"Ermənilər hələ də Rusiyanın əlində alət olaraq qalır. İstənilən an sərhəddə və Qarabağda erməni tərəfinin əli ilə provokasiyalar törətmək Rusiya üçün çox asan işdir".
"AzPolitika.info" xəbər verir ki, bunu axşam saatlarında cəbhədə baş verən hərbi qarşıdurmanı şərh edən siyasi təhlilçi Şahin Cəfərli bildirib.
Ekspert hesab edir ki, sərhəddəki toqquşma Rusiyanın marağına uyğundur: "Məlum olduğu kimi, ötən müddətdə bir neçə dəfə bizim əks zərbələrimizə əngəl olmayıblar. Aydındır ki, Rusiya Azərbaycanın vəziyyəti strateji baxımdan dəyişəcək addımlarına, məsələn, Qarabağın tam nəzarətə götürülməsi və bu məsələnin bitirilməsinə imkan vermək istəməyəcək".
Təhlilçiyə görə, ermənilərin provokativ davranışları və bizim buna cavablarımız konflikt situasiyasının davam etməsini, konfliktin davam etməsi isə Rusiyanın bölgədə qalmasını şərtləndirir. Çünki belə bir vəziyyətdə: "Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması və hər iki tərəfin belini bükmüş bu uzunmüddətli düşmənçiliyə son qoyulması mümkün olmur, yaralar qaysaq bağlamır və qanamağa davam edir, Avropa Birliyinin vasitəçiliyi də iflasa uğrayır;
Qarabağda Rusiya hərbi kontingentinin sülhməramlı adı ilə mövcudiyyəti legitimlik qazanır və onların yaxın gələcəkdə oranı tərk etməsi ehtimalı aradan qalxır;
Bütün dünyaya göstərirlər ki, ermənilər və azərbaycanlılar bir-birini qırmağa davam edir və heç cür anlaşa bilmirlər. Qərb qorxuya düşür və fikirləşir ki, Rusiya olmasa, Azərbaycanla Türkiyə Ermənistan dövlətini və Qarabağdakı erməniləri məhv edə bilər, Qarabağda azərbaycanlılar və ermənilərin birgəyaşayışı imkansızdır, ona görə də Rusiya elə orda qalsa yaxşıdır, sonrasına baxarıq..."
Ş.Cəfərli hesab edir ki, Rusiya imperiyasının bu siyasəti siyasəti hələ də effektivdir: “Ermənilərlə biz vuruşa-vuruşa qapalı dairənin içində vurnuxmağa davam edirik. Və bunun sonu hələ ki görünmür..."
Rasim
"AzPolitika.info"


Şərhlər