“Wall Street Journal” Ağ Evdəki mənbələrinə istinadən yazır ki, Vaşinqton və Seul arasında bağlanan qeyri-adi razılaşma nəticəsində Cənubi Koreya istehsalı olan artilleriya mərmiləri Ukraynaya çatdırılacaq.
Qəzetin məlumatına görə, ABŞ Cənubi Koreyadan 155 mm-lik haubitsalar üçün 100 min mərmi alacaq. Mütəxəssislərin fikrincə, bu mərmilər bir neçə həftəlik gərgin döyüşlər üçün kifayət etməlidir. Belə bir razılaşma Seula imkan verəcək ki, Kiyevə silah verməməklə bağlı ictimai mövqeyinə sadiq qalsın. Bununla yanaşı, Cənubi Koreya ən yaxın müttəfiqi olan ABŞ-ın tələbini yerinə yetirir və sursat ehtiyatları sürətlə tükənən Ukraynaya yardım əli uzadır.
Qəzetin yazdığına görə, iki ölkənin Müdafiə nazirləri arasında razılaşma Şimali Koreyanın Rusiyaya artilleriya mərmiləri tədarükü barədə məlumat yayıldıqdan az sonra əldə olunub.
Qeyd edək ki, Rusiyanın bu ölkədən mərmilər alması Rusiyadakı hərbi-sənaye kompleksinin məhdud imkanlarından xəbər verir. Ukraynaya qarşı aparılan işğalçı müharibə zamanı ordunun sürsat ehtiyatı kəskin azalıb.
Xatırladaq ki, sentyabrda Polşa Cənubi Koreya ilə tank, haubitsa və raket sistemlərinin tədarükü üçün təxminən 6 milyard dollarlıq müqavilə imzalayıb. Belə bir razılaşma sayəsində Varşava öz ordusunun döyüş qabiliyyətini saxlamaqla Ukraynanı silahla təmin edə biləcək.
Seul indiyədək Ukraynaya yalnız gülləkeçirməz jiletlər, dəbilqələr və tibbi ləvazimatlar göndərib, Rusiya ilə yaxşı münasibətlər saxlamaq istədiyini vurğulayaraq, hərbi silah tədarük etmək niyyətində olmadığını vurğulayıb.
Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlama bildirilib ki, bu məsələ ilə bağlı danışıqlar zamanı söhbət ABŞ-ın sursat arsenalının artırılmasından gedir. Seul mərmilərin Amerika ordusu tərəfindən istifadə ediləcəyini güman edir. "Cənubi Koreyanın Ukraynaya öldürücü silah tədarükündən imtina ilə bağlı mövqeyi dəyişməz olaraq qalır", - Müdafiə Nazirliyi bəyan edib.
"AzPolitika.info"


Şərhlər