Menu

“MÜHARİBƏ GƏLƏN İL UKRAYNANIN QƏLƏBƏSİLƏ BİTƏCƏK” – “Rusların yeni ərazilər işğal etmək perspektivləri yoxdur”

01.12.2022, 08:30
“MÜHARİBƏ GƏLƏN İL UKRAYNANIN QƏLƏBƏSİLƏ BİTƏCƏK” – “Rusların yeni ərazilər işğal etmək perspektivləri yoxdur”

Vladimir Putin öz ordusunun qüdrətinə hədsiz inandığı üçün Ukraynanı bir həftə ərzində işğal edəcəyini düşünürdü. Amma tarix və zaman həmişəki kimi bu dəfə də reallığı üzə çıxardı və bəlli oldu ki, Kremlin tərifli ordusu Ukraynda qarşısına qoyduğu tapşırıqları yerinə yetirmək qabiliyyətindən uzaqdır. Müharibə uzandıqca Rusiya ordusunun canlı qüvvə və texnika sarıdan itkiləri durmadan artır. Ekspertlərin hesablamalarına görə, ruslar ən müasir hərbi texnikalarının böyük bir hissəsini artıq itiriblər və ümidlərini köhnə silahlara bağlayıblar.

“AzPolitika.info” xəbər verir ki, Ukraynanın “Glavred.info” portalı ”Müharibə gələn il Ukraynanın qələbəsi ilə bitəcək” başlıqlı məqaləsində sözügedən məsələyə toxunur.

Həmin məqalənin tərcüməsini təqdim edirik: 

“İtirilmiş texnika nümunəsindən çıxış edərək, müharibənin gələcək perspektivini təhlil edək. Ukrayna və Rusiyanın müharibədəki texnika itkilərini təsdiq olunmuş faktlarla və fotolarla izləyən Niderlandın hərbi məsələlərlə bağlı “Oryx” internet resursu sayəsində müharibənin perspektivi barədə təsəvvür yaratmaq mümkündür. Hazırkı vəziyyətdə itkilər birin dördə nisbətindədir (bu proporsiya şəxsi heyətdə də saxlanılır). Müharibə başlayandan indiyədək Ukrayna 2354 ədəd texnika itirdiyi halda, işğalçı Rusiya ordusu 8137 ədəd texnikadan məhrum olub. Yəni, amerikanlar deyəndə ki, Ukrayna 12 ballıq şkalaya görə 10 ballıq səviyyədə döyüşür, bu, həqiqətə yaxındır.

Müharibənin ilk altı ayı ərzində Rusiya təbliğatçıları öz itkilərinin çoxluğunu əsaslandırarkən deyirdilər ki, bəs, hərb qanunlarına uyğun olaraq hücum edən tərəf müdafiədə olanla müqayisədə üçün biri nisbətində daha artıq itki verir.

Əslində, bu, həqiqətən də belədir, lakin payızdan etibarən hücuma keçən tərəf artıq Ukraynadır və buna baxmayaraq, həmin nisbət dəyişməyib. Gəlin, Rusiya ordusunun müharibəyə başlamazdan əvvəl texnika sarıdan hansı vəziyyətdə olduğuna qısaca göz gəzdirək.

Tanklar

Müharibə başlayanda Rusiya ordusunun quru qoşunlarının döyüş cərgəsində 2840 ədəd, saxlama anbarlarında isə 10200 ədəd tankı vardı. Ruslar Ukraynaya ən yeni və modernləşdirilmiş tanklarla hücum etmişdi.

İndiyədək Rusiyanın 1520 tankı məhv edilib və ya ələ keçirilib. Onların 80 faizi modernləşdirilmiş, 20 faizi isə saxlama yerlərindən çıxarılaraq avqust ayından aktiv cəbhəyə göndərilən tanklardır. Belə bir diskusiya gedir ki, anbarlarda saxlanılan tankların çoxu “T-72”-dirmi, yoxsa, köhnə “T-55”, ”T-62” və ya “T-64” tanklarıdır? Təhlillərdən aydınlaşır ki, anbarlarda saxlanılan on min tankın 7000 ədədi köhnə “T-55”, ”T-62” və “T-64” tankı, 3000 ədədi isə nisbətən yeni “T-72” və “T-80” tanklarıdır.

Doqquz ayın yekun nəticərərinə görə, ruslar müasir tanklarının demək olar ki, yarısını itiriblər. Həmin tankların əksəriyyəti modernləşdirilməklə yanaşı, son on ildə istehsal olunublar. Ehtiyat anbarlarında saxlanılan tanklar orta hesabla 40-50 il bundan öncə istehsal ediliblər və onların lazımi döyüş vəziyyətinə gətirilməsi üçün çox böyük xərc və zaman tələb olunur.

Putin Müdafiə Nazirliyinin qarşısında il ərzində saxlama anbarlarından 800 tankın orduya verilməsi tapşırığını qoyub. Ancaq nəticədə bu rəqəm çətin ki, 200 ədədi ötsün. Yəni, bu ondan xəbər verir ki, gələn il ruslar daha az və daha köhnə tanklarla döyüşmək məcburiyyətində qalacaqlar.

Artilleriya qurğuları

Rusiyanın artilleriya qurğuları sarıdan da vəziyyəti yaxşı deyil. Müharibəyə qədər Rusiya silahlı qüvvələrinin döyüş cərgəsində 4680 ədəd, anbarlarında isə əlavə 4260 ədəd artilleriya qurğusu vardı. Döyüş cərgəsindəki müxtəlif tipli 1900 ədəd özüyeriyən artilleriya qurğusı olub ki, bunun da 800 ədədi köhnə “2C3 Akasiya”, 500 ədədi isə nisbətən təzə “2C19 MCTA-C” haubitsalarıdır. Bunlardan başqa, rus hərbçilərinin ixtiyarında “Qrad” tipindən olan 876 ədəd “Yaylım Atəş Raket Sistemi” (YARS) olub. Ukrayna ordusu tərəfindən 591 ədəd artilleriya sistemi məhv edilib və ələ keçirilib. Onlardan 290 ədədi özüyeriyən artilleriya qurğusu, 159 ədədi isə “YARS”-dır. Göründüyü kimi, artilleriyadakı itkilər tank itkiləri ilə müqayisədə heç də çox deyil, həm də ki, rusların xeyli ehtiyatları var. Amma artilleriyada meydana çıxan əsas problem texnikanın sayıyla yox, mərmilərlə bağlıdır. Ruslar Belarus anbarlarını boşaltdıqdan sonra indi də başlayıblar bütün dünyadan 122 mm və 152 mm kalibrli mərmilər axtarmağa. Onların bu cür böyük sayda artilleriya sistemlərini mərmilərlə təmin etməyə imkanları çatmır.

Piyadaların döyüş maşını

Müharibəyə qədər Rusiya ordusunun döyüş cərgəsində 5220 ədəd PDM və zirehli maşın olub. Saxlanma anbarlarında isə 8500 ədəd bu cür hərbi texnika vardı. Döyüş cərgəsində əsasən 3000 ədəd daha müasir “PDM-2”, 600 ədəd “PDM-3” olub. Anbarlarda isə 7000 ədəd “PDM-1” maşınları saxlanılırdı.

İndiki vəziyyətə görə, döyüşlər nəticəsində Rusiyanın 1774 ədəd bu cür zirehli texnikası məhv edilib və ya ələ keçirilib. Onların içərisində istehsalına 2011-ci ildə başlanmış 353 ədəd “БТР 82A” zirehli transportyoru da yer alır.

Bələliklə, doqquz ay ərzində ruslar özlərinin ən qabaqcıl texnikalarının əksəriyyətini itiriblər və bunların yerini çox az miqdarda köhnə nümunələrlə doldurmaq məcburiyyətində qalıblar.

Dediklərimizə ümumi yekun vuraq. Ukraynaya soxulan Rusiya ordusu on il ərzində təkmilləşdirilərək yenidən qurulmuşdu və 2011-ci ildən işğal gününə qədər onun güclənməsinə 770 milyard dollar pul xərclənmişdi. Hazırda həmin ordu öz texnikasının 30-40 faizini itirib. Beləliklə, yalnız bu il itirilmiş texnikanın yerini doldurmaq üçün Rusiyaya üç ildən beş ilədək vaxt lazımdır. Hələ biz sanksiya rejimini nəzərə almırıq.

Bütün bunlardan çıxan nəticəyə əsasən deyə bilərik ki, rusların hücuma keçmək və yeni ərazilər işğal etmək perspektivləri yoxdur. Ona görə də onların qarşısında dayanan ən məntiqli ssenarı işğal olunmuş torpaqları əldə saxlamq və danışıqlara getməyə cəhd göstərməkdən ibarətdir. Çox böyük ehtimalla, müharibə növbəti ildə Ukraynanın qələbəsi ilə bitəcək”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol