Menu

Avropa Məhkəməsi hökumətə İntiqam Əliyevlə bağlı sorğu göndərib

11.11.2014, 10:48
Avropa Məhkəməsi hökumətə İntiqam Əliyevlə bağlı sorğu göndərib

Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycan hökumətinə məhbus hüquq müdafiəçisi İntiqam Əliyevlə bağlı sorğu göndərib.

“Azadlıq” radiosunun 11 noyabr məlumatına görə, vəkil Cavad Cavadov “Feysbuk” səhifəsində yazıb ki, İntiqam Əliyevin səhhəti yaxşı deyil, onun həkim nəzarətinə götürülməsi işə yaramır:

“Müraciətlərimizə cavab verilmir, müayinənin nəticələrini, rentgen fotolarını həkimlərə göstərmək üçün ala bilmirik. Belə vəziyyətdə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etməyimiz zəruri idi. Müraciətə cavab almışam. Hökumətə noyabrın 17-dək cavablandırılması üçün suallar ünvanlanıb. Lakin mən öz hökumətimizdən İntiqam Əliyev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsini xahiş edirəm”.

52 yaşlı İntiqam Əliyev Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, vəkildir. O, avqustun 8-dən həbsdədir, vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və qanunsuz sahibkarlıqda təqsirləndirilir.

İntiqam Əliyevin səhhəti oktyabrın 24-də kəskinləşib, o, Milli Onkoloji Mərkəzə aparılıb. Müayinədən sonra məlum olub ki, onun boyun nahiyəsində duzlaşma, belində isə yırtıq var.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol