Menu

Rusiya Şimalı Avropadakı ordusunu Ukraynaya göndərməyə məcbur olub - “Foreign Policy” dərgisi

29.09.2022, 14:22
Rusiya Şimalı Avropadakı ordusunu Ukraynaya göndərməyə məcbur olub - “Foreign Policy” dərgisi

Rusiya Finlandiya və Baltikyanı ölkələrlə sərhəddə yerləşən qoşunlarının 80%-ni Ukraynaya göndərib.

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın “Foreign Policy” dərgisi Avropa müdafiə qurumlarının üç yüksək rütbəli nümayəndəsinə istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, Baltikyanı ölkələr və Finlandiya ilə sərhədlərdə xidmət edən 30 minlik hərbçilərdən yalnız “heyətin özəyi” qalıb. "Foreign Policy" qeyd edir ki, Moskva Ukraynadakı hərbçi itkilərini kompensasiya etmək üçün öz qüvvələrini Şimali Avropadan çıxarıb.

“Son 7 ayda bu bölgədəki qoşunların sayında müşahidə olunan kəskin azalma çox əhəmiyyətlidir. On il ərzində Rusiya quru qoşunlarını bizə çox yaxın məsafədə saxlayıb, indi praktiki olaraq onlar buxarlanıb”, - Skandinaviya ölkələrindən birinin hərbi rəsmisi bildirib.

Rəsmi şəxs eyni zamanda vurğulayıb ki, Rusiya regionda güclü hava qüvvələri qruplaşması saxlayır, həmçinin Şimal Donanmasının həcmi də demək olar, dəyişməyib.

“Foreign Policy” nəşrinə görə, Moskva Şimali Avropadan Ukraynaya hərbi texnika, o cümlədən zenit sistemləri və raketlər ötürür. Bundan əvvəl Finlandiyanın "Yle" nəşri S-300 hava hücumundan müdafiə sisteminin Sankt-Peterburqdan Ukraynaya göndərilməsi barədə məlumat yayıb.

“Foreign Policy” yazır ki, Şimali Avropadan köçürülən hərbi qulluqçuların əhəmiyyətli hissəsi 6-cı Orduya məxsusdur. Ukraynada bu bölmələr Xarkov vilayətində döyüşürdü. Orada Ukrayna Silahlı Qüvvələrinin sentyabrda başlayan əks-hücumundan sonra rus hərbçiləri geri çəkilməyə məcbur olublar.

Eyni zamanda ABŞ və Avropanın müdafiə nazirliklərinin indiki və keçmiş əməkdaşları nəşrlə bildiriblər ki, Rusiya uzunmüddətli perspektivdə, xüsusən Baltikyanı ölkələr üçün təhlükə olaraq qalır. Onlar gözləyirlər ki, Ukraynada müharibənin necə getməsindən asılı olmayaraq, Moskva Qərb Hərbi Dairəsində öz hərbi gücünü bərpa etməyə çalışacaq.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol