Menu

"Qanunlara dəyişikliklər ictimai müzakirəyə çıxarılmır" - "Ona görə BMT bizə sıfır bal verir..."

11.11.2022, 17:26
"Qanunlara dəyişikliklər ictimai müzakirəyə çıxarılmır" - "Ona görə BMT bizə sıfır bal verir..."

"Milli Məclisin komitə və komissiyaları az qala hər gün açıqlama verirlər ki, hansısa bir qanun layihəsi müzakirə edilib və plenar iclasa tövsiyyə edilib. Maraqlıdır ki, bu qanun layihələrinin bəzilərini tapmaq ciddi müşkülə çevrilir. Mövcud normalar tələb edir ki, bu tip layihələr dərhal ictimai müzakirəyə çıxarılmalı və müzakirə üçün də imkanlar yaradılmalıdır. Amma aidiyyatı dövlət qurumu və Milli Məclis bu məsələlərə laqeyd yanaşır".

"AzPolitika.info" xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

Ekspertin sözlərinə görə, Milli Məclisin saytında “Qanun layihələri” bölməsi və ictimai müzakirə imkanı yaradılsa da, diqqət yetirdikdə görmək olar ki, cəmi bir neçə qanun layihəsi müzakirə üçün yerləşdirilib.

"Müzakirəsi gedən, müzakirəyə təqdim edilən bir çox layihələr isə yoxdur", - o əlavə edib.

O.Gündüz misal kimi həmin bölmədə yetərincə ictimai əhəmiyyət kəsb edən qanun layihələrinin “gizli” saxlanılığını qeyd edib:

-“Telekommunikasiya haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

-Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş). Məcəlləyə 42 maddə, 112 bənd üzrə bir neçə istiqamətdə dəyişikliklər təklif olunur.

-“Lisenziyalar və icazələr haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş);

- “Elektron imza və elektron sənəd haqqında” qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi, ikinci oxunuş;

- “Ali təhsil haqqında” qanun layihəsi və s".

Ekspert xatırladır ki, məhz bu tip problemlərə görə BMT cari ilin “Elektron hökumətin inkişafı” ilə bağlı Hesabatında vətəndaşların dövlət idarəetməsində, qanun və qərarların qəbul edilməsində iştirakı imkanlarını nəzərdə tutan “Elektron iştirakçılıqla” bağlı hissədə Azərbaycana sıfır bal verib.

"Hansı ki, bu Hesabata görə Azərbaycan xeyli geriləyib. Xatırladıram ki, Prezident də bütün çıxışalarnda ictimai nəzarət imkanlarının genişləndirilməsinə diqqət yönəldir. Amma göründüyü kimi hələlik elə bir dəyişiklik yoxdur. Məsul şəxslər ictimai iştirakçılıq üçün, qanun və qərarların qəbulunda iştirak üçün imkanlar yaratmaqda maraqlı görsənmirlər", - Osman Gündüz vurğulayıb.

"AzPolitika.info"

Şərhlər

TexNadzor 2022-11-11 20:55:18

Haqlı iraddır. Süverenliyə tələskənlikdən təndirə salınan Azərbaycan 35 ci ildir həmin siyasi-hüquqi təxribatların alovundan qurtula bilmir? Xaricdən, yuxarıdan ismarıç və Daxildə operativ, bəzən mülahizəsiz belə qəbul? Elə qərar, qayda və qanun var ki, onu vətəndaşların və MM necə qəbul etdiyi şübhə doğurmaya bilməz?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol