Azərbaycan Mərkəzi Bankının ölkəyə göndərilən pul köçürmələri ilə bağlı hesabatını açıqlayıb. Hesabata görə, 2022-ci ildə Rusiyadan Azərbaycana göndərilən pul köçürmələrin həcmində rekord halda artım qeydə alınıb.
Sənəddə qeyd olunur ki, ötən ilin ilk yarısında Rusiyadan Azərbaycana 261 milyon dollar vəsait köçürülmüşdü. Bu ilin ilk altı ayında isə həmin göstərici 1 milyard 283 milyon dollara yüksəlib.
Deməli, Rusiyadan Azərbaycana göndərilən pulun həcmi ötən illə müqayisədə beş dəfə artıb. Bu baxımdan aydın olur ki, Rusiyada yaşayan azərbaycanlılar müharibə başladıqdan sonra sanksiyalar və rublun dəyərsizləşməsi ucbatından sahib olduqları vəsaiti kütləvi şəkildə Azərbaycana göndərməyə başlayıblar.
2020-ci ilin ilk altı ayında Rusiyadan Azərbaycana göndərilən vəsaitin həcmi 197 milyon dollar olub. Pandemiyadan öncə - 2019-cu ildə bu rəqəm 276 milyon dollar idi. Başqa deyimlə, 2022-ci ildə qeydə alınan göstəricilər pandemiyaöncəsi dövrdə qeydə alınan nəticələrlə də müqayisədə çox yüksəkdir.
Mərkəzi Bankın göstəricilərindən aydın olur ki, Rusiyadan Azərbaycana göndərilən pul baratlarının həcmi ikinci rübdə (aprel-iyun ayları) daha çox olub. 2022-ci ilin ilk üç ayında Rusiyadan Azərbaycana 99 milyon dollar həcmində pul göndərilmişdi. Bu, hətta 2021-ci ilin eyni dövrü ilə müqayisədə 20 milyon dollar az vəsait demək idi. Növbəti üç ay ərzində göndərilən vəsaitin həcmi isə 1 milyard 185 milyon dollar olub. Ötən il boyunca bütün ölkələrdən Azərbaycana 1 milyard 133 milyon dollar göndərilibmiş. Deməli, təkcə 2022-ci ilin aprel-iyun aylarında Rusiyadan Azərbaycana köçürülən pulun həcmi 2021-ci ildə ilboyu bütün ölkələrdən göndərilən pul köçürmələrinin həcmindən çox olub.

İlk yarım ildə Azərbaycana bütün pul köçürmələrinin 80 faizi Rusiyadan gəlib. Əvvəlki illərdə də Rusiya Azərbaycana ən çox pul köçürülən istiqamət idi. Ancaq həmin vaxt Rusiyanın toplam pul köçürmələrində payı 50 faizi ötməmişdi.
Mərkəzi Bankın hesabatlarından üzə çıxır ki, müharibədən sonra Azərbaycana göndərilən pullarla yanaşı, Azərbaycan banklarında qeyri-rezidentlərin sahib olduğu depozitlərin də həcmi artıb.
Belə ki, Rusiyanın Ukraynaya hücumundan öncəki ayın – yanvarın sonunda Azərbaycan banklarında xarici ölkə vətəndaşlarının 294 milyon manat ekvivalentində depozitləri mövcud idi. Artıq fevralın sonunda (müharibə 24 fevralda başlamışdı) bu göstərici 552 milyon dollara yüksəlmişdi. Sonrakı aylarda da qeyri-rezidentlərin Azərbaycan banklarındakı depozitlərinin həcmi artmağa davam edib.
Sonuncu göstəriciyə görə, bu ilin avqust ayının sonunda Azərbaycan banklarında qeyri-rezidentlərə məxsus 876 milyon manat ekvivalentində vəsait saxlanılır. Bu o deməkdir ki, müharibədən sonrakı altı ay ərzində xarici ölkə vətəndaşlarının Azərbaycan banklarında saxladıqları vəsaitin həcmi 600 milyon manata yaxın artıb.
"AzPolitika.info"


Şərhlər
Sitat: "...rublun dəyərsizləşməsi ucbatından sahib olduqları vəsaiti kütləvi şəkildə Azərbaycana göndərməyə başlayıblar"... İzah: Rubl keçən illə müqayisədə: 10.000 rubl=200 manat idisə, bu il hələ ki 10.000 rubl=275 manatdır. Yayda lap 350 manata da qalxdı... Yaxşı olar yazın ki, əhalimizin gəliri çıxarını ödəmir. Ona görə Rusiyadakı övladlardan daha çox istəyirik.