“Kapitulyasiya sözünün mənasını bilməyən adamlar siyasətlə məşğul olmamalıdır. Kapitulyasiya münaqişə tərəflərindən məğlub olanın qalib tərəfin şərtlərini qəbul etməsi şərti ilə müharibənin dayandırılmasıdır”.
Bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyev son günlər bəzi müxalif siyasətçilərin və sosial şəbəkə istifadəçilərinin iqtidara “bəs deyirdiniz münaqişə bitib, Ermənistan kapitulyasiya edib”, yaxud “heç nəyə nail olmadan 50 şəhid vermişik, Rusiyanın oyunlarında iştirak edirik” tipli qınaqlarına münasibət bildirərkən deyib.
Partiya sədrinin fikrincə, 10 noyabr 2020-ci ildə Ermənistan Azərbaycanın şərtlərini qəbul edib, atəşkəs haqqında sazişə imza atdığından həmin sənədi kapitulyasiya aktı da adlandırmaq olar. “Belə bir sənədin imzalanması ilə münaqişə bitmiş hesab olunur. Ona görə də Azərbaycan münaqişənin bitmiş elan etdi. Məhz bu səbəbdən, atəşkəs haqqında saziş imzalanandan sonra Rusiya Prezidenti Vladimir Putin də kameralar qarşısında Rusiya rəsmi şəxslərinə göstəriş verdi ki, bundan sonra münaqişə sözünü işlətməyin. Amma Ermənistan həm də bölgənin sabitliyində maraqlı olmayan kənar güclərin təsiri ilə sazişin şərtlərini yerinə yetirməkdən yayınmağa, münaqişənin davam etməsinə dair beynəlxalq ictimaiyyətdə fikir formalaşdırmağa çalışır, sülh sazişi imzalamaqdan boyun qaçırır. Bu işdə sapı bizdən olan bəzi elementlər də iştirak edir”.
Q.Həsənquliyev deyir ki, Azərbaycan hərbçiləri gələcək nəsillər naminə Ermənistanı sülhə məcbur etmək, torpaqlarımızı azad etmək üçün həyatlarını qurban verirlər. “Birinci Qarabağ savaşında 11 min 557 şəhid verdik, amma 20% torpağımız işğal olundu. Onda deməliyik ki, heç nəyə nail olmadıq, amma bu qədər şəhid verdik. İqtidara nifrət və xarici asılılıq bu adamları rəzil edib. 13-14 sentyabrda Azərbaycan ordusu təxribatlara cavab verib və əks-hücumla demarkasiya olunmamış sərhəddə bir neçə strateji yüksəkliyi ələ keçirib, sərhədə qüvvə toplayan erməni hərbi birləşmələrinə ağır zərbə endirib. Bunlar uğur deyil, bəs nədir? Azərbaycan Ermənistanı bir daha başa saldı ki, təxribatlara son qoymalı, Azərbaycanın ərazi bütövlüyünü tanımaqla sülh sazişi imzalamalı, 10 noyabr sazişinin bütün şərtlərini yerini yetirməli, Zəngəzur dəhlizinin açılmasına mane olmamalıdır”.
Rusiyanın oyunlarında iştirak ittihamlarına gəldikdə isə, Q.Həsənquliyev hesab edir ki, bu haqda danışılanlar cəfəngiyatdır: “Mərhum Prezident Heydər Əliyev Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü olduğundan və Gəncədə baş vermiş hərbi qiyam nəticəsində hakimiyyətə gəldiyindən onu Rusiyanın maraqlarına xidmət edən şəxs kimi təqdim etmək istəyirlər. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları, Milli Şuranın sədri Əlimərdan bəy Topçubaşov və Baş nazir Fətəli xan Xoyski də Rusiya Dövlət Dumasının üzvləri olmuşdular. Məgər buna görə onların vətənpərvərliyini şübhə altına almaq olar? Yaxud necə ola bilər ki, Rusiyaya xidmət edən şəxsi mərhum Prezident Elçibəy bu gün bu cür ittihamlarla çıxış edənlərin də razılığı ilə hakimiyyətə dəvət etsin? Heydər Əliyev Rusiyanın adamı kimi hakimiyyətə gətirilmişdisə, necə oldu ki, onun devrilməsi üçün Azərbaycanın daha 5 rayonu işğal olundu, Azərbaycanda yeni qiyamlar təşkil edildi? Həmin vaxt Rusiyanın Prezidenti olan gorbagor Yeltsin öz xatirələrində yazırdı ki, Heydər Əliyevin Siyasi Bürodan uzaqlaşdırılması üçün o, əli dinc insanların qanına batmış, bu günlərdə cəhənnəmə vasil olmuş Qorbaçova təzyiq edib. Hər zaman hər kəsi tənqid etmək olar, amma Azərbaycanın dirçəlməsində və müstəqilliyinin təmin olunmasında müstəsna rol oynamış transmilli korporasiyalarla neft kontraktlarını və neft-qaz kəmərlərini Heydər və İlham Əliyevlər imzalayıb, icrasını təmin etməyiblərmi? Bəs Türkiyə və Azərbaycan Silahlı Qüvvələrini faktiki birləşdirən Şuşa Bəyannaməsini kim imzalayıb? Bu barədə xarici ekspertlərin şərhlərini, sözsüz ki, kin-küdurətdən kor olmuşlar oxuya bilməzlər”.
Partiya sədri qeyd edib ki, Azərbaycanda həllini gözləyən problemlər var. Buna görə iqtidarı tənqid etmək, alternativlər təqdim etmək lazımdır, amma iqtidarı gözdən salmaq üçün rəqibinə böhtan atmaq, öz dövlətinə qarşı çıxmaq murdarlıqdı.
“AzPolitika”


Şərhlər
.......... fikirlesh ve seslendirdiyin ifadelere nezaret et, qirmizi xetti kechme .
Xaricdən rusdan kim asılıdır göz qabağındadır. xalq indi bilir kim kimdir. Ancaq son olacaq bir gün. Sonsuz heç nə yoxdur. ...