“Putinin Ukrayna xalqına qarşı qəddarlığı barbarlıqdır” – “Onun taktikasını bilirik”

ABŞ-ın Dövlət katibi Entoni Blinken bəyan edib ki, Rusiyanın Ukraynanın enerji infrastrukturunu hədəfə almaq strategiyası bu ölkənin tərəfdarlarını parçalaya bilməyəcək.

Blinken noyabrın 30-da Buxarestdə NATO xarici işlər nazirlərinin ikigünlük toplantısından sonra mətbuat konfransında danışıb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin “qəzəb və atəşini” Ukraynanın dinc əhalisinə yönəldib, ukraynalıları istilik, su və elektriklə təmin edən infrastrukturu vurur.

“Prezident Putinin taktikasını bilirik: ukraynalılar soyuqdan donsun və aclıq keçirsin, evlərindən çıxmağa məcbur olsunlar, enerji, ərzaq və digər xərclər artsın, həm də təkcə Avropada deyil, bütün dünyada və sonra da koalisiyamız parçalansın”, – Blinken vurğulayıb.

Rusiyanın son hücumları nəticəsində milyonlarla insan temperaturun sıfırdan aşağı olduğu bir vaxtda qaranlıqda, istiliksiz qalıb. Blinken deyir ki, Putinin Ukrayna xalqına qarşı qəddarlığı barbarlıqdır.

Blinken Putini Ukraynanın tərəfdaşlarını Kiyevə dəstəkdən əl çəkməyə məcbur etmək cəhdində suçlayıb.

“Bu strategiya işləməyib, işləməyəcək. Onun səhv mövqedə olduğunu sübut edəcəyik. Burada – Buxarestdə hər bir ölkənin ucadan və aydın şəkildə bunu dediyini eşitdim”, – Blinken sözlərinə əlavə edib.

ABŞ və digər Qərb müttəfiqləri Buxarestdəki iclasda Kiyevə daha çox maliyyə yardımı, enerji təchizatını gücləndirmək üçün avadanlıq vəd edib. Blinken deyib ki, ABŞ hərbi strategikləri Ukraynanın enerji infrastrukturunun bərpası üçün verilən avadanlığın Rusiyanın hücumları nəticəsində dağıdılmamasını təmin etməyə çalışacaqlar.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar