Amerikalı araşdırmaçı - mütəxəssisdən sensasion iddia ;“Azəriqazbank”, “Bank Standart” və “Azərbaycan Beynəlxalq Bankı” onlayn dərman və anti-virus proqramlarının satışından 10 milyonlarla dollar “çirkli” pul “yuyub”
Azərbaycan banklarının internet üzərindən qeyri-leqal dərman satışı dövriyyəsində iştirakı çoxdan məlum idi. İndi isə kompüterlər üçün saxta proqram təminatının satışından əldə olunan gəlirlərin “yuyularaq” hesablara yatırılmasında əsas operatorlara çevrilməkdədirlər.Belə bir iddia ilə Kaliforniya Universitetinin araşdırmaçı-mütəxəssisi Deymon Mak-Koy (Damon McCoy) çıxış edib.
Ondan əvvəl, bu ilin iyununda KrebsOnSecurity Kaliforniya Universitetinin (San-Dieqo) onlayn apteklərlə bağlı apardığı araşdırmaların nəticəsi haqda məlumat yayılıb. Araşdırmaların nəticəsində bəlli olub ki, internet üzərindən qanunsuz dərman satışı ilə məşğul olan onlayn apteklərin gəlirləri “tərəfdaş”lıq proqramları vasitəsilə əsasən “Azəriqazbank”da “yuyularaq” nağdlaşdırılıb. Araşdırma zamanı həmçinin daha 3 aktiv “tərəfdaşlıq” proqramı da müəyyən olunub. Bəlli olub ki, belə proqramlar çərçivəsində saxta antivirusların satışı “Bank Standart” və “Azərbaycan Beynəlxalq Bankı” üzərindən baş tutub. Bu zaman dövriyyədə 10 milyonlarla dollar olub.
Deymon Mak-Koy deyib ki, araşdırma zamanı o, internet üzərindən saxta proqram təminatı, antivirus proqramları satan çoxsaylı şirkətlərlə əlaqəyə girib və onlardan aldığı saxta proqramlara görə ödəmələri həyata keçirmək üçün bank hesabları istəyib. Belə saytlar sırasında BestAV və Gagarincash-da olub. Bir neçə il davam edən araşdırmalar zamanı Deymon Mak-Koy belə saxta proqramlara görə əsasən Azərbaycanın “Bank Standart” bankındakı hesaba pul ödəyib. Bir neçə ay əvvəl isə ödəmələr “Azərbaycan Beynəlxalq Bankı”na transfer olunub. Araşdırmaçı Win7Security adlandırdığı və daha gizli şəkildə saxta antivirus proqramlarının satışı ilə məşğul olan onlayn satıcının izinə düşüb. Lakin sonradan həmin izi itirib.

“Azərbaycan bankları belə əməliyyatların həyata keçirildiyi bazarı praktiki olaraq inhisara alıblar” - deyə D.Mak-Koy bildirib. O qeyd edib ki, idpay.com-un məlumat bazasının təhlili ona daha böyük sirləri faş etməyə imkan verib. Məsələn, öyrənib ki, rx-partners.com saytı internet üzərindən qeyri-leqal dərman satışını təmin edən hakerlərə və spam yayıcılarına “tərəfdaşlıq” proqramları çərçivəsində ödəmələrin həyata keçirilməsində istifadə olunur.
D.Mak-Koy rusecurity.com saytına Azərbaycan rəhbərliyinin NATO nümayəndələri ilə görüşü zamanı müzakirə edilən kiber-təhlükəsizlik problemi konteksində də diqqət çəkib. Deyib ki, Azərbaycan bankları üzərindən həyata keçirilən bu əməliyyatlar haqda məlumatlı olandan sonra sıravi Amerika vətəndaşlarının bank hesablarının təhlükədə olduğu qənaətinə gəlib. O, “Mərkəzi Kəşfiyyat İdarəsinin faktlar Kitabı”nda yazılanlara əsasən Azərbaycanda korrupsiyanın tüğyan etdiyini və bu vəziyyətdə istənilən qanunsuz trafikin təşkilinin çox asan olduğunu söyləyib.

Azərbaycan banklarının adı dəfələrlə belə qanunsuz əməliyyatlarda hallanıb. Amma nədənsə belə əməliyyatlar haqda məlumatların ardı-arası kəsilmir. Üstəlik, belə məlumatlar çoxalmaqdadır. Bunun səbəbini öyrənmək üçün iqtisadçı-ekspert Məhəmməd Talıblıya müraciət etdik. Azərbaycan banklarının “çirkli” pulların “yuyulması” əməliyyatlarına baş vurmasının səbəbini izah edən iqtisadçı-ekspert “Yeni Müsavat”a deyib ki, ölkəmizdə fəaliyyətdə olan banklar yüksək reytinqli banklar olmadığından belə yollara əl atırlar: “Azərbaycan bank sektorunun rəqabətə davamlılığı yoxdur.

M.Talıblı bildirib ki, Azərbaycan banklarının “qan-damar sistemi” zəif olduğu üçün belə əməliyyatların nə vaxta qədər davam edəcəyini söyləmək çətindir: “Nə qədər ki, rəqabət mühiti yoxdur, bank sistemində inhisarçılıq mühiti aradan qaldırılmayıb, şübhəsiz ki, belə hallar davam edəcək. Belə hallar Azərbaycan banklarının beynəlxalq qurumlara çıxışını daha da çətinləşdirir”.
M.Talıblı bildirib ki, ümumilikdə belə halların qarşısının alınması ilə monetar qurum olaraq Azərbaycan Mərkəzi Bankı, fiksal qurum olaraq Maliyyə Nazirliyi məşğul olmalıdır.(Musavat.com)

Şərhlər