“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv dövlətlərin liderlərinin noyabrın 23-də İrəvanda toplantısı olacaq. Ukraynaya qarşı işğalçı müharibə başlayandan bu yana xarici səfərlərə çıxmayan, hətta “böyük iyirmilərin” toplantısına qatılmayan Rusiya prezidenti Vladimir Putin İrəvandakı toplantıda iştirakını təsdiqləyib. Çünki “Böyük İyirmilərin” İndoneziya toplantısından fərqli olaraq Ermənistanda toplaşanlar Rusiyanın tərəfdaşlarıdır və Ukrayna müharibəsini dilə gətirməyəcəklər”.
“AzPolitika.info” xəbər verir ki, politoloq Elxan Şahinoğlu KTMT-nin İrəvan sammitindən gözləntilərini şərh edərkən bildirib.
Ekspert xatırladır ki, Vladimir Putin İrəvana getmədən öncə Azərbaycan və Türkiyə prezidentləri ilə telefonla danışıb.
Onun sözlərinə görə, Kreml sahibinin Qarabağ siyasəti Azərbaycanın maraqlarına zidd olsa da, Ruben Vardanyanı Xankəndinə göndərib Bakı ilə təmaslara başlamaq üçün təşviq etsə də, Putinin İrəvanda Ermənistanın Azərbaycan əleyhinə mövqeyini dəstəkləyəcək sənədə imza atması ehtimalı yüksək deyil.
“O bunu edərsə, Azərbaycan-Rusiya münasibətlərinə zərbə vurmuş olacaq”, - təhlilçi əlavə edib.
E.Şahinoğlu vurğulayır ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əlindən gələnə edəcək ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı Azərbaycan əleyhinə bəyanat qəbul etsin: “Böyük ehtimalla bu alınmayacaq. Rusiya bir yana təşkilatın üzvü olan Qazaxıstan, Qırğızıstan və Belarus da Azərbaycan əleyhinə sənədə səs verməyəcəklər. Bu sənədin qəbul edilməməsi Nikol Paşinyanın kefini pozmayacaq, əksinə erməni cəmiyyətinə bir daha deyəcək ki, “gördüz KTMT bir işə yaramır, Ermənistanın maraqlarını qorumur, bəxtimizi başqa istiqamətlərdə axtarmalıyıq””.
Rasim
“AzPolitika.info”


Şərhlər
t.ədalətə: Putin birbaşa Azərbaycanın əleyhinə olan sənədlərə imza atmağa cürət etməz, çünki, Azərbaycanla Türkiyə Rusiya üçün ermənistandan dəfələrlə üstün tərəfdaşdırlar, ancaq ermənistanı Azərbaycanın elə bir coğrafi bölgəsində yerləşdiriblər ki, bizim və Türkiyənin qol-qanadını sındırıblar. Ona görə də Rusiya elə bir sənəd hazırlayıb imzalayacaq ki, bütün bəndləri ikibaşlı və ya daha çox siyasi çalarlı olacaq...
Putin indiyədək oplduğu kimi Azərbasycanın əleyhinə olan bütün sənədlərə imza atacaq