“Europian Leadership Network” analitik təhqiqat mərkəzinin tərtib etdiyi məruzəyə əsasən, bu il ərzində dünyada qırxdan artıq “qeyri-adi” vəziyyət qeydə alınıb və bu siyahıya Şərqi Avropa səmasında Rusiya və NATO arasındakı gərginlik də əlavə edilib. Həmin mərkəzin məlumatına görə, baş vermiş hadisələrdən üçü onsuz da gərgin olan Rusiya və NATO arasındakı münasibətləri daha da pisləşdirərək real münaqişəyə yol aça bilərdi.

Bu məruzənin dərc olunmasından qabaq özünün xəbərdarlıq çıxışında Sovet İttifaqının rəhbəri olmuş Mixail Qorbaçov bildirmişdi ki, ”dünya yeni soyuq müharibənin astnanasındadır”. Bu gərginliyin fonunda Ukraynanın şərq regionundan Rusiyanın köməyi ilə qopmuş separatçı yaraqlılarla hökumət qoşunları arasındakı nisbətən səngimiş toqquşmalar yenidən aktivləşıb. Döyüşlər başlamamışdan əvvəl Kiyev iddia edirdi ki, Rusiya Donbas ərazisinə ağır silahlar daşıyır. Eyni zamanda ATƏT-in nümayəndələri də separatçıların əlindəki ərazilərdə tanınma nişanları olmayan onlarla ağır texnika və tank kalonnalarını qeydə aldıqlarını deyirlər.

“Europan Leadership Network” –un məruzəsində Ukraynadakı döyüşlərin yenidən başlanmasının önünü kəsmək üçün təcili surətdə Rusiya ilə NATO arasındakı diplomatik kanalların işə salınmasının vacibliyi vurğulanır. Məruzəni tərtib edən müəlliflər xəbərdar edirlər ki, indiki təhlükəli şərait fəlakətli nəticələrə gətirib çıxara bilər. Bu ilin mart ayında Kopenhagendən uçan “SAS” aviaşirkətinə məxsus sərnişin təyyarəsi İsveçin Malmö şəhərinin 50 kilometr cənubunda az qala Rusiyanın hərbi-kəşfiyyat təyyarəsi ilə toqquşacaqdı. Baş verən bu insident zamanı Rusiya təyyarəsi öz radioqəbuledici translyatorunu qapatdığına görə, mülki aviadispetçerlər tərəfindən onun hansı koordinatda uçmasını izləmək çox çətin olub. Bortunda 132 sərnişin daşıyan təyyarənin pilotlarının qarşıdan gələn rus hərbi təyyarəsini vizual olaraq görməsi onlara fəlakətli toqquşmadan qaçmaq imkanı vermişdi. Keçmiş yüksək rütbəli avropalı hərbçi və siyasətçilərdən ibarət olan “European Leadership Network” təşkilatı Estoniya xüsusi xidmət orqanlarının agenti olan Eston Koxverin oğurlanaraq qaçırılmasının və həmçinin də oktyabr ayında rus sualtı qayığının İsveç ərazi sularına soxulması hadisələrinin Rusiya ilə Qərb arasındakı münasibətləri daha ciddi zədələdiyini bildirirlər.

“European Leadership Network” öz məruzəsində qeyd edib: ”Haqqında məlumat verdiyimiz təhlükəli hadisələrin sayının artması həyəcanlı dinamikanın yüksəlməsini göstərir. NATO və Rusiya sərhədləri boyunca hərbi qüvvələrin toplanması, Moskvanın aqressiv hərəkətləri və Qərbin ona qarşı meydan oxumaq istəyənlərə qətiyyətli şəkildə lazımı cavab verəcəyinə hazır olduğunu nümayış etdirməsi hədsiz təhlükəli qarşıdurmanın yaranacağından xəbər verir”.

Hələlik, NATO yüksək səmada Rusiyanın artan aqressivlyinə qarşı cavab uçuşları həyata keçirir. NATO gücləri rusların Baltik dənizi ölkələrinin səmasındakı təxribatlarına cavab vermək üçün patrul uçuşlarını dörd dəfə artırıb.

”The Financial Times”