“Yayılan və sensasiya kimi tirajlanan özəl dialoqun rəsmi dəyərləndirilməsinə ehtiyac var. Çünki Babək Səmidli ali zabit heyətinə daxil olub. Onun döyüş yolu və hərbi tərcümeyi-halı deməyə əsas verir ki, Silahlı Qüvvələrin üst mərtəbəsində məsləhətləşməyə və məxfi informasiyalara müəyyən qədər yaxın olub”.

"AzPolitika.info" xəbər verir ki, bu sözləri Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc mərhum polkovnik Babək Səmidlinin Meydan TV-də yayılan səsyazısına münasibət bildirərkən deyib. Deputat səs yazısının rəsmi dəyərləndirilməsinə ehtiyacın olduğunu düşünür.

Xatırladaq ki, Meydan TV 2020-ci ilin noyabrın 23-də Suqovuşan qəsəbəsi ərazisində minaya düşərək həlak olan polkovnik Babək Səmidlinin ölümündən bir neçə gün əvvəl etdiyi söhbətin audioyazısını yayıb. B.Səmidli orduda bir sıra neqativ hallara toxunaraq, konkret adlar çəkib.

Zahid Oruc hesab edir ki, müharibədə hərbi taktiki-strateji qərarlar məhdud heyət tərəfindən qəbul edilib: “Daha dəqiq desək, birinci şəxs - Ali Baş Komandan hər bir döyüş tapşırığını imzalayıb və hücum əməliyyatlarına dair əmrlər şəxsən verilib, dəyişən vəziyyətə uyğun korreksiyalar aparılıb və növbəti planın ssenarisi hazırlanıb”.

Deputatın sözlərinə görə, Babək Səmidli ilə özəl söhbətin üzərindən iki il keçəndən sonra, məhz İkinci Qarabağ müharibəsinin ildönümü günlərində yayımlanması, onun fikirlərinin hansı məqsədlərlə yayıldığını göstərən mötəbər dəlildir: “Danışığın digər tərəfinin səsi və sualların redaktəsinin məkrlə aparılması, aydın görünür. Hazırkı xarici basqıların artdığı və sərhəd toqquşmlarından sonra şiddətlənən ordu əleyhinə kampaniyanın bir elementi olduğuna şübhə yeri qoymur”.

“Babək Səmidliyə suallar kəşfiyyat məqsədilə verilib. Ona görə də ixtisar edilən məqamların dinlənilməli olduğunu düşünürük. O üzdən, qələbəmizə qarşı hücum, hibrid savaş aparan qüvvələr Səmidlinin açıqlamasını bir neçə istiqamətdə hərbi-siyasi, informasiya artilleriyasının silahına çeviriblər”, – Zahid Oruc vurğulayıb.

Deputat əlavə edib ki, hər bir detal ayrıca təhlil edildiyində ordunun təchizatı, yaxud kommunikasiyanın durumuna dair deyilən bütün fikirlər iki mühüm faktı inkar edə bilmir, əksinə daha da güclü şəkildə təsdiqləyir: “Birinci, Ali Baş Komandan İlham Əliyevin ordumuzun rəhbəri və xalqımızın Qələbə əzminin təmsilçisi kimi Zəfər yürüşünü heç nəyə baxmadan aparması.

İkinci, ordumuzun hər bir sıra nəfərinin, hətta hansısa çatışmayan texnika və texnologiyaların əvəzini gücü və yenilməz iradələri ilə əvəzləyərək sonadək getmələri faktı.

Nəhayət, Ermənistan ordusunun bir neçə milyard dollarlıq silahlarını darmadağın edən qəhrəman oğulların əməyini gərək inkar etməyək”.

Deputatın sözlərinə görə, müharibə bütün detalları ilə simulyasiya edilə, planlaşdırıla bilmir: “Hazırda Rusiya-Ukrayna savaşında baş verənləri yaxşı görürük. Ona görə də hər bir faktın araşdırılmasına tərəfdar olmaqla yanaşı, qalib ordumuzu parçalamaq, rəhbər heyət arasında şübhə və nizamsızılıq yaratmaq yolverilməzdir. Bu yarğılama düşmənlə eyni səngərə daxil olmaqdır. Qarşı tərəf 1000-dən artıq əsgər və zabitini həbs edib. Belədə, bizim ordu və siyasi rəhbərlik arasında nifaq yaradaraq, məğlub edilənləri deyil, qalibləri və qələbəni ittiham etmək 1-ci Qarabağ müharibəsindən, 26 sentyabra qədərki düşüncə mərəzindən qaynaqlanan düşmən ssenarilərdir”.

Z.Oruc Səmidlinin Türkiyə ordusunun generalı Bəxtiyar Paşanın təsiri barədə dediklərinə belə reaksiya verib: “Əlbəttə, qardaş ölkənin siyasi və hərbi elitasının qəlbi, siyasətləri və bütün türk xalqının duası Azərbaycanın qələbəsində müstəsna rol oynadı, o cümlədən ordumuzun formalaşmasında türk generallarının misilsiz xidmətlərini yüksək qiymətləndiririk. Bununla bərabər, Vətən müharibəsində son damla qanına qədər döyüşən qəhrəman oğullarımızın adı, əməyi və raşədəti bir an belə undula bilməz”.

“Əgər bir komandir raportunda qeyri-səhihliyə və ya məqsədli təxribatlara yol veribsə, o cümlədən, ordu rəhbərliyində peşəkar qəsdçilər olubsa, onların əməllərinin ifşası və cəzalandırılması Ali Baş Komandanın sərt iradəsi ilə, müxtəlif mənbələrdən aldığı mötəbər məlumatlarla üz-üzə qalıb, onlar cəzalarını alıb, rəhbərini sevən, qanun və nizamnaməyə əməl edən minlərlə zabit öz mundiri və ləyaqəti ilə istənilən xəyanət planını rüşeym anında məhv edib. Ona görə də Zəfər ətrafında xainlər mövzusu bizim ideallarımızı ləkələmək istəyənlərin işidir. Ordunun yalnız satqınlardan, qanunsuz əməl sahiblərindən ibarət qələmə verənlər, Ermənistanın əbədi qorxusuna çevrilən silahların yarıtmazlığından danışanlar, təchizatın tamamilə yoxluğundan danışanlar 26 sentyabra qədərki işğalçılığın müəllifləridir. Ordu millətimizin qürur yeridir və bizi səngərdə qoruyanları biz də hücumlardan hifz etməliyik”, – deyə deputat fikrini tamamlayıb.

“AzPolitika”