“Ermənistan təhlükəli bioloji patogenlərin nümunələrinin ABŞ-a ötürülməsinə razılıq verib”.
“AzPolitika.info” erməni mediasına istinadla xəbər verir ki, hökumətin cümə axşamı keçirilən iclasında ABŞ-la “Texnologiyaların, patogenlərin və bioloji silahların inkişafının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında” sazişin düzəliş edilmiş variantının ratifikasiya layihəsi təsdiqlənib.
Sənəd 2010-cu ildə imzalanıb və Ermənistan üçün məcburi tələblər olduğundan hələ də ratifikasiya olunmayıb.
Beləliklə, müqavilənin 4-cü bəndinə əsasən, erməni tərəfi profilaktik, hərbi və dinc məqsədlər üçün Ermənistanda toplanmış təhlükəli patogenlərin tələb olunan nümunələrini ABŞ Müdafiə Nazirliyinə təhvil verməyi öhdəsinə götürüb. Müqavilə epidemioloji məlumatların ötürülməsini də nəzərdə tuturdu.
30 sentyabr 2022-ci il tarixində imzalanmış yeni redaksiyada sözügedən bənddə dəyişiklik edilib, patogenlərin Amerika tərəfinə ötürülməsinin məcburi xarakteri indi ləğv edilib. Ermənistan bu məlumatları öz mülahizəsinə uyğun olaraq ötürə bilər və onlar yalnız yoluxucu agentlərə, müxtəlif viruslar və xəstəliklərə aid olacaq.
Düzəlişlər edildikdən sonra Ermənistan hakimiyyəti sənədin ratifikasiyasını məqsədəuyğun hesab edir, çünki hazırkı formada saziş ölkənin xarici siyasətinə və beynəlxalq öhdəliklərinə uyğundur.
Hökumətin saytında yer alan qərar layihəsində qeyd edilir ki, sazişin ratifikasiyası ilə Ermənistanla ABŞ arasında münasibətlər strateji dialoq səviyyəsinə çatacaq.
“AzPolitika.info”


Şərhlər