Menu

Telekanalların və radioların reklam gəlirləri açıqlandı

26.09.2022, 14:53
Telekanalların və radioların reklam gəlirləri açıqlandı

Audiovizual Şuranın açıqladığı göstəricilərə görə, ötən il Azərbaycanda audiovizual industriya bazarının toplam reklam gəlirləri 42 milyon 300 min manat olub.

"AzPolitika.info" "azadlıq" radiosuna istinadən xəbər verir ki, bu göstərici sırf ümumölkə yayımçısı sayılan 11 telekanala və 12 radioya məxsusdur. Qeyd edilən məbləğin 85 faizi, yəni 35 milyon 900 min manatı telekanalların payına düşür. Həmin telekanallar AzTV, Mədəniyyət TV, İdman TV, İTV, Space TV, ATV, Xəzər TV, ARB, ARB 24, CBC Sport TV və Real TV-dir. Qurumun açıqlamasında həmin telekanalların bazar paylarına yer verilməyib.

Yerdə qalan 15 faizlik – 6 milyon 400 min manat radio kanallarının əldə etdiyi reklam gəlirləridir. Qeyd edək ki, Azərbaycan Radiosu, İctimai Radio, Space Radio, Azad Azərbaycan Radiosu, 106FM, ASAN Radio, Avto FM, Radio TMB, Radio Enerji, Xəzər FM, Araz Radiosu və Media FM ümumölkə yayımçısı sayılan radiolardır.

Şuranın açıqlamasında 2019 və 2020-ci illərdəki göstəricilər yer almasa da, bildirilir ki, ötən il reklam gəlirləri 2019 və 2020-ci illərlə müqayisədə ciddi ölçüdə artıb. Qurum bunun reklam qanunvericiliyinə əməl olunmasına nəzarət sahəsində Audiovizual Şuranın atdığı addımlardan qaynaqlandığını düşünür.

Ölkədə reklam bazarıyla bağlı göstəriciləri Dövlət Statistika Komitəsi (DSK) də açıqlayır. Rəsmi rəqəmlərə görə, ötən il ölkənin reklam bazarında məhsul satışından və xidmət göstərilməsindən əldə olunan toplam gəlir 99 milyon manata yüksəlib. Bu, 2020-ci illə müqayisədə 20 milyon manat artım deməkdir. Başqa deyimlə, son bir ildə ölkənin reklam bazarının həcmi 25 faizə yaxın artıb.

Ötən ilin dövlət büdcəsində telekanallara ayrılan vəsaitin həcmi 55 milyon 700 min manatdır. Bu vəsaitin 51 milyon 700 min manatı dövlət büdcəsindən maliyyələşən dörd telekanala (AzTV, Mədəniyyət TV, İdman TV və İTV) və iki radioya (İctimai Radio və Azərbaycan Radiosuna) çatıb. Yerdə qalan dörd milyon manat özəl telekanal və radiolar arasında bölüşdürülüb.

Dövlət büdcəsindən ayrılan vəsaitin ən böyük alıcısı sayılan Azərbaycan Televiziyasının maliyyə hesabatından aydın olur ki, qurumun maliyyə göstəriciləri bir o qədər də ürəkaçan deyil.

Ötən il "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-nin toplam gəliri 34 milyon 846 min manat, xərcləri isə 36 milyon 817 min manat olub. Beləcə, AzTV ili 2 milyon manata yaxın zərərlə başa vurub. Qurumun il ərzindəki gəlirlərinin 90 faizi – 31 milyon manatdan çoxu dövlət büdcəsindən köçürmələr hesabına formalaşıb. Bu baxımdan, AzTV-nin maliyyə hesabatından həm də o aydın olur ki, dövlət televiziyasının reklam bazarındakı payı çox kiçikdir.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol