İranın anti-Azərbaycan siyasəti daha aydın formalar aldıqca, molla rejiminin Azərbaycandakı gizli və aşkar hücrələri özlərini daha böyük həyasızlıqla büruzə verməyə başlayırlar. Bu sıraya təkcə din pərdəsi arxasında gizlənən və gerilik təcəssümü olan məzhəbçi, təxribatçı qüvvələr deyil, özlərini guya Qərb dəyərlərinin, demokratiya, insan haqq və azadlıqları ideyalarının daşıyıcıları adlandıran, əslində isə Azərbaycandan başqa kimin desən maraqlarına xidmət etməyə hazır olan siyasi ünsürlər də daxildir.
İranın ölkəmizə qarşı “səlib yürüşü” və molla rejiminə Azərbaycan dövlətinin layiqli, kəskin siyasi-diplomatik cavablar verməsinin fonunda AXCP kimi özünü partiya adlandıran dərnəyin və Qərb ölkələrindəki söyüş müxalifətinin birgə fəaliyyətə keçməsi, aktivləşməsi müşahidə olunur. Məhz dövlətimizin bir yandan Ermənistan və onun şimaldakı və Qərbdəki havadarları ilə ağır siyasi-diplomatik qarşıdurmada olduğu, digər yandan isə İrandakı rejimin təhdidləri ilə mübarizə apardığı bir dönəmdə AXCP-nin Bakıda aranı qarışdırmaq, cəmiyyətdə qarşıdurma mövcudluğu görüntüsü yaratmaq üçün “Azad seçki”, “Sərbəst toplaşmaq azadlığı”, “Siyasi məhbuslara azadlıq” kimi mücərrəd və günümüzdə aktuallıq daşımayan, Azərbaycanın hazırda apardığı mübarizə ilə heç bir əlaqəsi olmayan və onunla bir araya sığmayan şüarlarla aksiyalar keçirmək cəhdləri millətimizə, xalqımıza, dövlətimizə qənim kəsilmiş düşmənə xidmət etməkdən başqa bir şey deyil.
Hazırda Azərbaycanda nə seçki keçirilir, nə də kütləvi siyasi aksiyalar üçün cəmiyyətdən hər hansı sifariş var. “Siyasi məhbus” məsələsinə gəlincə isə həmin bu “müxalifətçilər” artıq çoxdandır bu anlayışı gözdən salıb, az qala toyuq oğrularına da özlərinin hazırladıqları siyahılarda nəyinsə müqabilində yer veriblər. İrana xidmət edən Tale Bağırzadə də daxil olmaqla, bu siyahıdan olan təxribatçıların müdafiə olunması da bu qəbildəndir.

Bütün bunların fonunda, indiki mürəkkəb dövrdə bu cür “aksiyaların” təşkili nə demokratiyaya, nə də insan haqlarının qorunmasına xidmət edir. Burada məqsəd yalnız İran rejimi və Qərbdəki anti-Azərbaycan mərkəzlərinin sifarişlərini yerinə yetirməkdir. Əgər belə olmasaydı, son qısa dövrdə cəmiyyətdən heç bir tələb olmadığı halda AXCP 4 ardıcıl aksiya təşkil etməyə cəhd göstərməzdi.
Onu da xüsusi qeyd etməliyik ki, eyni proses xaricdə yaşayan ermənilər tərəfindən Azərbaycana qarşı yürüdülməkdədir. Belə ki, ermənilərin əsas havadarlarından olan Fransa Senatında anti-Azərbaycan sənədinin qəbulu ərəfəsində ermənilər xeyli aktivləşib. Bakıdakı məlum qüvvələrin də eyni anda aktivləşməsi qətiyyən təsadüfi görünmür...

Digər maraqlı məqam İran səfirliyi qarşısında noyabrın 15-də aksiya keçirmək istəyən Musavat Partiyasının və onun başqanı Arif Hacılının AXCP-nin informasiya, təbliğat resursları və Qərb ölkələrindəki söyüş müxalifəti tərəfindən hədəfə götürülməsidir.
Azərbaycan DTX-sının İranın yaratdığı və maliyyələşdirdiyi terrorçu dəstəsini ifşa etməsindən sonra “vay-şüvən qoparan” və həbs olunanların guya günahsız olduğunu iddia edənlər eyni həvəslə Musavatın və A.Hacılının üzərinə şığıyırlar. Bu, sifarişin eyni yerdən gəldiyinin bariz göstəricisidir.
Hansı ki, Musavatın İran səfirliyi qarşısında keçirmək istədiyi aksiya İrandakı rejimin anti-Azərbaycan fəaliyyətinə son qoyulması tələbi və cənubda yaşayan, hüquqları tapdanan, dinc aksiyalarda qətlə yetirilən və yaralanan həmvətənlərimizə dəstək məqsədi daşıyır. Məhz bu ərəfədə A.Hacılının və Musavatın hədəf götürülməsi, tənqid və təhqir edilməsi birbaşa İran rejiminə xidmətdən başqa bir şey deyil...
Yeri gəlmişkən, AXCP-nin İran və məzhəbçi təxribatçılara olan sevgisinin özünü partiya adlandıran bu dəstəni necə alçaltdığına dair xeyli nümunələr var. Onlardan birini xatırlatmaqda fayda var.
İran xüsusi xidmətinin qətlə yetirdiyi şübhə doğurmayan yazıçı Rafiq Tağının xatirəsi Milli Şurada yad edilərkən, iclasdakı İran xidmətçiləri - “müxalifətçi” islamçılar yerlərindən qalxmamışdılar. Ancaq bu, “demokratiya aşiqləri”nin toplaşdığı Milli Şura rəhbərliyini qətiyyən məyus və narahat etmədi. Çünki həmin şəxslərlə eyni məzhəbə, eyni maraqlara və dairələrə xidmət edirdilər və edirlər də.
Bütün bunların fonunda bu gün Bakıda keçirməyə cəhd edilən aksiya Azərbaycan düşmənlərinin ələ aldıqları ünsürlərin iniltisindən, mənasız çığırtısından başqa bir şey deyil. Azərbaycan güclü, stabil, dayanıqlı və mətindir. Ona nə İran, nə Ermənistan və onun havadarları, nə də Azərbaycana düşmən kəsilən digər mərkəzlərin qulluğunda duran həşəratlar bata bilməyəcəklər.
R.Əliyev
“AzPolitika.info”

Şərhlər
Deyəsən artıq Siz də söz tapmırsınız danışmağa,yazmağa.
Azərbaycanın mənafeyi olan yerdə, talehi həll olunan ərəfədə, Azərbaycanın dünya xəritəsində qalıb-qalmaması məsələsi gündəmdə olan zaman siyasi baxışlarından, hazırki hakimiyyətə münasibətindən asılı olmayaraq bütün umuküsüləri kənara qoyub yumruğu bir nöqtəyə vurmaq lazımdır. Əks halda həmin subyektləri də ermənilərin, farsların, fransızların əmisi oğlu, qardaşları kimi tanımaq lazımdır. AXCP-dən söhbət düşmüşkən, Əli Kərimlini o qədər də axmaq, ağılsız adam kimi tanımıram. Hesab etmirəm və inanmıram ki, o Azərbaycanın müstəqilliyinə xəyanət edə bilsin. Bu gün hamı bir məqsəd, bir amal uğrunda birləşməli, mübarizə apamaq istəyirsə bunu sivil qaydada həyata keçirməlidir. Xalq Cəbhəsi, Musavat hakimiyyəti çoxlarımızın xatirindədir. Həmin patriyadan olan şəxslərdən mənə yaxın olan dost-tanışlar da var idi. Əfsuslar olsun ki, onlar xalqın etibarını doğrultmadılar, küçədən keçən cəbhəçiləri, özlərinə yaxınları vəzifəyə təyin etdilər. İş o yerə çatmışdır ki, (yəqin ki, bu fikrə etiraz etməzlər) xidməti maşınlarının rəngi ilə bağlı mübahisəyə girişirdilər. Əli Kərimli məsul vəzifədə dövlət qulluqçusu olduğu halda həyat yoldaşını da Prezident Apparatına vəzifəyə gətirmişdi. Evdən işə, işdən evə iki xidməti maşınla gəlib gedirdi. Bu təkcə bir nəfərlə bağlı faktlardır. Musavat da o gündə idi. İsa Qənbər Milli Məclisə sədr seçildikdən sonra o das öz ətrafını formalaşdırmağa başladı, musavatçıları, Fizuli rayonundan olanları vəzifəyə gətirirdi. Belə faktlar yüzlərlədir. İddia etmirəm ki, hazırda vəziyyət əladır. Onu dəqiq bilirəm ki, İlham Əliyev xaricdəki düşmənlərlə haqq-hesabını çəkdikdən sonra ölkənin daxilindəki haqsızlığa, rüşvətxorluğa son qoyacaq.
R.Əliyev,elə deyirsən ki,sanki bütün xalq hakimiyyətdən razıdır. Polis əhaliyə zor tətbiq etməsə,o zaman narazı kütlə nə qədərdir anlayarsan...
məntiqdən kənar yazıdır , özünü jurnalist sayan insan azadlığı seçər . Özünə hörmət edənlər konstitusiyada verilmiş haqlarından istifadə etməlidir