SALAM, ŞƏHİDİM

Nurəddin İSMAYIL

Salam, qanından qara torpağım, ruhundan mavi göyüm süslənən şəhidim.

Salam, ucalıqlardan bizə səslənən şəhidim. Hansı sözlə, hansı dillə vəsf eyləyim səni, şəhidim.

Payızdı, üşüyürsən, anamın dilindən qopan hansı duaya bələyim səni, şəhidim.

Baş qoyduğun hər qaya daşında izin qalıb, şəhadətinə heyran qalan ürəklərdə, sənin söhbətin, sözün qalıb. Söylə, oxşayırmı ruhunu laylalar, ağılar, xəbərin olsun, səndən danışır, sənin döyüş hünərindən vəsvəsə keçirən yağılar. Əhsən ruhuna, əhsən kamalına, əhsən vətən eşqinə, sənin vətən amalına.

Vətəni vətən eyləyən nə torpaq, nə daşdır, ölümünü düşünmədən, uğrunda qurban verdiyin başdır. Salam, bu yaşda, başda duran başın yiyəsi, salam, o qanlı döyüşlərdə köksünə sipər etdiyin daşın yiyəsi.

Minalar döşənmiş, keçilməz sədlər qurulmuş o yolları, dağları necə aşdın, şəhidim. Ölümlə pəncələşib o başı dumanlı Şuşaya necə ulaşdın, şəhidim.

Çiynində yaralı qardaşın, könül sirdaşın, yorulmadan, durmadan yürüdün, düşmən səngərini yandırıcı atəşə, alova bürüdün. Sənin silah tutan, zirvələrə bayraq daşıyan əlinə qurban, ölümlə üz üzə son nəfəsdə, “vətən sağ olsun” deyən dilinə qurban.

Yol açdın, qəribsəyən uca dağlarıma, yol açdın, bir zamanlar barlı, bəhərli, gülü solmuş bağlarıma.

Pərən-pərən olmuşduq, içimizdən dağılmışdıq, bütövləşdirdin, bir etdin bizi, şəhidim, şəhadətinlə yenidən hürr etdin bizi, şəhidim.

Qanından vətən torpağına lalər səpdin, o lalələr üzünə göz nurundan aydın sabahları müjdələyən jalələr səpdin.

Yaylım atəşinlə bağrını yardın, üzümüzə açılmayan qara gecələrin, nadanlar nə bilsin, yolu hansı səmtə, hara, gecələrin. Yuxusuz, üşüntülü gecələrindən doğdu nurlu səhərimiz, başımız üstə halə salan ölməz ruhundur, bəhərimiz.

Sənə borcludur, hər can, hər doğulan vətən övladı, sən diz çökdürdün, qəsdimizə duran, quduzlaşmış cəlladı. Qarşında baş əydi, arxalı köpək, qurd basanlar, üstümüzə hürürkən, əzmini, qüdrətini görcək, kiriyib, susanlar. Ali bir əmrlə səfərbər oldun, dəli sellər kimi axıb, düşmən səngərinə doldun. Mifini dağıtdın soysuz millətin, kökünü kəsdin yurdunda yaşanan zülm, zillətin. Can bədəli ödədin vətən naminə, dastanlar bağlandı sənin şanına.

Salam, general, zabit, əsgər şəhidim, salam, qanlı döyüşlərdən üzü ağ çıxan müzəffər şəhidim.

Göz yaşını gizlədən məğrur atana, içi sızıldayan sinə dağlı anana, yaxınına, uzağına, salam olsun, şəhidim.

Ruhun şad, qəbrin nurla dolsun şəhidim. Rahat uyu, orada, o ucalıqlarda səni sevənlər var, öndə sənsən, bu vətən eşqiylə ardınca gələnlər var.

635x100

Şərhlər

Türk Turan 2022-09-19 00:37:43

Allah Azzə və Cəllə bütün şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun, qazilərimizə şəfa, bütün Azərbaycan xalqına səbr versin.

Son yazılar