“Məni öz aranızda görəndə şoka düşdüyünüzü bilirəm və təəccübünüzü anlayıram. Şəkillərim və ictimai çıxışlarımla bağlı siyasətim bir ildir ki, aydındır, mən və rəhbərlik etdiyim təşkilat buna ciddi şəkildə əməl edirik”.
“AzPolitika.info” xəbər verir ki, bunu Pakistanın əsas kəşfiyyat orqanı olan Xidmətlərarası Kəşfiyyatın (Inter Services Intelligence - ISI) baş direktoru, general-leytenant Nadim Ancum, Pakistan Müdafiə Nazirliyinin Xidmətlərarası İctimai Əlaqələr Xidmətinin (ISPR) baş direktoru, general-leytenant Babar İftixar ilə birgə keçirdiyi mətbuat konfransında deyib.
Pakistan tarixində ən nadir hallarda, ölkənin kəşfiyyatçısı mətbuat konfransında ictimaiyyət qarşısında çıxış edir. Pakistanın ISI-nın rəhbəri vəzifəsinə təyin olunduqdan sonra, N.Ancum diqqət mərkəzindən uzaq qalıb. Lakin doktyabrın 27-də o, canlı mətbuat konfransında çıxış edən ilk kəşfiyyatçı olub.
N.Ancum ölkədə yaranan siyasi böhran, hərbi rəhbərlik və Pakistan Təhriki -i-İnsaf Partiyasının (PTI) sədri İmran Xan arasında bağlı qapılar arxasında müzakirələr barədə jurnalistlərə məlumat verib: “Ancaq bu gün başqa bir gündür, mən özüm üçün deyil, əsgərləri və zabitləri bu ölkə üçün hər gün canlarını fəda edən qurumum üçün buradayam. Xüsusən də bütün dünyada zabitləri və kəşfiyyatçıları bu ölkəni 24 saat qoruyan qurumum üçün gəlmişəm”.
General Nadimin sözlərinə görə, İmranın hökumətini xilas etmək üçün Ordu Qərargah rəisi, general Qəmər Cavid Bacvaya qeyri-müəyyən müddətə ordunun komandanlığında qalmağı təklif etsə də, qarşı tərəf bundan imtina edib. O, daha sonra deyib ki, keçmiş Baş nazirin hərbi rəhbərliyə qarşı çıxışının arxasındakı əsl səbəblər general Bacva və onun qurumunun hər hansı konstitusiyaya zidd rol oynamaqdan imtina etməsi olub.
Xidmətlərarası İctimai Əlaqələr Xidmətinin (ISPR) baş direktoru, general-leytenant Babar İftixar ordu rəisinin hədəfə alınmasından və tənqidlərlə üzləşməsindən təəssüflənərək deyib ki, xüsusi rəvayətin hansı amillərlə formalaşdığını və xalqın aldadılmasını müəyyən etmək lazımdır. B.İftixar xalqdan öz qurumlarına güvənməyi istəyib: “Bu, sizin ordunuzdur. Əgər keçmişdə səhvlərimiz olubsa, son 20 ildə onları qanımızla yuyuruq. Biz Pakistan xalqını heç vaxt məğlub etməyəcəyik, bu bizim vədimizdir. Biz zəif ola bilərik və ya səhv edə bilərik, lakin heç vaxt xain və ya sui-qəsdçi ola bilmərik. Ordu xalqsız bir heçdir”.
B.İftixar əlavə edib ki, onların qurum olaraq heç vaxt tənqid problemləri olmayıb: “Bizim problemimiz ancaq tənqidin təbliğat və saxta xəbər sahəsinə daxil olmasıdır. Bunun qarşısını almalıyıq, çünki bizim gündəlik olaraq bunların müzakirə oluna biləcəyi bir forumumuz yoxdur”.
L.SƏMLA
AzPolitika.info


Şərhlər