Menu

“Ermənistan sülhə məcbur edilməlidir” - ”Sərhəd yaxınlığında təhlükəsiz zona yaradılmalıdır”

13.09.2022, 14:17
“Ermənistan sülhə məcbur edilməlidir” - ”Sərhəd yaxınlığında təhlükəsiz zona yaradılmalıdır”

Tural İsmayılov: "Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz”

“Ermənistan regionda gərginlik yaratmaqla Cənubi Qafqazda vəziyyəti öz maraqlarına uyğun təhrif etməyə çalışır. Artıq 10 gündən çoxdur ki, hər gün Ermənistan tərəfindən müxtəlif formada Laçın, Kəlbəcər və digər istiqamətlərdə təxribatlar törədilirdi. Azərbaycan regionda sülhün təmin olunmağında maraqlı olduğunu dəfələrlə vurğulayıb. Buna baxmayaraq Ermənistan üzərinə götürdüyü öhdəliklərə sadiqlik nümayiş etdirmir. Cənubi Qafqazın bu situasiyada olmağında günahkar Ermənsitandır”.

Bunları “AzPolitika.info”-ya açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin (STM) baş məsləhətçisi, politoloq Tural İsmayılov söyləyib.

Politoloq qeyd edib ki, on bir ay ərzində Ermənistan silahlı qüvvələrinin dövlət sərhədinin Laçın və Kəlbəcər rayonları istiqamətində təxribatları, Azərbaycan Ordusunun həmin rayonların ərazisindəki mövqelərinin müxtəlif çaplı silahlardan atəşə tutulması halları intensiv və sistematik xarakter daşıyırdı: “Təəssüf ki, bu müddət ərzində Ermənistana qarşı beynəlxalq birlik tərəfindən heç bir xəbərdarlıq edilmədi. Təxribatlara görə Ermənistan rəhbərliyinə qlobal məkandan hansısa çağırışların şahidi olmadıq. Nəticədə, Ermənistan təxribatları daha da qüvvətləndi. Cənab Prezidentin vurğuladığı kimi, Azərbaycanın Dəmir Yumruğu yerindədir. Ermənistan və havadarlarının istənilən təxribatları hər an layiq olduğu cavabla qarşılaşır”.

"Bizi narahat edən məqamlardan biri də odur ki, Ermənistanın yüksək çinli rəsmi şəxslərinin verdikləri açıqlamalara baxmayaraq, Ermənistan silahlı qüvvələrinin şəxsi heyətinin və hərbi texnikasının Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində mövcudluğu və qanunsuz erməni hərbi birləşmələri ilə birgə fəaliyyəti davam edir. Bütün bu olanlar bölgədə stabilliyi təhdid edən əsas faktorlardır. Azərbaycan sərhədinin yaxınlığında təhlükəsiz zona yaradılmalıdır. Əks təqdirdə Ermənistanın təxribatları davam edəcək. Eyni zamanda Ermənistan sülhə məcbur edilməlidir. Ermənistanda revanşizmin baş qaldırmasına imkan vermək olmaz. Revanşizm bütün regiona siyasi təhlükələr yaradır”,- deyə politoloq bildirib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol