Xəbər verildiyi kimi, bu gün səhər saatlarında Krım körpüsündə hərəkət edən yük qatarının partlaması nəticəsində körpüyə böyük ziyan dəyib. Yanğın söndürülsə də, körpünün 31 oktyabr tarixinədək bağlanıldığı bildirilir.
Hadisədən dərhal sonra Rusiya Prezidenti Vladimir Putin partlayışla bağlı dövlət komissiyasının yaradılmasını əmr edib. Hadisənin hansı səbəbdən baş verməsilə bağlı dəqiq məlumat olmasa da, artıq dünya mediasında bir sıra iddialar və mümkün versiyalar səsləndirilməyə başlanıb.
"AzPolitika.info" bu barədə beynəlxalq KİV-lərdə gedən materialların bir qismini oxuculara təqdim edir:
"Paylaşılan görüntülərdə Krım körpüsü ilə Kerç istiqamətində hərəkət edən yük maşınının partladığı görünür. Həmin yük maşınında partlayıcı vasitənin olub-olmaması həlləlik bəlli deyil. Bəzi şahidlər iki partlayışın olduğunu iddia edirlər.
Bir videoda belə bir danışıq eşidilir:
“- Mənə elə gəlir ki, iki partlayış olub, hə?
-Raket olsaydı, istənilən halda ikinci körpünü də (hərbi yüklərin daşındığı dəmir yolu körpüsü-red.) vurardı".
Görüntülərdə dəmir yolu körpüsünün alov içində qaldığı, yanındakı avtomobil körpüsünün isə qismən dağıldığı görünür. Şahidlər körpüdəki yük qatarının alovlandığını dərhal sonra isə böyük bir partlayışın baş verdiyini və bunun kilometrlərlə uzaqdan eşidildiyini iddia ediblər.
İlkin ehtimmallara görə, körpüdə hərəkət edən avtomobillərdən birində gizlədilən partlayıcı işə düşüb və yanğın baş verib. Paylaşılan görüntülərdə avtomobillərdən birinin tamamilə sıradan çıxması da bunun bariz sübutudur.
Lakin körpüdə yük maşınlarını skan edən rentgen şüalarının partlayıcı maddəni aşkar edə bilməməsi olduqca maraqlı bir faktdır. Qeyd edək ki, körpünün hər iki girişində avtomobildəki partlayıcı maddələri müəyyən etmək üçün nəzərdə tutulmuş Rusiya istehsalı olan "ST-6035" stasionar radiotexniki yoxlama kompleksləri mövcuddur.
Rusiyalı hərbi ekspert Andrey Rudenko isə partlayışın su altında baş verdiyini iddia edir: "Əsas partlayışın su altında baş verdiyini güman etmək olar. Çünki Qərbin Ukraynanı sualtı kamikadze pilotsuz aparatlarla təchiz etdiyi barədə məlumatlar var idi”.
Partlayışın Vladimir Putinin 70 illik yubileyindən və onun "xüsusi hərbi əməliyyatı"na yeni general təyin etməsindən bir gün sonra baş verməsi də maraqlı faktlardan biridir. Bu barədə rəsmi açıqlama verilməsə də, ordu generalı Sergey Surovikin komandanlığı öz üzərinə götürdüyü bildirilir".
Elvin
"AzPolitika.info"

Şərhlər