Menu

Britaniya Kiyevə dəstəyini azaldacaq? - Ekspert Rişi Sunak hökumətindən gözləntilərini açıqladı

25.10.2022, 14:32
Britaniya Kiyevə dəstəyini azaldacaq? - Ekspert Rişi Sunak hökumətindən gözləntilərini açıqladı

“İndi Rusiya rəhbərliyinin Boris Consondan sonra xanım Liz Trassın istefasını da ruh yüksəkliyi ilə qarşıladıqlarını, bunu “Qərbdəki ümumi çöküş”lə (?) izah etməyə çalışdıqlarını görürük... Ancaq Rişi Sunakın Baş nazirliyi dövründə, şübhəsiz ki, Britaniya kimi köklü dövlətin xarici siyasəti və müdafiə siyasəti dəyişməyəcək”.

"AzPolitika.info" xəbər verir ki, bunu siyasi təhlilçi Şahin Cəfərli Böyük Britaniyada Hindistan əsilli Rişi Sunakın Baş nazir seçilməsini şərh edərkən bildirib.

"Ötən ilin martında qəbul olunan “Qlobal Britaniya” strategiyası Avropa Birliyindən ayrıldıqdan sonra dövlətin dünyadakı yerini yenidən müəyyən edir və bu istiqamətdə ana xətləri müəyyənləşdirir. Əlbəttə ki, hökumətlərin və baş nazirlərin bir-birindən fərqlənən siyasəti, yanaşmaları olur və olacaq, amma taktiki səviyyədəki bu fərqliliklər ümumi strategiyanı pozmur", - təhlilçi qeyd edib.

Ekspertin sözlərinə görə, bundan sonrakı mərhələdə Böyük Britaniyanın xarici və müdafiə siyasətində anqlo-sakson dünyasının lideri ABŞ-la daha çox sinxronluq, NATO ittifaqına daha çox bağlılıq, daha çox silahlanma, nüvə arsenalını böyütmə, dənizlərdə öz nüfuzunu genişləndirmə və Rusiyanı Qara-Aralıq dənizi hövzəsindən sıxışdırma – bu çərçivədə Ukraynaya daha çox dəstək müşahidə edəcəyik.

"Həm Britaniyanın, həm də ABŞ-ın strategiya sənədlərində qırmızı xətlə keçən və dəfələrlə təkrarlanan əsas məqam isə texnoloji-innovasion liderliyin əldən verilməməsi məsələsidir. Məqsəd Çinin bu sahədə yüksəlişinin əngəllənməsi və Hind-Sakit okean regionunda bu dövlətə qarşı daha təsirli siyasətin aparılmasıdır. Bu siyasət bir müddətdir başlayıb və xüsusən Bayden administrasiyasının bu istiqamətdə aqressiv addımları, son olaraq yarımkeçiricilər sahəsində Çinə tətbiq olunan ağır məhdudiyyətlər önəmli gəlişmədir", - Şahin Cəfərli vurğulayıb.

Rasim

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol