Menu

Rusiya-Qərb gizli danışıqlarında Azərbaycan məsələsi müzakirə olunur? – “Avropa yeni müharibənin qəti əleyhinədir”

15.09.2022, 15:55
Rusiya-Qərb gizli danışıqlarında Azərbaycan məsələsi müzakirə olunur? – “Avropa yeni müharibənin qəti əleyhinədir”

"Ukrayna və Rusiya qaynaqları Rusiya hakimiyyətindəki qruplaşmalardan birinin Ukraynadakı müharibəyə son qoymaq üçün Vaşinqtonda gizli danışıqlar apardığını iddia edirlər. İddiaya görə, Rusiya təmsilçisi Krım istisna olmaqla işğal etdiyi Ukrayna torpaqlarını azad etməyə hazır olduqlarını bildirib. Eyni zamanda Ukrayna, Moldova və Gürcüstanın Avroatlantik strukturlara inteqrasiyasına qarşı çıxmayacaqlarını da vəd ediblər. Bunun müqabilində Kırımın Rusiya ərazisi kimi tanınmasını, Rusiyanın daxili siyasətinə müdaxilə edilməməsini, Belarus, Azərbaycan və Ermənistanın Moskvanın təsir dairəsi kimi qalmasını istəyiblər".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri politoloq Xəqani Cəfərli regionda baş verən hadisələri şərh edərkən bildirib. Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski və Xarici İşlər naziri Dmitri Kulebanın ABŞ Dövlət katibi Entoni Blinkenin Kiyevə səfərindən dərhal sonra Rusiya ilə danışıqlar təklifini sərt tənqid etmələri, Moskva ilə danışıqların ancaq Ukraynanın ərazi bütövlüyünün tam bərpa edilməsindən sonra mümkün olacağını əsas şərt kimi irəli sürmələri Moskva ilə Vaşinqton arasında gizli danışıqların getdiyi qənaətini gücləndirir: "Rusiya tərəfi Moskvanın vəziyyətinin ağır olduğunu gözəl anlayır və buna görə təklifinin asanlıqla qəbul olunmayacağını bilir. Təklifinin Qərb tərəfindən qəbul olunması üçün “inandırıcı dəlil”lərə ehtiyacı var. Rusiyasız Cənubi Qafqazda sülhün əldə olunmayacağı hazırda Moskvanın əlindəki yeganə ən güclü dəlildir".

Ekspert xatırladır ki, Azərbaycan Ermənistan sərhəddində qəfil alovlanan münaqişə Moskvanın müdaxiləsindən sonra söndü. "Rusiya Federasiya Şurasının Beynəlxalq Komitəsinin rəhbəri Qriqori Karasin bildirib ki, Rusiyanın, o cümlədən Prezident Putinin səyləri nəticəsində İrəvanla Bakı arasında atəşkəs əldə olunub. Ancaq Karasin atəşkəsinin əldə olunmasına baxmayaraq qarşıda “çox iş”in də olduğunu bildirib. 2005-2019-cu illərdə Rusiya Xarici İşlər nazirinin müavini olmuş peşəkar diplomat Qriqori Karasinin bu açıqlaması postsovet məkanın təsir dairələrinə bölüşdürülməsi ilə bağlı Moskvanın təklifini gücləndirməyə xidmət edir. Rusiyanın bu manevrinin müəyyən uğur qazana biləcəyini istisna etmək olmaz",- X.Cəfərli vurğulayıb.

Politoloq Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzanın Təhlükəsizlik Şurasının sentyabrın 14-də keçirilən iclasından sonra mətbuata açıqlamasına diqqət çəkir. “O dedi ki “biz Rusiyanın həm fərdi, həm də KTMT vasitəsilə vəziyyəti normallaşdırmaq və atəşkəsə nail olmaq üçün göstərdiyi səylərdən danışdıq. Tərəfdaşlar bu məlumatı paylaşdığımıza və atəşkəsin bərpa olunmasına imkan verən səylərimizə görə təşəkkür etdilər”.

Ekspert vurğulayır ki, Ukraynadakı müharibədən yorulmuş Qərb, xüsusilə də Avropa Cənubi Qafqazda yeni müharibənin qəti əleyhinədir. "Rusiya da çox ustalıqla bundan istifadə edir", - politoloq fikirlərinə əlavə edib.

Rasim

"AzPolitika.info"

Şərhlər

Türk Turan 2022-09-16 00:45:21

Əslində isə, "amerika da çox ustalıqla bundan istifadə edir" demək lazımdır. Rusiya Amerikanın maşasıdır. Bunu beş yaşlı uşaq da bilir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol