Milli Məclisin son plenar iclasında çıxış edən deputat, BAXCP sədri Qüdrət Həsənquliyev ölkə olaraq Azərbaycanın adının dəyişdirilməsini təklif edib.
“Ölkəmizdə konstitusiya hazırlanmalı və referendum qəbul olunmalıdır. İlk olaraq ölkəmizin adını dəyişdirməliyik. Ölkəmizin adı Şimali Azərbaycan olmalıdır. Bütün dünya bilməlidir ki, 200 il əvvəl Azərbaycan torpaqları İran rejimi tərəfindən işğal olunub. Necə ki, dünyada Şimali Koreya və Cənubi Koreya var, bizdə də belə olsun. Azərbaycan 200 il əvvəl iki imperiya tərəfindən bölünüb. Bu addım həm də Cənubi Azərbaycanlılar üçün stimul olar”, - deputat bildirib.
Qeyd edək ki, Milli Məclisdə səsləndirilən bu təklif sosial şəbəkələrdə də maraqla qarşılanıb və müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi deputatın bu çıxışını dəstəkləsələr də, təklifin əleyhinə çıxanlar da var.

Bu mövzuyla bağlı sabiq Təhsil naziri, professor Firudin Cəlilov “AzPolitika.info”-ya şərhində qeyd edib ki, 1990-cı ildə Məhəmməd Əmin Rəsulzadə və onun komandasının qurduğu dövlət yenidən bərpa edilib və 30 ildən çoxdur ki, həmin adla da müstəqil şəkildə varlığını sürdürür: “Bu adı biz verməmişik. Bunu 100 il öncə Məhəmməd Əmin Rəsulzadə verib. Dilimizdə milli mənşəli - quzey, güney, batı və doğu adları var. Mən burada Qüdrət bəyi nəzərdə tutmuram. Amma bir müddət əvvəl də belə bir təklif verilmişdi ki, “gəlin himnimizi dəyişək”. Axı, bu himni sən yaratmısan ki, sən də dəyişirsən? Bu dövləti vaxtilə Məhəmməd Əmin Rəsulzadə və onun ətrafındakılar yaradıb, himnimizin musiqisini Üzeyir Hacıbəyov yazıb, sözləri milli şairimiz Əhməd Cavada aiddir. Sənin nə ixtiyarın var bunları dəyişməyə?”,-deyə professor bildirib.

Tarix üzrə fəlsəfə doktoru, dosent, AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz siyasəti şöbəsinin rəhbəri Elnur Kəlbizadə isə “AzPolitika.info”-ya şərhində bildirib ki, Şimali və Cənubi Azərbaycan anlayışları XIX əsrdə meydana gəlib: “Bu adlar Azərbaycan coğrafiyasının XIX əsrdə iki imperiya - Romanovların idarə etdikləri Rusiya və Qacarlar imperiyası arasında bölüşdürülməsi nəticəsində ortaya çıxıb. İndiki məqamda belə bir ideyanın ortaya atılması xalqımızın tarixən qəlbində yaşatdığı milli ideallara dəstək kimi özünü göstərir. Lakin mən hesab etmirəm ki, Azərbaycan Respublikasının Şimali Azərbaycan adlandırılması nəyisə dəyişəcək. Bu, sadəcə ədəbi romantik səviyyədə cəlbedici görünə bilər. Azərbaycan adlanan bir coğrafi məkan var. Onun şimalında müstəqil və azad olan Azərbaycan Respublikası yerləşir. Hesab edirəm ki, bu məsələyə dəqiq qiymət vermək üçün, Xalq Cümhuriyyəti dövründə ölkəmizin beynəlxalq səviyyədə məhz Azərbaycan Cümhuriyyəti adlandırılması ilə bağlı mübarizəyə diqqət yetirmək kifayət edir”.
E. Bəyməmmədli
“AzPolitika.info”


Şərhlər
GETSİN ÖZÜNÜ HƏKİMƏ GÖSTƏRSİN.....ƏSASSIZ YAZILARLA ÖZÜNÜ BİR ŞƏXSİYYƏT SAYIR..
Azərbaycan var, Osmanlının böyük Azərbaycan eli kimi də 18ci əsrə qədər heç bir kənar müdaxiləsiz var olub! Ortası 1918ci idə özünü bəyan edib! Quzey, Güney Azərbaaycanlar da özləri bilərlər?
Şimalda Dərbənd yerləşir. Dərbənd Azərbaycan torpağı deyilmi ay Qüdrət bəy.
Ilk öncə soyad sonluqlarını dəyişdirmək lazımdır.Niyə bu haqda heç kim danışmaq istəmir.
Forudin müəllimi tam dəstəkləyirəm.Azərbaycanın önündə bir sıra həllini tələb edən problemlər olduğu halda belə əsassız və düşünmədən verilən ad dətişmə təklifi boşboğazlıqdan başqa bir məna kəsb etmir.
Makedoniyanın bir hissəsi Yunanıstanda,bir hissəsi də Bolqarıstandadır deyə Makedoniya dövlətinin adına “Şimali” sözünü də əlavə etdilər.Və çox doğru da etdilər.Artıq dünyada bilməyənlər də bilir ki,Makedon torpaqları haralardadır və yalnız Şimali Makedoniyadan ibarət deyil.Bizdə isə rəhmətlik Məhəmməd Əmin Rəsulzadə ölkəmizə “Azərbaycan” adı verib deyə önünə “Şimali” sözünü əlavə etməyə haqqımız yoxdurmu?Qardaşım,heç kəsi bütləşdirmək lazım deyil.Yüz il qabaq mövcud geosiyasi vəziyyət o cür tələb edirdi.Bu gün isə ölkəmizə “Şimali Azərbaycan” demək boynumuzun borcuna çevrilmiş kimidir və tarixi fürsətdir.Makedoniyalı İskəndər çox-çox məşhur adam olub,o cür şəxsiyyətlər dünyada tək-tük olub.Amma yəni ölkə “Şimali Makedoniya” olunca makedonlar o böyük şəxsiyyətin ruhunu küsdürmüş olurlarmı ki,bəşəriyyət indi ona Makedoniyalı İskəndər yox,Şimali Makedoniyalı İskəndər deyəcək?Hansısa yenilik istəniləndə ona qarşı çıxanların romantik yox,real,əsaslı,məntiqə söykənən arqumenti olmalıdır.Yoxsa deyir ki,yüz il qabaq belə yazılıb,belə də qalmalıdır.Bu,arqument deyil axı dövlətin adının dəyişilməməsi üçün.Əsaslı arqument varsa onu deyin,cəmiyyət götür-qoy etsin.