Əməkdar jurnalist Azər Ayxanın baş redaktor olduğu yeni sayt – “Global.info.az” saytı bu gündən fəaliyyətə başlayıb.
“Dövlətimizin, ölkəmizin informasiya sərhədlərinin qorunmasında bizim də xidmətimiz olsun dedik. Allah utandırmasın. Hər kəsə dəstəyi, xeyir-duası üçün bəribaşdan təşəkkür edirik. Bizi ziyarətə gəlmək istəyən dostlara redaksiyamızın və ürəyimizin qapılarını indidən açmışıq”, - “Azər Ayxan bu barədə “Facebook” səhifəsində yazıb.
Sayt avqust ayından test rejimində işə başlayıb, sentyabr ayından onlayn yayımdadır. Noyabrın 7-dən saytın ilkin heyəti formalaşıb və ofisə köçüb. Artıq 8 gündür sayt özəl xəbərlərlə, müsahibələrlə, açıqlamalarla və təhlil məqalələrlə oxucuların xidmətindədir.

Azər Ayxan Bakupozt.az-a açıqlamasında bildirib ki, “Globalinfo.az” Azərbaycan və dünya gündəminin əsas xəbərlərini, o cümlədən, təhlil və araşdırma materiallarını, eksklüziv müsahibə və reportajları oxuculara operativ və yüksək keyfiyyətlə təqdim edəcək. Sayt müasir medianın şərtlərinə, qanunvericiliyin tələblərinə riayət edən media resursu kimi fəaliyyət göstərəcək.
“Globalinfo.az”-da bir çox tanınmış imzaların da köşə yazılarına, müəllif məqalələrinə yer veriləcək.
Qeyd edək ki, Azər Ayxan 1991-ci ilin noyabrından mətbuatdadır. O, 30 ildən çox “Yeni Müsavat” qəzetində müxtəlif vəzifələrdə çalışıb. 2005-ci ilin yanvarından 2022-ci ilin iyul ayına kimi qəzetin baş redaktoru olub. Bu il iyulun 6-da tutduğu vəzifədən istefa verib.
“AzPolitika.info”


Şərhlər