"ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı sanksiyalara tam əməl etməsi üçün Türkiyə üzərinə təzyiqlərini artırırlar".
"AzPolitika.info" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti yazıb. Qəzetin mənbələri bildiriblər ki, Vaşinqton Rusiyanın "Mir" ödəniş sistemi ilə işləyən Türkiyə banklarına diqqət yetirmək niyyətindədir.
Brüssel isə Türkiyə rəsmiləri bu sahədəki narahatlıqları barədə birbaşa danışmağı planlaşdırır. Bu məqsədlə Ankaraya nümayəndə heyəti göndəriləcək: “Prezident Ərdoğan avqust ayında verdiyi açıqlamada, Türkiyənin 5 bankının Rusiyanın "Mir" kartı üzərində işləməyə davam etdiyini söylədi. Bu, Rusiyadan gələn turistlər üçün çox rahat prosesdir. Onlarla alış-veriş və otel ödənişlərini edə bilərlər. Təbii ki, bu, həm onlar, həm də bizim üçün çox, çox rahatlaşdırıcı sistemdir”, - məqalədə qeyd olunur.
Bundan əvvəl Rusiya "Mir" kartlarının Türkiyədə lazımınca işləyə bilməməsindən turizm operatorları şikayətlənmişdilər. Onların sözlərinə görə, bəzi banklar özlərinin də sanksiya olunacaqlarından çəkinərək "Mir" ödəniş sistemi ilə işləməkdən imtina ediblər.
Rusiya milli ödəniş kartları sisteminin baş direktoru Vladimir Komlev TASS xəbər agentliyinə deyib ki, "Mir" kartlarına Türkiyədə əvvəllər olduğu kimi hazırda da bank xidmətləri göstərilir. Lakin Komlev etiraf edib ki, Türkiyənin bir sıra maliyyə təsissatları sanksiya altında olan Rusiya banklarının kartlarını qəbul etmir.
“Financial Times”ın araşdırmasında “Mir” ödəniş sistemini emal edə biləcək beş bankın "Vakıfbank", "Ziraat Bank", "İş Bankı", "DenizBank" və "Halkbank" olduğu bildirilir.
Ukrayna Mərkəzi Bankının prezidenti Kirilo Şevçenko isə Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkiyə və Vyetnamın Rusiyanın “Mir” ödəniş sistemini bloklamaq istədiyini bildirib.
Rasim
"AzPolitika.info"


Şərhlər