Sadiq QURBANOV, 

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri

Bu gün Tarixi Zəfərimizin ikinci ildönümünü təntənə ilə bayram edirik. Bu münasibətlə bütün xalqımızı, başda Ali Baş Komandan İlham Əliyev və Mehriban xanım Əlieva olmaqla Müzəffər Ordumuzu, Azərbaycanı sevən hər kəsi təbrik edirəm!

Bu zəfər möhtəşəm bir Zəfərdi.

Bu Zəfər 200 illik türk tarixinə kölgə salan anti-türk siyasətinə, 30 illik işğala 44 gün müddətində son verən, müasir dünya faşizminin, insanlığın üz qarası olan terrorçuluğun əsas təmsilçisi Ermənistana, dənizdən-dənizə xəstəliyinə tutulmuş dünya erməniliyinə və havadarlarına tarixi dərs verən Zəfərdi. Bu Zəfər ilahi ədaləti bərpa edən Türkün Zəfəridi, bu, Haqqın Zəfəridi!

Bu, bütöv bir xalqın, oğlunun məzarı üstündə “Vətən sağ olsun” deyən Azərbaycan Kişisinin, oğlunun tabutu önündə qurban kəsən Azərbaycan Anasının Zəfəridi! Xalqımızı bütün dünyada haqq-ədalətin bərpası uğrunda dönməz mübariz – müzəffər xalq kimi tanıdan Ali Baş Komandan İlham Əliyev və yetişdirdiyi gənclərin Zəfəridi!

Nəhayət, bu Zəfər ümummilli lider Heydər Əliyev ruhunun Zəfəridir!

Eyni zamanda, bu Zəfər Azərbaycan xalqının gələcək yolunun istiqamətini müəyyənləşdirən strategiyasının təqdimatı idi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tarixi sözlərini xatırlayaq: “Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək. Bizim azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq... Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır. Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik”.

ŞANLI ZƏFƏRƏ GEDƏN YOL

Heç şübhəsiz ki, Zəfər günü bir xalqın arzularının gerçəkləşdiyi gündür. Ümümmilli lider Heydər Əliyevin, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qələbəyə sarsılmaz inamı zəfərin təminatçısı oldu. “Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək” - Ali Baş Komandan İlham Əliyevin vaxtilə torpaqlarımız işğal altında olarkən səsləndirdiyi bu fikirləri o vaxt çoxları gerçəklik kimi qəbul etmirdi. Lakin cənab İlham Əliyev bütün mötəbər kürsülərdən “Azərbaycan xalqı heç vaxt işğalla barışmayacaq” nidasını dünyaya bəyan edirdi. Bu, gəlişi gözəl sözlər deyildi, ölkənin rəhbəri, Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən səsləndirilən bu fikirlərin arxasında böyük həqiqətlər dayanırdı. Lakin məğlubiyyətlə barışmazlıq təkcə yetərli deyildi. Bu gerçəyi funksional siyasətə çevirmək üçün böyük səbir və mətanətlə bərabər, xalqı bu ideya ətrafında səfərbər etmək lazım idi. Bu isə üç amili özündə birləşdirirdi: güclü iqtisadiyyat, güclü ordu, vətənpərvər gənclik.

Qələbəyə sarsılmaz inam

Azərbaycanı müstəqilliyini itirmək təhlükəsindən qurtaran Ümummilli Lider Heydər Əliyev “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” şüarını söyləyərək bu strateji hədəfə çatmaq üçün yaratdığı münbit şəraiti uğurla öz siyasi varisinə ötürdü.

Azəbaycanın müstəqillik illərində sahib olduğu iqtisadi qüdrəti böyük qələbə üçün zəmin yaratdı. Məhz cənab İlham Əliyevin yürütdüyü müstəqil siyasət nəticəsində Azərbaycan iqtisadi baxımdan inkişaf edərək torpaqlarının azad edilməsinə nail oldu. Çünki iqtisadi inkişaf bizim Qələbəmizin əsasını təşkil etdi. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, ordumuzu müasir silahlarla təchiz edə bilməzdik. Eyni zamanda Azərbaycan yeni neft strategiyası sayəsində Ermənistanı regionda həyata keçirilən transmilli layihələrdən kənarda saxladı. Ordu quruculuğunun təməl daşlarının Heydər Əliyev tərəfindən düzgün qoyulması, uğurlu siyasi varis İlham Əliyev tərəfindən davam etdirilməsi Böyük Qələbənin rəhninə çevrildi.

Tarix göstərir ki, hər hansı milləti kölə vəziyyətinə salmaq üçün ona keçmişini, milli ənənələrini unutdurmaq və yaxud da kökündən uzaqlaşdırıb yaxın çağlara gətirmək yetərlidir. Xalqın qərinələr boyu formalaşmış yüksək əxlaqi-mənəvi meyarlarını pak və sağlam niyyətlərlə qoruyaraq bütövlükdə cəmiyyətin pozitiv ruhda inkişafına təsir göstərmək, onun genetik yaddaşını, tarixi kimliyini, milli irs və özünəməxsusluğunu gələcək nəsillərə ötürmək kimi çətin missiya fenomenal şəxsiyyətlərin üzərinə düşür. Dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə töhfələrini verən, multikultural dəyərləri ilə seçilən, birgə yanaşı yaşamaq modelini nümayiş etdirən, müasirləşən və modernləşən Azərbaycan milli-mənəvi dəyərlərinə də böyük diqqət və həssaslıqla yanaşır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva xalqının zəngin milli-mənəvi irsinin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması naminə əzmlə çalışaraq bu missiyanı ləyaqətlə yerinə yetiriblər. Vətənpərvər gəncliyin yetişməsi və bu kontekstdə hərbi potensialının gücləndirilməsi daim dövlətimizin diqqət mərkəzində olub. Ordumuzun tarixi ənənələrə sahib olmasını heç vaxt unutdurmayan Ümummilli Lider Heydər Əliyevin xidmətləri müstəsna əhəmiyyətə malikdir. Özünü Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan etmiş Azərbaycan Respublikası, müstəqilliyinin ilk illərində oktyabrın 9-nu Ordu günü kimi qeyd etsə də, Ümummilli Lider Heydər Əliyev tarixi ənənəni yaşatmaq üçün 22 may 1998-ci il tarixdə Fərman imzalamış və Azərbaycan Xalq Cümhuriyyəti Ordusunun yaradıldığı 26 İyun tarixini Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan etmişdir. Bu ənənə Prezident İlham Əliyev tərəfindən davam etdirilmişdir. Azərbaycan Ordusunun tarixinin dərindən öyrənilməsi və təbliğ edilməsi xüsusi diqqət mərkəzində oldu. Bu mənəvi tərbiyə 44 günülük Vətən müharibəsi dönəmində özünü bariz şəkildə göstərdi.

Artıq möhtəşəm zəfərimiz tarix dərsliklərinin səhifələrində gənc nəslin vətənpərvərlik ruhuda yetişməsində töhfələr verir.

Tarix yaradan sərkərdə, Ali Baş Komandan İlham Əliyevin böyük qürurla söylədiyi “Mənim dövrümdə yetişən vətənpərvər Azərbaycan gəncliyi Qarabağı azad etdi” fikrinin əsas leytmotivini tarixi ənənələrə söykənən vətənpərvərlik tərbiyəsinin nəticəsi təşkil edirdi.

Azərbaycan hərb tarixinin öyrənilməsi məsələsini daim diqqət mərkəzində saxlayan cənab İlham Əliyevin 20 noyabr 2014-cü il tarixdə görkəmli hərbi xadim Əlağa Şıxlinskinin 150 illik yubileyinin keçirilməsi ilə bağlı fərmanında yazılır: “XX əsrin əvvəllərindən etibarən irimiqyaslı hərbi əməliyyatların iştirakçısı kimi general Əlağa Şıxlinski döyüş meydanlarındakı şücaətləri və artilleriya nəzəriyyəsinə gətirdiyi yenilikləri ilə hərb tarixinə parlaq səhifələr yazmışdır. O, Azərbaycan Xalq Cümhuriyyətinin mühüm dövlət təsisatları yaradılarkən milli qoşun hissələrinin təşkilində, müstəqil ordu quruculuğunda müstəsna fəaliyyət göstərmiş, sonrakı dövrlərdə də hərbi andına sadiq qalaraq ölkənin silahlı qüvvələrinin formalaşdırılmasına töhfələr vermişdir”.

Prezident İlham Əliyevin 29 sentaybr 2015-ci il tarixdə AXC-nin hərbi naziri olmuş Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncamında qeyd edilir: “General Səməd bəy Mehmandarov döyüş meydanlarındakı yüksək peşəkarlığı və zabit şərəfinə hədsiz sədaqəti ilə Azərbaycan xalqının hərb salnaməsinə unudulmaz səhifələr yazmışdır. Azərbaycan Xalq Cümhuriyyəti yaradılarkən ordu quruculuğu prosesinin bütünlüklə milli zəmin üzərində həyata keçirilməsi, hərbi potensialın məharətlə istiqamətləndirilməsi və konkret tarixi şəraitdə ölkənin ərazi bütövlüyünün, hərbi təhlükəsizliyinin layiqincə təşkil edilməsi məhz onun fəaliyyətinin nəticələridir”.

Azərbaycan hərb tarixinə yüksək ehtiram gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsi, eyni zamanda Prezident İlham Əliyevin soy-kokümüzə, tarixi ənənələrimizə sonsuz ehtiramın nümunəsidir.

Bütün bunlar tarixi Zəfərin təsadüfi olmadığını və bu Qələbəyə həsr edilmiş Zəfər paradının keçirilməsi də 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi, Müzəffər Ali Baş Komandan ünvanını qazanmış Prezident İlham Əliyevin Azərbaycan tarixi qarşısında xidmətlərinin mükafatı idi.

Ulu Öndər bu günləri görürmüş kimi cənab İlham Əliyev haqqında söylədiyi “Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” fikri həyatda öz əksini tapdı. Ölkə Prezidenti kimi İlham Əliyevin 2003-cü ildə keçirilən andiçmə mərasimində ifadə etdiyi “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövlətə çevriləcəkdir. Bütün bunları etmək üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm, Heydər Əliyevin siyasətini davam etdirəcəyəm”. Ulu Öndər Heydər Əliyevin xalqımızın xöşbəxt gələcəyinə hesablanmış siyasətinin ardıcıl olaraq uğurla davam etdirilməsi şanlı qələbəmizin akkordlarına çevrildi.

QARDAŞLIĞIN REAL TÖHFƏSİ

İki il əvvəl keçirilən Zəfər paradında çıxış edən İlham Əliyev vurğuladı ki, Azərbaycan 44 gün ərzində parlaq qələbə qazanaraq Ermənistanı məğlub etdi, işğala son qoydu. Bu 44 günün hər günü bizim şanlı tariximizdir: “Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın və buna nail olduq”.

Ali Baş Komandan bir daha xatırlatma etdi ki, Azərbaycan əraziləri 30 ilə yaxın işğal altında idi. 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti torpaqlarımızın işğal altına düşməsinə səbəb olmuşdu. Əslində, Ermənistanın təcavüzkar siyasəti hələ 1980-ci illərin sonlarından başlamışdı. O vaxt indiki Ermənistan Respublikasında yaşamış 100 minlərlə azərbaycanlı öz dədə-baba torpaqlarından didərgin salınmışdı: “Zəngəzur, Göyçə, İrəvan mahalı bizim tarixi torpaqlarımızdır. Bizim xalqımız bu torpaqlarda əsrlərboyu yaşayıb, ancaq Ermənistan rəhbərliyi o vaxt 100 minlərlə azərbaycanlını öz doğma torpaqlarından didərgin salmışdır. Ondan sonra Dağlıq Qarabağda eyni mənzərə müşahidə olunurdu, Ermənistan tərəfi zor gücü ilə Azərbaycanın dinc əhalisinə qarşı hərbi cinayət törətmiş, Xocalı soyqırımını törətmişdir. Ondan sonra 1992-ci ilin may ayında Şuşa şəhərinin və Laçın şəhərinin işğala məruz qalması Ermənistanla Dağlıq Qarabağ arasında coğrafi bağlantı yaratmışdır. 1993-cü ilin aprel ayında Kəlbəcər rayonunun işğal altına düşməsi bizim vəziyyətimizi daha da ağırlaşdırdı və faktiki olaraq sonrakı işğalçılıq siyasətinin davam etdirilməsinə səbəb oldu!”

Zəfər paradında tarixi anların şahidi olduq. Şuşa azad edildikdən sonra Azərbaycan hərbçiləri tərəfindən şəhər üzərində qaldırılan bayrağımız parada gətirilərək nümayiş etdirildi. Vətən müharibəsində Azərbaycanın qələbəsi şərəfinə 2020-ci il dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş Zəfər paradında 3000 Azərbaycan əsgəri və zabiti ilə yanaşı, türk əsgər və zabitləri də iştirak etdilər. Paradı Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyev və fəxri qonaq qismində dəvət olunmuş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qəbul etmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri də iştirak etmişdilər. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi beynəlxalq ictimaiyyətə ciddi mesaj idi. Azərbaycan və türk əsgərlərinin çiyin-çiyinə Azadlıq meydanından keçməsi qardaş xalqların tarixində əbədi qalacaq qürurverici hadisədir.

Həmin gün ölkəmizin bütün şəhərlərinin Azərbaycan və Türkiyə bayraqları ilə bəzədilməsi xalqların mənəvi yaxınlığının təzahürüdür. Zəfər paradının ən təsirli və yaddaqalan anlarından biri də qardaş türk xalqının əsgərlərinin iştirakı idi. Türk əsgərləri həm də şəhidlərimizin rəmzinə çevrildilər. 44 günlük Vətən müharibəsində 2783 Azərbaycan əsgəri şəhid olmuşdur. Məhz Zəfər paradında 2783 türk əsgəri iştirak etməklə şəhidlərin ölməzliyini nümayiş etdirdilər.

Ermənistanın süqutunun göstəricisi

Hərbi paradların keçirilməsi, şübhəsiz ki, həmin ölkənin hərbi qüdrətinin nümayiş etdirilməsi kimi əsas amillərdən biridir. Zəfər paradı qələbəmizin təntənəsini göstərməklə bərabər hərbi qüdrətimizi də nümayiş etdirdi.

Azərbaycanın Vətən müharibəsində möhtəşəm Qələbəsinə həsr olunmuş Zəfər paradında 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdirilmişdir. Həmçinin müharibə zamanı qənimət kimi ələ keçirilmiş Ermənistana məxsus hərbi texnikanın bir qismi nümayiş olunmuşdur.

Vətən müharibəsində qələbə münasibətilə Prezidentin təşəbbüsü ilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”.

Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına ehtiramın təzahürüdür. Vətən müharibəsində iştirak etmiş, aparılan döyüş əməliyyatlarının uğurla nəticələnməsinə töhfə vermiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuları və mülki işçiləri, habelə müvafiq qurumların ön cəbhədə fədakarlıq göstərmiş əməkdaşları və mülki işçiləri yüksək orden və medallarla təltif edilib və bu proses hazırda da davam etdirilir.

Hərbi qələbəmizin əbədiləşdirilməsi həmçinin xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi Zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər Muzeyinin yaradılması haqqında sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının təşəbbüskarı olub.

Onu da qeyd edək ki, Hərbi Qənimətlər Parkının yaradılması Ermənistanda etirazlarla qarşılanmışdı. Azərbaycanın təşəbbüsü ilə ölkəmizə qarşı törədilmiş qanunsuzluqlarla bağlı Beynəlxalq Məhkəmədə iddialar qaldırılmışdır. Ermənistan tərəfinin Hərbi Qənimətlər Parkının fəaliyyətinin dayandırılması ilə bağlı Beynəxalq Məhkəmədə vəsatəti rədd edilmişdir. Hərbi Qənimətlər Parkı müharibənin miqyasını və Qələbənin möhtəşəmliyini göstərir. Yaradılmasına bu ilin yanvar ayından başlanılan və 5 hektar ərazini əhatə edən park paytaxtın Xətai rayonunun ərazisindədir. Parkdakı eksponatlar arasında Silahlı Qüvvələrimizin ermənilərdən qənimət götürdüyü 2 mindən çox hərbi avtomobilin nömrə nişanlarından hazırlanan və üzərində “Qarabağ Azərbaycandır!” şüarı əks olunan kompozisiya, Ermənistan tərəfindən törədilən müharibə cinayətləri, o cümlədən döyüş bölgəsindən uzaq olan ərazilərimizin raket zərbələrinə məruz qalması, dinc sakinlərin qətlə yetirilməsi və yaralanması barədə faktlar, düşmən tərəfindən Azərbaycan ərazisinə atılmış “İsgəndər-M” raketinin qalıqları var. Burada Vətən müharibəsinin gedişində düşməndən qənimət götürülən hərbi texnikanın bir qismi, ümumilikdə 300-dən çox eksponat, o cümlədən 150-dək ağır texnika, tanklar, döyüş maşınları, artilleriya qurğuları, zenit-raket kompleksləri, atıcı silahlar, hərbi nəqliyyat sərgilənir. Təqdim edilən eksponatlar, 10 səddən ibarət müdafiə sistemi, sığınacaqlar, hərbi kazarmalar, Vətən müharibəsinin gedişatı barədə məlumatlar Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırmağa geniş imkan yaradır.

TÜRK DÜNYASINI BİRLƏŞDİRƏN LİDER

Heç kimə sirr deyil ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun əks-həmlə əməliyyatının dayandırılması ilə bağlı ciddi təzyiqlər olmuşdur. Bu hadisə barəsində cənab İlham Əliyevin fikirləri maraq doğurur: “Ermənistan da gördü, dünya da gördü, heç kim bizi saxlaya bilmədi. Müharibə dövründə bizi saxlamaq istəyənlər olub, kifayət qədər güclü dairələr olub, amma bizi dayandıra bilmədilər”.

Məhz cənab İlham Əliyevin möhkəm iradəsi, prinsipiallığı bu məsələdə də müstəsna rol oynamışdır. Cənab Prezident Qələbə haqqında danışarkən bunu məhz Azərbaycan xalqının qələbəsi hesab etmişdir: “O ki qaldı Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır”.

Qarabağda əldə etdiyimiz tarixi qələbənin əhəmiyyətli nəticələrindən biri də Naxçıvanla birbaşa əlaqəni bərpa etmək üçün 1921-ci ildə sovet imperiyasının türk dövlətlərini parçalamaq naminə Ermənistana hədiyyə etdiyi Zəngəzur dəhlizinin açılması olacaq. Bu strateji yol Naxçıvanla birbaşa əlaqənin bərpasına, muxtar respublikanın nəqliyyat blokadasından çıxmasına imkan yaratmaqla yanaşı, həm türk dünyası, həm də region ölkələri üçün gələcəyə açılan bir qapıdır. Bütövlükdə Qafqazın sülh və inkişaf bölgəsinə çevrilməsində regional və beynəlxalq əhəmiyyət daşıyacaq bu dəhlizdən keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirməklə bərabər, eyni zamanda digər ölkələr üçün də əlavə imkanlar yaradacaq. Xüsusilə qeyd etmək lazımdır ki, Avropa ilə Asiyanı bağlayacaq əsas yolun - Zəngəzur dəhlizinin açılması bütün türk dünyasında yeni bir mərhələnin başlanğıcı olacaqdır.

Prezident İlham Əliyev keçən il aprelin 20-də Azərbaycan Televiziyasına müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı öz münasibətini belə bildirdi: “Biz öz maraqlarımızı təmin etmək üçün lazımi addımları atmalıyıq. Zəngəzur dəhlizinin yaradılması bizim milli, tarixi və gələcək maraqlarımıza tam cavab verir. Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də, zorla həll edəcəyik. Necə ki, mən müharibədən əvvəl və müharibə dövründə demişdim ki, bizim torpağımızdan öz xoşunuzla rədd olun, yoxsa sizi zorla çıxaracağıq. Belə də oldu. Zəngəzur dəhlizinin taleyi də eyni olacaq”.

Keçən müddət ərzində Qarabağda aparılan quruculuq işləri Böyük Qaydışın ən qısa zamanda gerçəkləşəcəyini göstərir. Füzuli, Zəngilan Hava Limanlarının açlışı Laçın Hava Limanıntezliklə tikilməsi müjdəsi Azərbaycanın həm iqtisadi həm siyasi qüdrətinin təzahürdür. Lakin bu qədər məğlubiyyətdən sonra erməni təxribatları ara vermir. N.Paşinyanın qeyri-adekvat davranışları Kəlbəcər-Laçın istiqamətində döyüş mövqeylərimizin davamlı olaraq atəşə tutulması 12-13 sentyabr tarixində dəmir yumruğun yerində olduğunu bir daha göstərdi. Azərbaycan ordusu baş vermis təxribatın qarşısını çox böyük şücaətlə aldı.

Azərbaycanın paralel olaraq mənfur düşmən və havadarları ilə diplomatik müstəvidə apardığı savaş da ölkəmizin tam üstünlüyü ilə davam edir. İndiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstərir ki, fitnə dolu planlarla Azərbaycana yenidən təsir göstərmək istəyirlər. Lakin cənab Prezident İlham Əliyev İkinci Qarabağ müharibəsindəki Qələbəni inamla qoruyub saxlayaraq hər kəsin layiqli cavabını verir. Məsələn, bu yaxınlarda Soçi görüşünü xatırlayaq. Rusiya Prezidenti Vladimir Putinin “Valday”da birbaşa Ermənistana ünvanlanan mesajlarından sonra Paşinyanın təxribatçı bəyanatları - Rusiyanın təklif etdiyi sülh sənədini imzalamağa, Qarabağdakı sülhməramlılarının mandatını uzatmağa və Ermənistan Sərhəd Xidmətinin səlahiyyətlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinə verməyə hazır olduğunu deməsi müqabilində Soçidə üçtərəfli görüşdən öncə Azərbaycan və Rusiya prezidentlərinin görüşündə İlham Əliyevin “Qarabağ münaqişəsi artıq tarixdə qalıb. O, iki il bundan əvvəl həll edilib” mesajı həm erməni təbliğatını, həm də rus niyyətini alt-üst etdi. Azərbaycan atəşkəs olandan sonra üzərinə düşən bütün vəzifələri yerinə yetirib. Nəzərdə tutulan Laçın koridoruna alternativ yolu təhvil verib, bütün əsirlər təhvil verilib və 10 noyabr tarixində razılaşdırılmış sülh sazişini imzalamağa hazırdı. Ermənistan isə tam əksinə, öhdəlikləri icra etmir - nə Qarabağdan silahlılar çıxır, nə də nəqliyyat xətlərinin bərpasına başlayır, nə də sülh sazişini imzalamaqda maraqlı görünür. Bir çox qara qüvvələr də onlara siyasi dəstək verərək qərəzli mövqe tutmaqdadır. Məsələn, bir tərəfdən ABŞ Prezidenti Paşinyana məktubunda “Dağlıq Qarabağ xalqı” ifadəsini işlədir, digər tərəfdən Fransa Prezidenti Ermənistanı qızışdırır ki, sülh sazişi ilə bağlı təşəbbüsləri rədd etsin, və. s Fransa Prezidenti Makronun çoxüzlü siyasəti və bu məsələ fonunda açıq-aşkar ədalətsiz münasibəti cənab Prezident İlham Əliyevin kəskin qəzəbinə səbəb oldu. Belə syasətin cavabı özünü çox gözlətməyib. Əlcəzairdə Ərəb Dövlətləri Liqasının 31-ci Zirvə toplantısında çıxışı zamanı Prezident İlham Əliyevin Fransanın adını çəkərək belə ədalətsiz münasibətlərə görə Fransa Prezidenti Emmanuel Makrona xatırladıb ki, "Fransanın Əlcəzair xalqına qarşı törətdiyi qətliam dünyanın heç vaxt unutmamalı olduğu bir hadisədir. Fransa Əlcəzair xalqına qarşı çox dəhşətli bir müharibə aparıb. Bu dəhşətli qətliam 1,5 milyon insanın ölümü ilə nəticələnib".

BÖYÜK QAYIDIŞ

Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra bölgədə yeni reallıqlar yaradaraq şərtlərini də özü diktə edir. Qazanılan Zəfər təkcə öz ərazi bütövlüyünü bərpa etmədi, eyni zamanda, beynəlxalq hüququ, ədaləti, o cümlədən azərbaycanlı keçmiş məcbur köçkünlərin öz doğma yurdlarına qayıdış hüququnu da təmin etdi. Qarabağın bərpası dünyada analoqu olmayan, böyük bir meqa layihədir. Bu gün ən sevindirici hallardan biri də odur ki, 30 illik həsrətdən sonra doğma dədə-baba yurdlarımıza qayıdırıq. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz öz gücü ilə bəxş etdiyi bu tarixi Qələbə fonunda BÖYÜK QAYIDIŞ Azərbaycanı dünyada rəsmən qalib ölkə kimi, Ermənistanı isə məğlub ölkə kimi tanıdır.

Bu gün Şuşa, Füzuli, Kəlbəcər, Cəbrayıl, Zəngilan və Qubadlıda tikinti-quruculuq işləri davam edir. Nəzərdə tutulan bir neçə enerji yarımstansiyaların tikintisi qısa müddətdə başa çatdırılaraq istifadəyə verilib, digər enerji infrastrukturu obyektlərində bərpa və gücləndirmə işləri davam etdirilir. Həmçinin işğaldan azad edilmiş ərazilərdə "Yaşıl enerji" zonasının tətbiq edilməsinə dair konsepsiya hazırlanıb. Dövlət başçısı İlham Əliyevin 2 fevral 2021-ci il tarixili Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiqlənib ki, bu da növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair aşağıdakı beş Milli Prioritet reallaşdırılmalıdır:

1. Dayanıqlı artan rəqabətqabiliyyətli

2. İqtisadiyyat; dinamik, inklüziv və sosial ədalətə əsaslanan cəmiyyət;

3. Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı;

4. İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış;

5. Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi.

İşğaldan azad edilmiş ərazilərin bərpa olunan enerji mənbələri üzrə potensialı 10 min meqavata yaxındır və bu potensial əsasında 4 il ərzində ümumi gücü 780 meqavat olan külək, günəş və iri su elektrik stansiyalarının inşası nəzərdə tutulur. Ümumi gücü 33,4 meqavat olan 7 kiçik su elektrik stansiyasının bərpa-tikintisi həyata keçirilir. İki ilə yaxın müddətdə 11 kiçik su elektrik stansiyasının bərpası enerji sisteminə 54 meqavata yaxın istehsal gücü qazandırır. Bunlardan əlavə, yaxın illərdə Araz çayı üzərində 140 meqavat gücündə "Xudafərin" və "Qız qalası" hidroqovşaqları və su elektrik stansiyalarının istismara verilməsi də regionun "yaşıl" inkişafına öz töhfəsini verəcək.

Hazırda bu istiqamətdə BP şirkəti ilə Cəbrayılda illik təxminən 500 milyonkilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılan 240 meqaavat gücündə "Şəfəq" günəş elektrik stansiyası layihəsi üzrə işlər aparılır. Həmçinin Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə quruda və dənizdə ilkin mərhələdə 4 geqavat gücündə, növbəti mərhələdə isə 6 geqavat gücündə həyata keçirəcəyimiz günəş və külək enerjisi layihələrinin bir qismi məhz bu əraziləri əhatə edir. Beləliklə bərpa olunan enerji növlərinin işğaldan azad edilmiş ərazilərimizdə də xarici investisiya hesabına inkişafı artıq reallıqdır. Qarabağ Azərbaycandır! Erməni siyasətçilər bu reallığı nə qədər tez anlayaraq qəbul etsələr, erməni əhalisinə çatdırmağı bacarsalar, onlar üçün bir o qədər yaxşı olar və Ermənistanın bir dövlət kimi yaşamasına xidmət etmiş olarlar. Əks halda Dəmir Yumruq başa salacaq!

Bir daha Zəfər bayramımız mübarək!