Feysal bin Abdullah Al Hinzab: “Qətər dövlətinin Türkiyə ilə əlaqələri Azərbaycan-Türkiyə əlaqələri kimi strateji xarakter daşıyır”
“Qətərdə keçiriləcək Dünya Çempionatının açılış mərasimində Azərbaycan haqqında məlumatlar veriləcək”
Bu ölkəni “Fars körfəzinin mirvarisi”, “Şərqin nağıllar ölkəsi” adlandırırlar. Söhbət son 10 ildə adambaşına düşən Ümui Daxili Məhsulu iki dəfə artırıb, dünyanın ən zəngin ölkələrindən birinə çevrilməyə müvəffəq olan Qətərdən gedir.
Qətər son illər dinamik inkişaf edən iqtisadiyyatı, mədəniyyətin və incəsənətin inkişafı üçün miqyaslı sərmayələri, bölgədə artan nüfuzu ilə diqqət çəkir. Qətər qədim tarixi ənənələr üzərində müasir, inkişaf etmiş ölkə quruculuğunun gözəl nümunəsi də sayıla bilər. Bu ölkə həm də sərməyadarlar ölkəsi və təbii qaz ehtiyatlarına görə ilk üçlükdə yer alan dövlətdir.
Qətər Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə malik ölkələrdən biridir və Azərbaycanla əlaqələri yüksək səviyyədə inkişaf etməkdədir. Bu il noyabrın 21-dən başlayaraq Qətər daha bir əsrarəngiz nağıla- 2022-ci ildə Futbol üzrə Dünya Çempionatına ev sahibliyi edəcək.
Qətər Dövlətinin Azərbaycandakı səfiri Feysal bin Abdullah Al Hinzab cənablarının “AzPolitika.info”-ya müsahibəsində Qətərin regional siyasəti, Türkiyə və Azərbaycanla münasibətləri, Futbol üzrə Dünya Çempionatına hazırılıqlar və digər mövzularda söhbət etmişik:
- Cənab səfir, Qətər son vaxtlar tez-tez dünya KİV-lərnin diqqət mərkəzinə gəlir. Bu, 2022-ci ildə Futbol üzrə dünya çempionatının ölkənizdə keçirilməsi və həmçinin, Avropa ölkələrinin Rusiya qazına alternativ axtarması ilə bağlıdır. Bilirik ki, Almaniya ilə qaz nəqli sahəsində müzakirələr davam edir, amma hələ ki, nəticə yoxdur. Eyni zamanda, İtaliya ilə bu sahədə uğurlu əməkdaşlıq həyata keçirilir. Qətərin digər Avropa ölkələri ilə qaz təchizatıyla bağlı əməkdaşlığının perspektivini necə dəyərləndirirsiniz?
- Ümumiyyətlə, enerji ehtiyatının təmin olunması məsələsi kollektiv, koordinasiyalı şəkildə həyata keçirilir və bu məsələnin öz həllini qısa müddətdə tapması mümkün deyil. Həmçinin, hər hansı bir dövlətin təbii qaz ehtiyatında yaranan boşluğu təkbaşına kompensasiya etməsi də çətin məsələdir. Qətər dövləti bu sahədə bağlanılan sazişlərə, xüsusilə də Çin, Koreya və Yaponiya kimi Asiya qitəsi ölkələri ilə bağlanmış uzunmüddətli sazişlərə sadiqdir. Bu baxımdan o, qaz idxal edən bütün dövlətlər üçün etibarlı tərəfdaş hesab olunur.
Son vaxtlar Almaniya şirkətləri ilə Qətərin dövlət neft şirkəti arasında baş verən danışıqlara gəlincə, bu prosesin hər iki tərəfin qane olacağı müsbət nəticə ilə tamamlanacağına ümid edirəm.
İtaliya dövləti isə Qətər maye qazını uzun müddətli idxal edən ən böyük dövlətlərdən biridir. Şübhəsiz ki, Qətər dövləti daha əvvəl digər ölkələrlər qarşısında götürdüyü öhdəliklərə heç bir xələl gətirmədən gələcəkdə Avropa dövlətləri ilə uzun müddətli sazişlər bağlamağı nəzərdən keçirir.
- Bu yaxınlarda Rusiya ekspertləri qeyd etdi ki, Moskva İran və Qətərlə birlikdə “Qaz karteli” yaratmaq niyyətindədir. Belə olan halda bu üç ölkə dünya qaz ehtiyatlarının 60 faizinin satışına nəzarət edə bilər. Qətərdə bu ideyanı necə dəyərləndirirlər?
- Dünya təbii qaz hasilatının 60 faizini təşkil edən Qətər, Rusiya və İranın bu istiqamətdə bir araya gəldikləri platforma hələ ki, 2008-ci ildə təsis olunan qaz ixrac edən ölkələr forumuna üzv olmaqdan ibarətdir. Üzv ölkələrin təbii qaz ehtiyatları üzərində suveren hüquqlarının müdafiəsi məqsədini daşıyan həmin forumun VI zirvə toplantısı cari ilin fevral ayında Qətərdə keçirilib. Zirvə toplantısının əsas məqsədi dünya qaz tədarükünün təhlükəsizliyinin təmin olunması üçün foruma üzv olan istehsalçı və istehlakçı dövlətlər arasında koordinasiya və dialoqun təmin olunması idi. Sualda qeyd olunan üç ölkənin birgə “Qaz karteli” yaratmaq niyyəti məsələsinə gəlincə isə qeyd edim ki, Qətər dövləti enerji təhlükəsizliyinə zərər verməyəcək təbii qaz istehsalı ilə bağlı beynəlxalq səviyyədə bütün konstruktiv təşəbbüsləri müsbət qarşılayır.
Belə ki, qaz istehsalçısı olan Qətər istehsal prosesi zamanı atmosferə buraxılan zərərli tullantıların azaldılmasına, ətraf mühitin zərərli maddələrdən mühafizə olunmasına səy göstərir və təbiətə zərər verməyəcək təmiz enerji istehsalına böyük əhəmiyyət verir.

- Doha bütün dünyanın diqqət mərkəzində olan Rusiya-Ukrayna müharibəsi ilə bağlı hansı addımları atır. Qətər hansı mövqedən çıxış edir?
- Şübhəsiz ki, iki ölkə arasında böhran başlayan andan etibarən Qətər dövləti prosesləri diqqətlə izləyir. Böhranın aradan qaldırılması üçün hər iki tərəfi dialoqa səsləyir, problemin sülh yoluyla həll olunması üçün Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüquq normalarına əsaslanmağın tərəfdarıdır. Həmçinin, Qətər dövləti böhranın həlli istiqamətində hər hansı beynəlxalq və regional təşəbbüsə öz töhvəsini verməyə hazır olduğunu, həmçinin, bütün tərəflərlə müzakirələrin aparılmasının zəruriliyini dəfələrlə bildirib.
- Türkiyə-Qətər münasibətlərinin inkişafı Azərbaycanda diqqətlə izlənilir, Anakara ilə siyasi, hərbi və iqtisadi sahələrdə əməkdaşlığın dərinləşdirilməsi Bakı və Doha üçün mühümdür. Türkiyə ilə əməkdaşlıq sahəsində hansı yeni təşəbbüslər gözlənilir?
- Qətər dövlətinin Türkiyə ilə əlaqələri Azərbaycan-Türkiyə əlaqələri kimi strateji xarakter daşıyır. Qarşılıqlı hörmət və ehtirama əsaslanan bu əlaqələr hər iki ölkə üçün qarşılıqlı mənfəətə əsaslanmaqla bütün sahələr üzrə davamlı olaraq inkişaf etməkdədir. Heç şübhəsiz ki, Qətərlə Türkiyə arasında olan bu yüksək əlaqə Qətər-Azərbaycan əlaqələrinə də öz müsbət təsirini göstərir. Türkiyə ilə Qətər arasında mümkün yeni əməkdaşlıq imkanlarına gəlincə isə deyə bilərəm ki, istər siyasi, istərsə də ticarət sahələrində mövcud olan əlaqələr yüksələn xətt üzrə davam etdirilir, xüsusən də yeni sərmayə imkanlarının daha da genişləndirilməsi prosesi sürətlə davam edir.
- Artıq Futbol üzrə Dünya Çempionatının başlamasına az bir vaxt qalır. Açığı, bir əminlik var ki, Qətər bu çempionatı yüksək səviyyədə təşkil edəcək. Doha bu yarışa necə hazırlaşır və bütün planları həyata keçirmək mümkün olurmu?
- Dünyanın şahidlik edəcəyi bu tarixi hadisəyə hazırlıq prosesi uzun müddətdir ki, son dərəcə yüksək səviyyədə gedir. Mütəxəssislərin rəyinə əsaslanaraq deyə bilərik ki, Qətərdə keçiriləcək çempionat Futbol üzrə Dünya Çempionatı tarixində yüksək səviyyəli hazırlığı ilə yadda qalacaq. Belə ki, bununla bağlı bütün lazımi addımlar atılıb, kifayət qədər futbol meydançaları, azarkeşlərin izləmə tribunaları, stadionlar arasındakı məsafəni qısa müddətdə qət edəcək nəqliyyat vasitələri, bir sözlə, bütün infrastruktur yenilənib. Bu yüksək infrastruktur hazırlığı özü-özlüyündə böyük müvəffəqiyyətin göstəricisidir.
3 milyon ədəd nəzərdə tutulan bilet satışının artıq 2.5 milyonu tamamlanıb, geriyə qalan miqdar isə son dövrdə satışa buraxılıb. Bu rəqəm özü-özlüyündə dünya ictimaiyyətinin Qətərın ev sahibliyi edəcəyi bu çempionata yüksək maraq və diqqətinin bariz göstəricisidir.

- Qətər-Azərbaycan münasibətləri necə inkişaf edir, hansı yenilikləri qeyd edə bilərik? Doha Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin yenidən qurulması işlərində iştirak edirmi, Bakıya bu məsələlərdə hər hansı formada dəstək verilməsi nəzərdə tutulurmu?
- Qardaşlıq, müştərək mənfəət, qarşılıqlı hörmət və ehtirama əsaslanan Qətər-Azərbaycan əlaqələri yüksək səviyyədədir və bu əlaqələr artan xətt üzrə davam etməkdədir.
Bu istiqamətdəki yeniliklərə gəlincə isə bütün sahələr üzrə, əsasən də sərmayə qoyuluşu, qarşılıqlı ticari dövriyyənin yüksəldilməsi üçün bir sıra müştərək layihələr üzrə araşdırmalar aparılır. Bu layihələr arasında xüsusilə enerji və qida sahəsindəki sərmayə qoyuluşu layihələrinin yaxın gələcəkdə reallaşacağına ümid edirəm. Digər tərəfdən, Qətər tərəfi azad olunmuş ərazilərə sərmayə qoyuluşu ilə bağlı Azərbaycan tərəfinin təqdim edəcəyi bütün təkliflərə hazırdır. Onu da qeyd edim ki, Qətərdə Azərbaycan ticarət evinin açılışında iştirak etmək və iki ölkə arasındakı mövcud sərmayə qoyuluşu imkanlarının genişləndirilməsi məqsədilə İqtisadiyyat naziri Mikayıl Cabbarovun cari ayın ikinci yarısında Qətərə rəsmi səfəri reallaşacaq. Şübhəsiz ki, onun qətərli həmkarı ilə görüşündə Qətər şirkətlərinin azad olunmuş ərazilərdə sərmayə qoyuluşu ilə bağlı imkanları da müzakirə ediləcək. Bu kimi addımları ölkələrimiz arasındakı münasibətlərdə yeniliklər hesab edə bilərik.
- Cənab səfir, ölkələrimiz arasında mədəniyyət sahəsində və xalqlar arasında əlaqələrin inkişaf etdirilməsilə bağlı hansı planlar var?
- Coğrafi baxımdan iki ölkənin uzaq məsafədə yerləşməsinə baxmayaraq, hər iki xalqın sahib olduğu adət-ənənə, mədəni irs bir-birinə çox yaxındır. Siyasi-iqtisadi sahədə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılıb. İki ölkənin Mədəniyyət nazirləri arasında memorandumlar imzalanıb, Qətər mədəni irsinin Azərbaycanda, Azərbaycan mədəniyyətinin isə Qətərdə tanıdılması baxımından müxtəlif mədəni tədbirlər keçirilib, hər iki ölkənin ədəbi-mədəni irsinin qarşılıqlı olaraq tərcümə olunması nəzərdə tutulub, həmçinin milli mətbəxin tanıdılması istiqamətində də bir sıra işlər görülüb. Bundan əlavə, Qətərlə Azərbaycan arasında təhsil istiqamətində bir sıra sazişlər bağlanıb, qarşılıqlı tələbə mübadiləsi proqramlarının həyata keçirilməsi planlaşdırılıb.
Həmçinin,Qətərdə keçiriləcək Futbol üzrə Dünya Çempionatının açılış mərasimində yerləşdirilmiş ekranlar vasitəsi ilə Azərbaycan haqqında məlumatların da verilməsini mədəni əlaqələrin inkişafı istiqamətində atılan mühüm bir aqddım hesab etmək olar.
Laçın SƏMLA
“AzPolitika.info”

Şərhlər
Həqiqətən nağıl kimi ölkədir Qətər!! Biletlər ucuz olardı tez tez səyyahət edə bilərdik