"Böyük Yeddilik" (G7) ölkələri və Avstraliya Rusiya neftinə qiymət limiti tətbiq edilməsi ilə bağlı razılığa gəlib. "Reuters" agentliyinin məlumatına görə qiymət tavanı vahidləşəcək və mütəmadi olaraq nəzərdən keçiriləcək. Bu razılaşma bazarda sabitliyi təmin etməli və istehlakçıların yükünü azaltmağa hesablanıb.
Qiymət hələ müəyyən edilməyib, lakin mənbələrə görə, yaxın həftələrdə elan edilməlidir. Mənbə bildirib ki, Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, Fransa, Yaponiya, ABŞ və Avstraliya sabit qiymətə lazım gəldikdə mütəmadi olaraq yenidən baxmağa razılaşıblar.
Eyni zamanda o da qeyd edilib ki, qiymətin istənilən indekslə əlaqələndirilməsi həddindən artıq volatilliyə və mümkün dalğalanmalara gətirib çıxaracaq. Moskva üzən qiymət sistemindən faydalana bilər.Çünki Rusiyadan neft tədarükünün azalması səbəbindən Brent markalı neftin qiyməti qalxarsa, Rusiya neftinin qiyməti yüksələcək.
ABŞ, Avropa İttifaqı və digər bazar iştirakçıları Ukraynaya təcavüzün əsas maliyyə mənbəyi hesab edilən Rusiya neft gəlirlərini azaltmağa, eyni zamanda qlobal neft bazarında qiymətlərin kəskin sıçrayışının qarşısını almağa çalışırlar.
Dekabrın 5-də Aİ-nin Rusiyaya qarşı səkkizinci sanksiyalar paketi qüvvəyə minir, o cümlədən tankerlərlə daşınan Rusiya neftinə tavan qiymət tətbiq edilir.
İlkin olaraq Rusiya neftinin bir barel üçün 40-60 dollar diapazonunda tavan qiymətinin müəyyən edilməsi müzakirə olunub. Oktyabrın sonunda "Bloomberg" xəbər verib ki, ABŞ-ın Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılması ilə bağlı mövqeyi yumşalıb və bir barel üçün 60 dollardan yuxarı həddi nəzərdən keçirilir.
Rusiya xəbərdarlıq edib ki, qiymət tavanı tətbiq edəcək ölkələrə neft və neft məhsullarının tədarükündən imtina edəcək.
"AzPolitika.info"


Şərhlər