“Araz onu atdı, gedib özündən yaşlı qadınla evləndi...” - Əlizadəni gənc yaşlarından tanıyan Çingiz Sultansoyun xatirələri

Məlum olduğu kimi, Milli Məclisin sabiq deputatı Araz Əlizadə bu gün vəfat edib. Bir siyasətçi, şəxsiyyət kimi cəmiyyətdə ona qarşı münasibət birmənalı olmasa da, hər kəs kimi onun da şəxsi həyatının maraqlı tərəfləri olub. Yəqin ki, bu məqamlar da onun insani keyfiyyətlərinin formalaşmasında və siyasətçi kimi mövqeyində, fəaliyyətində əhəmiyyətli rol oynayıb.

“AzPolitika.info” xəbər verir ki, A.Əlizadəni gənc yaşlarından tanıyan, onunla uzun müddət yoldaşlıq edən jurnalist Çingiz Sultansoy öz sosial şəbəkə səhifəsində mərhum siyasətçi ilə bağlı bəzi xatirələrini bölüşüb. Həmin xatirələri olduğu kimi təqdim edirik: “MM deputatı Araz Əlizadənin ölüm xəbəri yayıldı. Siyasi fəaliyyətini yazmayacam, göz qabağında. Bir 2013-cü il prezident seçkisi, namizədlərin canlı yayımda debatları zamanı müxalifətin vahid namizədi Cəmil Həsənlini təhqir etməsini deyim. O sözlə Cəmil müəllim aşağılanmadı, mənliyinə xətər olmadı, Arazı Əlizadəni isə göstərdi...

Xeyli şəxsi xatirələrim var. Tələbəlik zamanı dost olmasaq da mehriban tanış olmuşuq, ADU-nun biologiya fakültəsində bizdən bir kurs aşağı oxuyan iki rəfiqəni sevmişik, dalınca getmişik, Araz Rena- Reyhanı istəyirdi, mən Zözə - Zöhrəni.

Araz məndən bir yaş böyükdür, istedadlı, qabiliyyətli, ikimiz də müəllim ailəsindən. Hətta analarımız 1940-cı illərdə ADU-nun Filologiya Fakültəsində bir kursda oxuyublar, rəfiqə olmayıblar, Mir Cəlal dərs deyib onlara.

Atam atası Məmməd Mübariz Əlizadəni tanıyıb, bəlli səbəblərdən dost, hətta yaxın da olmayıblar, amma atam deyirdi"Nizamini və Şəhriyarın farsca şerlərini Məmməd Mübarizdən yaxşı tərcümə eləyən yoxdu bizdə".

M.Əlizadə İrandan Azərbaycana 1945-ci ildən sonra gələn çoxsaylı "Tudə" partiyasının üzvləri, "demokrat" adlandırılan zümrənin tanınmış üzvlərindən idi, fars dilinin mükəmməl bilicisiydi. Milliyyətcə də fars olduğunu çox eşitmişəm, amma atam bunu deməyib, dəqiq deyə bilmərəm.

Amma belədirsə, Zərdüşt və Araz qardaşlarının fars sevgisi, İran simpatilərı anlaşılandı. Təbii ki, bu siyasi baxışlara, proiran mövqeyə bəraət deyil, ola da bilməz.

Araz əvvəlcə hüquq fakültəsinə qəbul olunub, ağıllı-savadlı gənc, ikimiz də müəllim ailəsindən, sonra "Burda, yurfakda, - hüquq-fakültəsinin rus dilində qısaldılmış adıdır, o vaxt hamı elə deyirdi, - oxuyanlar universiteti bitirib prokuror olmaq, rüşvət almaq istəyirlər, mən istəmirəm" deyib, oradan şərqşünaslıq fakültəsinə keçdi, uğurla bitirdi, orada işlədi.

Şərqşünaslar, bütün xaricdə işləyənlər, məsələn, neft mühəndislərimiz o zaman halal yolla sıravi vətəndaşdan xeyli çox pul qazana bilirdilər.

Araz Reyhana elçi düşəndə qızın atası, - adı yadımdan çıxıb, anasının adı Suela xanım, Süheyl, soyadı İsrafibekov idi, - deyib ki, mənim ona verəsi qızım yoxdu! Çox şey deyib, pis deyib, burada yazmaq istəmirəm. Amma bir- birilərini çox sevirdilər, qız Araza qoşulub qaçdı. Bakıda, müəllim, ziyalı ailəsində olmayan bir şey! Amma bir-birilərini çox sevirdilər həqiqətən, gözəl cütlük idi!

Uşaq, Fuad adlı oğlan olandan sonra ailəsi Reyhanı bağışladı, üzə çıxdılar. Reyhan hərdən bizim Şahin Əlibəyliylə, - tanınmış, gözəl şairimiz Ənvər Əlibəylinin oğlu, - onun bacısı Şəfəqin yoldaşı Qabillə böyük ailə kampaniyamıza gəlirdi, Zöhrə ilə rəfiqəliyi qalmışdı, “biofak”ın o qızları dostluqlarını indiyədək qoruyublar, hamısının nəvəsi... O vaxtlar Şahingildə yığışır, yeyib-içir, rəqs, söhbət, mübahisə edir, əylənirdik, bağa gedirdik. Araz daha az gəlirdi. Gözəl günlər idi...

"Evimiz, doğma evimiz" adlı, Əlibəyli ailəsinə həsr elədiyim hekayə o günlərdən xatirə qalıb. Hekayədəki "mehriban, gözəl xala" Şahinin yoldaşı Sima, Simuzər, cərrah və bəstəkar İbrahim Topçubaşovun və Suğra xanımın qızıdır. "Qubalı qız" mahnısını unudulmaz İbrahim Topçubaşov Suğra xanıma həsr edib...

Amma Reyhanın Arazla ailə həyatı faciəli oldu. Araz onu atdı, gedib Ukraynada özündən yaşlı qadınla evləndi, orada doktorluq müdafiə elədi. Deyəsən, elə işinin naminə evlənmişdi. Bu əməlinə görə bir dəfə Şahin onu söyüb-biabır elədi, amma nə xeyri?

Reyhan uzun müddət tək qaldı, amma Arazdan boşanmadı, ümid edirdi ki, haçansa qayıdar. Qayıtmadı, Reyhan onu gözləyə-gözləyə cavan yaşında xərçəngdən öldü...

Boşanmaq çoxdan faciə deyil, hətta Azərbaycan toplumunda da...Amma Reyhanın atası Arazın elçilərinə “yox” deyəndə, "Mənim ona verəsi qızım yoxdur!" deyəndə sanki gələcəyi görürmüş. Məhəbbətin sonu belə də olur...

1980-cilərin ortası, olar, amma mitinqlər hələ başlamayıb. Bir epizod yadımda - şəhərdə, MM-in arxasındakı yaşayış məhəlləsindəki kücədə rastlaşdıq, ikimiz də maşında. Çoxdan görüşməmişdik, Araz mənə əl eləyib maşınını, qəttəzə ağ "Mersedes"ini saxladı. Mən də köhnə "Zaporojets"imi saxladım, ikirəngli idi, kombinasion ikirəngli olduğuna görə yox, köhnəliyinə, kasıbçılığıma görə. Maşının ilk rəngi tünd yaşıl idi, üstündən narıncı rənglənmişdi, o da köhnəlib, quzulayıb töküləndə altından yaşıl rəng çıxmışdı.

Nə isə, düşdük, yer dar idi, mən qapını açanda qapım təzə ağ "Mersedes"inin qapısına dəydi, narahat oldum ki, cızaram. Araz sağ olsun, saymazyana "Fikir vermə, boş şeydir" dedi. Xoş-beş elədik, ayrıldıq.

Elə o vaxtlar Montində böyük ticarət mərkəzi açmışdı, İran malları, sonrasını bilmirəm, deyəsən əli gətirmədi ya başqa səbəb, davamı yaxşı olmadı, bağlandı”.

“AzPolitika.info”

635x100

Şərhlər

Veteran 2022-10-07 20:20:31

Gec-tez hamı dünyasını dəyişəcək.Amma yaxşı iz qoymaq və rəhmət qazanmaq hamıya düşmür.Onun o dünyada cəzası ağır olacaq.

Elmira 2022-10-07 08:50:19

Çox maraqlı xatirələrdir. Allah rəhmət eləsin, amma aydın görünür ki mərhum İranpərəst idi. Daha doğrusu görünürdü.

Şahin 2022-10-07 08:36:05

Hər iki qardaş türk düşməni olduqlarını hec gizlətmədilər.

TT 2022-10-07 05:13:38

Hami bilir araz kime ishleyirdi )

İbrahim 2022-10-07 01:40:03

Sağ olun ki , bunun siyasi həyatının əzazil olduğunu bilirdik , indi isə şəxsi həyatından öyrəndik ki , biz tanıdığımızdan da daha cox əzazil birisi olub ,.

Elxan 2022-10-06 22:14:34

Bir şey gün kimi aydın idi ki,Araz Türkün düşməni idi.

Sozsaz 2022-10-06 21:46:45

Bir gun herkes olecek ve silinecek. Inventar kimi heyatdan silinecek. Hec kime ne altindaki masin, ne bankdaki pulu ne qizi ne oglu ne nevesi ne arvadi ne imaretleri ne de kisisi qalmayacaq. Qalan ancaq ve ancaq o sexs 100 il erzinde tam unudulanacan baresinde deyilecek yaxsi ve pis sozler olacaq. Yasayin dayanmadin guruldayaraq yasayin! Hec olmeyecekmish kimi yasayin! Calisin xasiyyetli ve leyaqetli olun ki cenazenizde yaxsi sozler deyilsin!

Şəhriyar 2022-10-06 19:04:02

Salam. Yoldaşlıq etdiyin və yaxud etmədiyin bir insanın şəxsi həyatını cəmiyyətə agah etmək düzgün deyil. Şəxsi həyat məhrəm bir anlayışdır. Həm də bu şəxsi həyat dövlətin və xalqın mənafelərinə zərər vurmursa onu geniş kütləyə açıb danışmaq düzgün deyil!!! Rəhmətlik Araz Əlizadə haqqında danışarkən obyektiv olmaq lazımdır. Hər bir insanın səhvləri və ya nöqsanları olur. Amma bu səhv və nöqsanlar xalqın və dövlətin, Vətənin gələcək inkişafına zərbə vurmursa onda bu şəxsin fəaliyyətini düzgün qiymətləndirmək lazımdır!

Son yazılar