"Heç bir beynəlxalq təşkilat Ermənistanın törətdiyi mədəni soyqırımına reaksiya verməyib" - Rəvan Həsənov

"Təəssüf ki, Ermənistanın Azərbaycana qarşı törətdiyi mədəni soyqırımına heç bir beynəlxalq təşkilat reaksiya verməyib. Bu cür hallar, əlbəttə, regionda dayanıqlı sülhə və birgəyaşayışa zərbə vurur".

Bu sözləri Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Milli və ya etnik, dini və linqvistik azlıqlara məxsus şəxslərin hüquqları üzrə Bəyannamənin 30 illiyinə həsr edilən tədbirdə deyib.

BMT Baş Assambleyasının 77-ci sessiyası çərçivəsində keçirilən tədbirdə çıxış edən R.Həsənov məruzəsində vurğulayıb ki, Azərbaycanda multikulturalizmin dövlət siyasəti səviyyəsində həyata keçirilməsinə baxmayaraq ölkəmizin mədəni irsinə qarşı son 30 ildə Ermənistan tərəfindən məqsədli şəkildə vandalizm aktı törədilib, Azərbaycanın işğaldan azad edilən ərazilərində tarixi-dini abidələr, ibadətgahlar tamamilə dağıdılıb və məhv edilib.

Məruzədə Azərbaycanda əsrlər boyu formalaşan və bu gün də davam edən tolerantlıq mühiti, dövlətimizin əsas istiqamətlərindən biri olan multikulturalizm siyasəti, milli və dini qrupların fəaliyyətlərinə yaradılan şərait və dövlət tərəfindən onlara göstərilən qayğı barədə müfəssəl məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda ölkə başçısının fərmanı ilə 2014-cü ildə yaradılan Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi dövlət orqanı kimi azsaylı xalqların mədəniyyətinin, dilinin, inanclarının qorunması istiqamətində çox mühüm səmərəli layihələr həyata keçirib və keçirməkdə davam edir. Mərkəz dünyada nadir olan təşkilatlardandır və tolerantlıq, mədəniyyətlərarası dialoq və dinlərarası dialoqun qlobal səviyyədə təşviqinə öz töhfəsini verməkdədir.

Qeyd edək ki, dünyanın müxtəlif elmi dairələrində, nüfuzlu beynəlxalq təşkilatlarda ölkəmizdə müxtəlif xalqların və konfessiyaların sülh və əmin-amanlıq şəraitində birgə yaşamasına, Azərbaycan multikulturalizminin örnək model kimi öyrənilməsinə və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinə maraq gündən-günə artır.



635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar