“Mən ABŞ-ın Qafqaz danışıqları üzrə xüsusi müşaviri, səfiri Filip Rikerlə söhbət etmişəm və biz dövlət katibi Blinkenlə Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında bazar ertəsi Vaşinqtonda keçirilən görüş haqqında danışmışıq. O mənə dedi ki, hamınızın gördüyü bəyanatlardan başqa real konsensus var. Görüş açıq, səmimi və peşəkar keçib. Bu, irəliyə doğru bir addım idi”.
"AzPolitika.info" xəbər verir ki, bu fikirləri ABŞ-ın artıq mövcud olmayan ATƏT-in Minsk qrupundakı keçmiş həmsədri, səfir Riçard Hoqland "Amerikanın Səsi"nə müsahibəsində bildirib.
Onun sözləriə görə, dövlət katibi Blinken həqiqətən Cənubi Qafqazda sülh prosesinə sadiqdir, lakin bu, ABŞ-ın maraqlarına görə deyi: “Bunun səbəbi Birləşmiş Ştatların 10, 20, 30 il və daha çox müddət ərzində regionda mübahisəli ərazilərə görə dağıntılar, təhlükələr və ölüm hallarını müşahidə etməsi ilə bağlıdır və hazırkı administrasiya, prezident Baydenin Vaşinqtondakı administrasiyası heç bir başqa oyunçuya qarşı hərəkət etmir. Biz Cənubi Qafqaz xalqları naminə fəaliyyət göstəririk. Regionda 20 ildən artıq fəaliyyət göstərən bir şəxs kimi mən hökumətim tərəfindən bu addımların atıldığını eşitdiyimə çox şadam”.
Riçard Hoqland bildirib ki, dünyanın hansı yerində baş verməsindən asılı olmayaraq, kənar oyunçular kömək etməyə çalışsalar da problemi həll edə bilmirlər: “Əsl həll yolu problemi olan ölkələrin liderlərinin özlərindən gəlməlidir. İki lider deməlidir ki, “bəsdir, artıq bölgədə sülhün vaxtı çatıb”. Amma təkcə bu deyil, onlar həm də öz əhalisini “işlər müəyyən qədər dəyişəcək, biz övladlarımız və nəvələrimiz üçün uzunmüddətli sülh və regionda firavanlığın olduğu məqama gəlib çatacağıq. Amma siz bizə etibar etməlisiniz” demək üçün hazırlamalıdırlar. Onlar insanlara deməlidirlər ki, “biz ən müsbət istiqamətdə irəliləyəcəyik”. Mən ümid edirəm ki, liderlər bunu edəcəklər”.
Hoqlandbu yaxınlarda Azərbaycana səfəri haqda da danışıb. O, səfərdən sonra regionda sülhün bərqərar olacağına ümidinin yarandığını bildirib: “Biz ümidin olduğuna inanmalıyıq. Bəli, siz haqlısınız. Bu ilin əvvəlində mənim əvvəllər işğal olunmuş əraziyə avtomobil yolu ilə səyahət etmək kimi fövqəladə imkanım oldu. Mən Şuşa şəhərinə bir daha səfər etmək şərəfinə nail oldum. Artıq həmin vaxt bərpa işlərinin getdiyini görməyimə çox şad oldum. Mən bilirəm ki, o vaxtdan bəri daha çox işlər görülüb. Biz orada yaşayan insanlarla söhbət etdik və onlar dedilər ki, “biz uşaqlarımızı və nəvələrimizi sülh və təhlükəsizlik mühitində böyüdə biləcəyimizə ümid edirik”. Dünyanın hər yerində insanların istədiyi budur və biz ümid edirik ki, regionun xalqları üçün də bu belə olacaq. Ümid edirəm ki, əgər Azərbaycan və Ermənistan hökumətləri bunu izləyirlərsə və biz onların bu proqramları izlədiyini bilirik, o zaman onlar ABŞ-ın mövqeyinin əslində nə olduğunu eşidəcəklər. Biz burada ona görə deyilik ki, özümüzü mərkəzdə qoymaq istəyirik. Biz təsir etmək istədiyimizi söyləmək üçün də burada deyilik. Bizim tariximizdə bir neçə dəfə olduğu kimi biz kömək göstərmək üçün fəaliyyət göstəririk. Biz regionun xalqları üçün mümkün olan ən yaxşı nəticəni görmək istəyirik. Regionda sülh, təhlükəsizlik, iqtisadi artım üçün imkan var. Gəlin bunun necə baş verdiyini görək. Liderlərin insanları bir araya gətirə bilməsinə imkan verilsin ki, bu baş versin. Bu şəxsən mənim mesajım olardı”.


Şərhlər