi partiyalar öz beynəlxalq əlaqələrindən geniş istifadə etməlidir.
Görüş zamanı ölkəmizdə həmrəylik mühitinin qorunmasında siyasi partiyaların müstəsna rolunu qeyd edən Ədalət Vəliyev xatırladıb ki, Vətən müharibəsi dövründə əldə edilmiş siyasi həmrəylik, siyasi partiyaların Ali Baş Komandan, Prezident İlham Əliyevin yanında olması, bununla bağlı birgə bəyanat və müraciətlərin imzalanması iqtidar-müxalifət dialoqunun və ümummilli birliyinin təcəssümü idi.
Radikal siyasi meylilərin dövlətçiliyə və milli maraqlara təhdid kimi qiymətləndirilməsinin vacibliyini qeyd edən Administrasiyanın şöbə müdiri bildirib ki, sağlam və konstruktiv siyasi partiyalar daim dağıdıcı tendensiyalara qarşı çıxış etməli və antimilli təzahürləri sərt tənqid etməlidir.
Azad Vətən Partiyasının sədri Akif Nağı görüş üçün təşəkkürünü bildirib və ölkədə aparılan siyasi islahatları yüksək qiymətləndirib. Siyasi partiyaların fəaliyyəti üçün bütün imkanların dövlət tərəfindən təmin edildiyini diqqətə çatdıran partiya sədri siyasi fəaliyyətində dövlətin təməl prinsiplərini əsas tutacağını söyləyib. Yeni yaradılmış partiyanın sədri A.Nağı, həmçinin diqqətə çatdırıb ki, ümummilli konsensus və cəmiyyətin inkişafı naminə ölkədə sağlam siyasi mühitin qorunması rəhbərlik etdiyi partiyanın mütləq prioritetlərindən olacaq.
Xatırladaq ki, Azad Vətən Partiyasına dövlət qeydiyyatı haqqında şəhadətnamə bu il sentyabrın 6-da təqdim olunub.


Şərhlər
Sağlam partiya olur?Hamısı iqtidarın düzüb-qoşduğu oyunçulardır.Bəziləri də iqtidara yarınmaqla ölkəyə gətirilən malların gömrükdə dəllallığını yapır,yaxşı pul qazanır.Kimisi də ,Nemət Pənahlının vaxtı ilə univermaq kralı Ərəstun Orucovdan aldığı aylıqlar kimi ,maliyyə problemləri şirkət rəhbərlərinə təhkim edilir.Necə ki Mir Şahin İman Quliyevdən (Ukrayna və Azərbaycan milyarderi) istədiyi qədər pul qoparır,onlar da elə.
İqtidarın iqtidar partiyaları ilə görüşü yazsanız daha məntiqli olar
Xaricdə söyüş yağdiranlar sizin muxalifəti radikallara , sağlam və sair deyə quruplara bölməniz səbəbindədir.Xalq kimin yamaq muxalifət ,kimin əsl müxalifət, kimin də şəxsi iddia muxalifəti olduğunu yaxşı bilir.Müxalifəti quruplara ayırmayı palament kürsüsü verin qoy ordan danışsınlar.Millət də bilsin ki mənim dərdimi deyən parlamentədi ona qulaq assın.Gedib xaricdə milli kimliyimizə ləkə vuran, ağzıbaşına söyüş ritorikası ilə danışan şərəfsiz və ləyaqətsizlərə qulaq assmasınl millət...