Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti Moskvanın Qərbin Azərbaycan və Ermənistan arasında problemlərin nizamlanması üzrə səyləri ilə bağlı tənqidini təkzib edib.
“AzPolitika.info" bildirir ki, bu barədə "Turan"ın Vaşinqtondakı müxbiri xəbər verib.
"Biz, şübhəsiz ki, səylərimizin özünüreklam kimi tövsif olunmasını təkzib edirik", - Dövlət Departamentinin nümayəndəsi Ned Prays brifinqdə agentliyin müxbirinin xahişi ilə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsinin bəyanatını şərh edərkən bildirib.
Bir neçə gün əvvəl Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ABŞ-ı və Avropa İttifaqını özünüreklamda ittiham edib, Qərbin Bakı, İrəvan və Moskva arasında üçtərəfli əlaqələr sayəsində əldə edilmiş razılaşmaları öz adına yazmağa çalışdığını bildirib.
"Vaşinqton və Brüssel Zaqafqaziya ilə bağlı kompromislərdə maraqlı deyillər və Rusiyanı regiondan sıxışdırıb çıxarmağa çalışırlar", -Zaxarova iddia etmişdi.
Zaxarovanın sözlərini şərh edən Prays deyib ki, "şiddətə və həm ermənilər, həm də azərbaycanlılar arasında ölümlərə gətirib çıxaran çoxillik münaqişələrə son qoymaq cəhdində heç bir özünüreklam yoxdur".
O sonra da deyib: "Bizim yeganə məqsədimiz hərtərəfli, möhkəm sülhə nail olmaq və həyatların xilası üçün bu ölkələrin birlikdə hərəkət etməsinə köməklik göstərməkdir. Bilmirəm, bunun nəyi özünüreklam kimi şərh edilə bilər".
Onun əlavə etməsinə görə, ABŞ Dövlət katibi Entoni Blinkenin də qeyd etdiyi kimi, onlar Ermənistan və Azərbaycan arasında sülh danışıqlarına sadiqdirlər: "Hər iki lideri onlar üçün faydalı olan istənilən formatda görüşməyə çağırırıq".
Vaşinqton hesab edir ki, birbaşa dialoq problemlərin həllinin və möhkəm sülhün əldə olunmasının yeganə açarıdır.
- Rusiya, Azərbaycan və Ermənistan liderlərinin qarşıda duran görüşünün Brüssel-Praqa görüşündə əldə olunmuş nailiyyətləri sarsıdacağı təhlükəsi varmı?
Bu suala cavabda Prays deyib ki, Ermənistan və Azərbaycan liderləri Putinin dəvətinin onların möhkəm sülh əldə etmək cəhdləri üçün faydalı olub-olmayacağına özləri qərar verməlidirlər: "Son nəticədə Cənubi Qafqaz ölkələrinin müstəqilliyi üçün ABŞ-dan daha böyük dəstək yoxdur. 1991-ci ildə Ermənistanın, Azərbaycanın, Gürcüstanın müstəqilliyinin bərpası bu ölkələrin hər birinə Moskvadan və ya istənilən digər ölkədən asılı olmadan, öz xarici siyasi maraqlarına xidmət etmək hüququna zəmanət verən əlamətdar hadisə idi".
"AzPolitika.info"


Şərhlər