PUTİN İLK NÜVƏ ZƏRBƏSİNİ HARA ENDİRƏ BİLƏR? – “Bu şəxslərdən ən azı ikisinin razılığı olmalıdır...”

“Ukraynada məğlubiyyətə uğrayan və istədiyi nəticələri əldə edə bilməyən Vladimir Putin, indi də dünyanı nüvə müharibəsi ilə hədələməyə çalışır”.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın “The Washington Post” nəşrinin dərc etdiyi məqalədə bildirilir.

Yazıda Putinin 21 sentyabrdakı çıxışında nüvə silahından istifadə ilə bağlı səsləndirdiyi fikirlər təhlil edilib.

Sözügedən məqalənin tərcüməsini oxuculara təqdim edirik:

“1. Putin nüvə silahı haqqında nə dedi?

Putin 21 sentyabrdakı çıxışında iki fərqli nüvə xəbərdarlığı etdi. Birinci xəbərdarlıq NATO-ya edildi. Putin heç bir sübut olmadan iddia etdi ki, NATO siyasətçiləri Rusiyaya qarşı kütləvi qırğın silahlarından istifadəni müzakirə ediblər. Rusiyanın mesajı aydın idi. Putin NATO-ya xatırlatdı ki, Rusiya Alyans ölkələrindən daha müasir silahlara malikdir. Bir sözlə Putin bəyan etdi ki, Moskva NATO-nun mümkün hücumlarına nüvə silahıyla cavab verə bilər.

İkinci nüvə xəbərdarlığı isə ümumi idi. Putin bildirdi ki, Rusiya özünün ərazi bütövlüyünü, xalqını, müstəqilliyini və azadlığını qorumaq üçün mövcud olan bütün silah sistemlərindən istifadə edəcək. Bu xəbərdarlığın hədəf auditoriyası NATO da daxil olmaqla, bütün dünya ölkələri idi.

2. Rusiyanın nüvə siyasətində yeni nəsə varmı?

Birinci xəbərdarlıqda yeni heç nə yox idi. Rusiyanın 2014-cü il Hərbi Doktrinasında və 2020-ci il üçün “Rusiya Federasiyasının nüvədən çəkindirmə üzrə Dövlət Siyasətinin əsas prinsipləri”ndə qeyd edilir ki, Moskva “ona qarşı nüvə və digər kütləvi qırğın silahlarından istifadəyə cavab olaraq nüvə silahından istifadə etmək hüququ”nu özündə saxlayır. Bəzi analitiklər iddia edirlər ki, ikinci xəbərdarlıq Rusiyanın nüvə silahından ilk istifadəsinin əhatə dairəsini genişləndirməyə hesablanıb. Bununla belə, əsas prinsiplər nüvə qüvvələrinin Rusiyanın dövlət suverenliyini və ərazi bütövlüyünü qorumaq üçün mövcud olduğunu bildirir. Beləliklə, Putinin sözlərinin çox da dəyişdiyini demək doğru olmaz. Bununla belə, Putinin bu xəbərdarlıqları hansı kontekstdə verməsi vacibdir.

Eyni çıxışında Putin yaxın bir neçə gün ərzində Ukraynanın Luqansk, Donetsk, Xerson və Zaporojye vilayətlərinin işğal olunmuş ərazilərində keçiriləcək “referendum” səsverməsini təsdiqləyib. Qərb rəsmiləri bu səsvermələrin qeyri-qanuni olduğuna diqqət çəkir və “saxta” səsvermə nəticəsində Moskvanın bu əraziləri ilhaq edəcəyini proqnozlaşdırır. Putinin Rusiyanın ərazi bütövlüyü ilə bağlı nüvə xəbərdarlığı, ilhaq edilmiş ərazilərə də şamil ediləcəkmi? Bu barədə bəzi Qərb analitikləri əvvəllər Ukraynanın Krımı geri almaq cəhdlərinin Rusiyanın nüvə təhlükəsi və hətta nüvə silahından istifadə riskini artıra biləcəyi ehtimalını bildirmişdilər.

3. Putinin nüvə variantları hansılardır?

Nüvə müharibəsi başlayarsa, Rusiyanın ABŞ-a qarşı bu silahdan istifadə edəcəyi real görünmür. Lakin Putin Ukraynanı və onun Qərb tərəfdarlarını “şok”a salmaq üçün qısa mənzilli, daha ucuz və strateji olmayan nüvə silahlarından istifadə edə bilər. Böyük ehtimalla, Rusiya bu yolla öz şərtlərini diqtə etməyə və müharibəni sonlandırmağa çalışacaq.

Digər bir ehtimala görə, Rusiya yeraltında və ya atmosferdə nüvə silahı partlada bilər. Məsələn, bu, Arktikadakı Novaya Zemlya sınaq obyektində ola bilər. Və ya Qara dənizdə Ukraynaya yaxın, ancaq yaşayış olmayan əraziyə nüvə zərbəsi endirilə bilər. Mümkün variantlardan biri də, rusların Ukraynadakı hərbi obyektlərə və şəhərlərə hücum edəcəyidir.

4. Dünya buna necə cavab verə bilər?

Bu variantlar Rusiyanın planının bir hissəsi olsa da, nüvə silahından istifadə Putin və onun rejimi üçün həddindən artıq risklər daşıyır. Çox güman ki, bu, Rusiyanı daha pis hərbi, siyasi və iqtisadi vəziyyətə salacaq. Putin bu yolla Ukraynanın təslim olacağına və Qərbin Kiyevə dəstəyinin azalacağına əmin deyil. Putin nüvə silahından istifadə edərsə, Rusiya daha çox iqtisadi təcrid riski ilə üzləşəcək. Həmçinin Rusiyaya qarşı hərbi qisas məsələləsi də gündəmə gələcək. ABŞ Prezidenti Co Bayden xəbərdarlıq edib ki, Rusiya nüvə silahından istifadə edərsə, müharibənin siması tam dəyişə bilər.

Rusiyaya qarşı hərbi cavabın necə olacağı isə bəlli deyil. Bu barədə qeyri-hökumət analitikləri hücumu həyata keçirən bölmələri cəzalandırmaq və ya Rusiyanı öz ərazisindən çıxarmaqda Ukrayna qoşunlarına kömək etmək üçün kiberhücumlardan tutmuş, rus ordusuna qarşı adi zərbələrə qədər, bir sıra cavab tədbirləri təklif ediblər.

5. Rusiyada nüvə qərarlarını kim verir?

Təbii ki, nüvə silahından istifadə təkcə Putinin səlahiyyətinə buraxılan bir məsələ deyil. Bu qərar Putinə, müdafiə naziri Sergey Şoyquya və Baş Qərargah rəisi Valeri Gerasimova həvalə edilib.

Analitiklər hesab edirlər ki, nüvə silahından istifadə etmək üçün bu şəxslərdən ən azı ikisinin razılığı olmalıdır”.

“AzPolitika.info”

635x100

Şərhlər

t.ədalət 2022-09-24 14:01:53

Deyirlər ki,ölümü qarşılayan adamlar sarsaqlayır.Bu,Putində hiss olunur.

Said 2022-09-23 19:44:33

Putinin komandası nüvə zərbəsi qərarı verdikdən 3 saat əvvəl rusiya ilk zərbələrin dadını alacaq .

Son yazılar