PUTİN RUS MİLLƏTÇİLƏRİNİ QƏZƏBLƏNDİRİB – Qirkin və Kadırov nəyə etiraz edirlər?

“Rusiya hakimiyyəti geniş miqyaslı əsir mübadiləsini səfərbərliyin elan edilməsilə eyni günə ona görə saldı ki, əsir mübadiləsinin əhəmiyyətini azaltsın”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Müharibə Təhqiqat İnstitutu(ISW) özünün son hesabatında bildirib.

İnstitutun hesabatında qeyd olunur ki, bütün Rusiya Federasiyası ərazisində səfərbərliklə bağlı Kremlin sərt mövqeyi böyük narazılıqla qarşılanır və hər kəs bilir ki, bunun adı “qismən səfərbərlik” olsa da, əslində demək olar, ümumi səfərbərlikdir.

Bununla yanaşı, ISW bildirir ki, “Azov” komandirlərinin də daxil olduğu əsir mübadiləsinin səfərbərliklə eyni günə salınması, bu hadisənin əhəmiyyətini kiçiltmək və millətçi, şovinist kəsimin fikrini yayındırmaq məqsədi daşıyıb. Belə ki, radikal millətçilər və şovinistlər, eləcə də hakimiyyətdəki “şahinlər” xüsusilə də “Azov” döyüşçülərinin Putinin yaxın adamı, milyarder Viktor Medvedçukla dəyişdirilməsinin, ümumiyyətlə, bu döyüşçülərin indiyə qədər sağ qalmasının əleyhinədirlər. Ona görə də bəzi millətçi blogerlər Kremlə “Putin denasifikasiyadan vaz keçdi?” deyə sual verirlər. Çünki onların gözündə məhz “Azov” döyüşçüləri az qala “Ukrayna millətçiliyinin, faşizminin simvolları” hesab edilirdi. Elə Kremlin rəsmi təbliğat maşını da onlara eyni münasibəti göstərirdi. Lakin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçiliyi ilə baş tutan böyük miqyaslı əsir mübadiləsindən sonra Kreml təbliğatçıları və millətçilər bir növ “əyani vəsaitlər”ini itirmiş oldular. Onların narazılıqları həm də bundan irəli gəlir…

Maraqlıdır ki, minlərlə çeçeni vaxtilə Mariupola göndərən və onların bir qismini itirən Çeçenistan rəhbəri Ramzan Kadırov da “Azov” döyüşçülərinin və komandirlərinin Ukraynaya təhvil verilməsinə sərt reaksiya göstərib. Bununla bağlı paylaşımında Kadırov yazıb ki, əsir mübadiləsi Ukraynanın şərtləri daxilində baş tutub və bu, yolverilməzdir. Çünki onun döyüşçüləri “Azovstal” uğrunda döyüşlərdə həlak olublar, yaralanıblar, kontuziya alıblar: “Hətta bircə “Azov” terrorçusunun belə təhvil verilməsi yolverilməzdir. Ona görə də təsadüfi deyil ki, Mariupolda döyüşmüş və indi də ön cəbhədə olan döyüşçülərimiz nəticə çıxarırlar - əsir götürməmək”.

Yeri gəlmişkən, Kadırov Kremlin səfərbərlik qərarının Çeçenistanda yerinə yetirilməyəcəyini bildirib və bunu onunla əsaslandırıb ki, “Çeçenistan artıq planı artıqlaması ilə doldurub”. Lakin söhbətin hansı plandan getdiyini açıqlamayıb…

Nəhayət, Putinin əsir mübadiləsi və səfərbərlik qərarına demək olar, ən sərt və açıq münasibəti Donbasdakı separatçılığın təməlini qoyanlardan biri, “dnr”-in sabiq müdafiə naziri, məşhur FTX polkovniki İqor Strelkov(Qirkin) bildirib. Bununla bağlı şərhində Strelkov yazıb ki, əsir mübadiləsinin səfərbərlik elanı ilə eyni günə salınması rusları alçaltmaqdır. Onun fikrincə, Ukrayna tərəfində döyüşən əcnəbi vətəndaşların və xüsusilə də “Azov” döyüşçülərinin və komandirlərinin təhvil verilməsi cinayətdən də betər addımdır: “Bu, cinayətdən və səhvdən də pisdir. Bu, keçilə bilməyəcək axmaqlıqdır! Ya da açıq təxribatdır. Görünür, bunu prezidentin səfərbərlik elanından iki gün əvvəl etmək olmazdı. “Bəli, “azovçuları” da dəyişdik”. Bilirsiniz, bu necə görünür? Bax, belə - xalqın qarşısına çıxdılar, onu rus torpağı uğrunda ayağa qalxmağa çağırdılar və sonra… Sonra isə bu çağırışa cavab verənlərin başlarına batırdılar – açıq şəkildə, gülərək və istehza ilə! Şəxsən mən səfərbərlik günündə bu cür sülhməramlılığı qəbul edə bilmərəm!”

Göründüyü kimi, Putin səfərbərlik elanı, əsir mübadiləsi və digər qərarlarından sonra olduqca çətin duruma düşüb. Bir tərəfdən millətçi və şovinist kəsim, digər yandan isə müharibə əleyhinə olan və övladlarını ölümə göndərmək istəməyən əhali ilə üz-üzə qalıb. Səfərbərliyin baş tutub-tutmayacağı, baş tutsa da nə dərəcədə ümidləri doğruldacağı bəlli deyil. Ruslar nə yolla olursa olsun, ölkədən qaçmağa çalışırlar, əyalətlərdə və iri şəhərlərdə müharibə əleyhinə aksiyalar çoxalır. Eynilə də işğal olunmuş ərazilərdə saxta “referendum”un necə keçiriləcəyi hələ məlum deyil. 

Digər yandan Ukrayna Ordusu əks-hücum əməliyyatlarını, Qərbdən ağır silahlar almağı davam etdirir və güclənir. Nüvə şantajı və hədə-qorxuları işə yaramır, rəsmi Kiyev işğalçı ordu Ukraynadan tam çıxmayınca danışıqlar masasına oturmur və sair. Bütün bu sadalanan və sadalanmayan və həlli olduqca müşkül problemlərin isə bircə mənbəyi var – 24 fevralda verilmiş işğal qərarı!

C.Məmmədov

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar