Qazaxıstanda Rusiyanın estrada müğənnisi Polina Qaqarinanın konserti ləğv olunub. On minlərlə Qazaxıstan sakini sosial şəbəkələrdə müharibəni dəstəkləyən sənətçinin onların ölkəsində konsert vermək planlarına etirazlarını bildirmişdilər.
Qazaxıstanın Arbat.media saytının yaydığı məlumata görə, Qaqarinanın konserti fevralın 14-də Almatıda müğənninin “Tərksilah olunmuşam” adlı turunun çərçivəsində keçirilməli idi. Bu konsertin anonsu sosial media platformalarında görünən kimi Qazaxıstan istifadəçiləri qəzəbli postlar yazmağa başlamışdlar. Onlar “Z-aktrisanın” ölkəyə dəvət edilməsinə etiraz bildirirdilər.
“Z” işarəsi Rusiyanın Uktraynaya əsassız və səbəbsiz müdaxiləsinin simvoluna çevrilib. Ukraynadakı Rusiya hərbi texnikası “Z” hərfi ilə nişanlanır, hətta Rusiya dövlət telekanallarının aparıcıları və qonaqları bu simvolun nişanlarını yaxalarına taxırlar.
“Azadlıq” radiosunun Rus xidməti yazır ki, konsertin ləğv olunması rəsmi səviyyədə elan olunmayıb, lakin onun anonsları konsert təşkilatçısının və bilet agentliklərinin saytlarından yoxa çıxıb. Daha sonra sosial şəbəkələrdə müğənninin şəkli olan skrinşot peyda olub. Bu skrinşotda konsertin ləğv olunduğu yazılıb.
Polina Qaqarina Rusiyanın Ukraynaya müdaxiləsini açıq şəkildə dəstəkləyib. O, fevralın 25-də müğənni Nikolay Baskovun postuna layk qoyub. Baskov bu postunda müharibəni “sülhməramlı əməliyyat” adlandırmışdı.
Qaqarina habelə ötən mart ayında Moskvanın Lujniki stationunda Krımın ilhaqının ildönümünə həsr olunmuş konsertdə iştirak etmişdi. Amma noyabrın əvvəllərində Qazaxıstanda Filip Kirkorovun iki konserti olub. Halbuki o da müharibəyə dəstək bildirmişdi.
“AzPolitika.info”


Şərhlər
Gör-götür dünyasıdır. Qazaxstan bizim müttəfiqimiz, dostumuz, qan qardaşımızdır (əhali nəzərdə tutulur). Rusiya ilə nə qədər yaxın iqtisadi bağlantımız olsa belə oxşar hərəkətlər tərəfimizdən həyata keçirilməlidir. Hər halda biz Rusiyasız da yaşaya bilərik. Biz Rusiyaya hava, su kimi lazımıq. Xoruz banlamırdı səhər açılmırdı?. Bu ölkə bizi öz vassalı hesab edir və inanmıram ki, nə vaxtsa bizdən əl çəkə. Bəlkə Allahın izni ilə Ukrayna müharibəsində məğlub ola, ondan sonra bu Allahsız dövlətdən bizim də canımız qurtara. Polina Qaqarina, Nikolay Baskov, Lev Leşenko dünya şöhrətli müğənnidirlər. Lakin fakt faktlığında qalır. On minlərlə Qazaxıstan sakini sosial şəbəkələrdə müharibəni dəstəkləyən sənətçinin (Polina Qaqarinanın) onların ölkəsində konsert vermək planlarına etirazlarını bildirmələri təqdirə layiq hərəkətdir. Güman edirəm ki, gələcəkdə Jara və buna oxşar musiqi festivalları Azərbaycanda keçirilməyəcək, çünki Rusiyada elə musuqiçi qalmayıb ki, müharibə ilə fikirlərini açıq şəkildə ifadə etsin. Azərbaycanlı əhali Qazaxstanlıların hərəkətlərini dəstəkləmələrinə böyük inamım var.