"BU, ÇOX TƏHLÜKƏLİ GEDİŞATDIR,..." - Ekspertlər Soçi görüşündən nə gözləyir?

Liderlərin 31 oktyabr Soçi görüşünə ev sahibliyi edəcək Rusiyanın yaydığı rəsmi məlumatda bir detal xüsusi diqqət çəkir. Məsələ ondadır ki, Kremlin açıqladığı gündəlikdə sülh müqaviləsi haqda heç nə deyilmir.

Həmin rəsmi açıqlama belədir: Bazar ertəsi, oktyabrın 31-də Soçidə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar aparılacaq. Liderlər arasında 9 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli sazişlərin icrası, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə gələcək addımların nəzərdən keçirilməsi planlaşdırılır. Ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin bərpası və inkişafı məsələləri də müzakirə olunacaq. Putin, Paşinyan və Əliyev arasında ayrıca söhbətlər də planlaşdırılır”.

Belə çıxır, Soçidə sülh müqaviləsi diqqət mərkəzində olmayacaq?

Daha bir maraqlı detal. Nikol Paşinyan bu ərəfədə deyib ki, biz Qarabağdakı Rusiya sülhməramlı kontingentinin mövcudluğunun 10, 15, 20 il müddətinə uzadılmasına dair Soçidə sənəd imzalamağa hazırıq.

Oxşar fikri eyni gündə Moskvadan qayıdan separatçı-başı Araik Arutunyan dilə gətirib: “Ümid edirik ki, oktyabrın 31-də keçiriləcək üçtərəfli sammit nəticəsində “artsax”ın taleyi ilə bağlı əsas elementlər fiksə ediləcək. Söhbət ən əvvəl “artsax”dakı Rusiya sülhməramlı qüvvələrinin missiyasının qeyri-müəyyən müddətə uzadılmasından gedir. Onların “artsax”da olması həyati əhəmiyyət kəsb edir. Çünki 2020-ci ilin noyabrından Rusiya sülhməramlıları “artsax respublikası”nın və onun xalqının təhlükəsizliyi üçün mühüm məsuliyyət payına malikdirlər. İkinci əsas hədəf ən azından, “artsax”ın indiki statusunu saxlamaqdır”.

Öz növbəsində Ermənistanın (Paşinyanın) xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan bildirib ki, Ermənistan Soçidə Rusiya sülhməramlı missiyasının ən azı 10 il uzadılmasını təklif edəcək.

Bunlar təsadüfmü? Erməni rəsmilər və Araik nədən dəm vurur? Soçidə əsas mövzulardan biri Qarabağdakı sülhməramlı qüvvələrin qalma müddətinin uzadılmasımı olacaq?

Mövzu ilə bağlı politoloq Mehman Əliyevin şərhi də diqqət çəkir. Onun qənaətincə, Putin “Valday” DK-də ABŞ-ın Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasına dair “plan” təklif etdiyini söylədikdən sonra Vaşinqton Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin birinciliyi (öncüllüyü) barədə Praqa təşəbbüsündən operativ şəkildə uzaqlaşıb.

“Oktyabrın 28-də Dövlət Departamentinin rəsmi nümayəndəsi Ned Prays Soçidə keçiriləcək üçtərəfli danışıqlarla bağlı Turan-ın sualını cavablandırarkən deyib ki, Ermənistan və Azərbaycan həmin danışıqlarda hansı yanaşmadan istifadə edəcəklərinə qərar verməlidirlər. Rusiya meydançasında Paşinyan və Əliyev hansı yanaşmanı seçə bilər? Demək olar ki, artıq öncədən həll qərara alınıb - Ermənistan-Azərbaycan münasibətlərinin sonrakı “tənzimləməsi” Putinin təklif etdiyi və faktiki olaraq Qərb tərəfindən dəstəklənən “üçlüyün razılaşmaları” əsasında baş tutacaq. Beləcə, sülh müqaviləsi çoxillik “Qarabağ nizamlanması” epopeyasının səhnəsindən süst hərəkətlə arxa plana keçir”, - Mehman Əliyev vurğulayıb.

Belədirmi? Qərb Putinin açıqlamasından sonra həqiqətənmi öz mövqeyindən geri çəkilib? Sülh müqaviləsi arxa plana keçirsə, önə nə çıxır bəs?

Politoloq Elxan Şahinoğlu musavat.com-a bildirib ki, Qarabağdakı erməni separatçıları, Ermənistanın radikal müxalifəti, Qarabağ klanı Rusiya Prezidenti Vladimir Putinin Valday diskussiya klubunda açıqlamalarından cəsarətləniblər: "Putin "Valday" klubunda çıxışında Qarabağ separatçılarına və Ermənistandakı 5-ci kolonuna faktiki işarə etdi ki, mən sizin tərəfinizdəyəm, mən istəmirəm Qarabağ Azərbaycanın nazərətində olsun, siz hərəkət edin, mən də sizə dəstək verim. Ermənilər də bu işarəni dərhal anladılar və Xankəndidə məlum mitinqi keçirdilər. Bu mitinqi əslində, Rusiya məhz Soçi görüşünə bir gün qalmış təşkil etdi. Bu, sülh sazişinin faktiki olaraq arxa plana keçirilməsinə yönəlmiş prosesdir ki, Moskva başlatdı. Sadəcə biz özümüzə sual verməliyik ki, biz Kremlin planlarını pozmaq üçün nə edirik və nə etməliyik.

Aylar öncə yazılırdı, deyilirdi ki, Kremlin Qarabağdakı erməni separatçıları və Qarabağla bağlı strateji planları var, Kreml istəmir Qarabağda Azərbaycanın nəzarəti bərpa olunsun. Biz bu haqda düşünməliyik ki, Kremlin artıq görünən və işə düşən planlarını necə önləməliyik. Mən şübhə etmirəm ki, Rusiya Qarabağdakı ermənilərə Rusiya pasportu da paylayır. Bunun qarşısını necə almaq barədə düşünməliyik. Bizim qarşısımızdakı Nikol Paşinyan deyil, bizim qarşısımızda Rusiyadır. Bunun üzərində ciddi düşünməliyik, addımlar atmalıyıq. Soçi görüşünə bir gün qalmış ermənilərin mitinqi təşkil edilir və mitinqə Rusiya bayrağı da çıxarılır. Bu o deməkdir ki, separatçıların Rusiya ilə bir yerdə olduqları nümayiş etdirilir. Bu, çox təhlükəli gedişatdır, təhlükəli ssenaridir. Bu baş verənlər onu deməyə əsas verir ki, Soçidə hər hansı sülh sazişinin imzalanması ehtimalı yoxdur. Şəxsən mən inanmıram ki, sülh sazişi istiqamətində real addım atılsın. Rusiya sülhməramlı qüvvələrinin Qarabağda qalması üçün ayrılan 5 ilin iki ili arxada qalıb. Qarşıda üç il qalır və bu, elə də böyük müddət deyil. Rusiya sülhməramlılarının bölgədən çıxmasına mane olmaq və daha uzun müddətə orada qalmalarına nail olmaq üçün separatçılar və Nikol Paşinyan bütün fürsətlərdən yararlanmağa çalışacaqlar. Putin də məncə o fikirdədir ki, Rusiya hərbçiləri Qarabağı üç il sonra da tərk etməməlidir. Bu isə son dərəcə təhlükəli gedişatdır”.

Ekspertin sözlərinə görə, sülh sazişinin imzalanmaması və qeyd olunan tendensiya isə müharibə variantını da gündəmə gətirə bilər. ABŞ-ın yeni yaranmış vəziyyətdə kənara çəkiləcəyini və ya daha da aktivləşəcəyini isə zaman göstərəcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar