“Söhbət sui-qəsddən, qeyri-insani davranışdan gedir...” – Saakaşvili Gürcüstandan çıxarılacaqmı?

Bu ilin may ayında "Vivamedi" klinikasına yerəşdirilən Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin durumu günü-gündən pisləşir. Onun vəkili və yaxınları BBC radiosuna bildiriblər ki, tibb müəssisəsində olmasına baxmayaraq onun xəstəliklərinin sayı artır. Gündən-günə zəifləyir, çəki itirir, çətinliklə yeriyir və sol əlindən istifadə edə bilmir. Bundan başqa, hərarəti də düşmür.

Anası Giuli Alasaniya onda həm də gizli vərəm aşkar olunduğunu, amma digər xəstəlikləri kəskinləşdirə biləcəyi üçün həkimlərin müalicəyə başlamadıqlarını bildirib.

Hazırda Saakaşvilinin vəkilləri məhkəməyə müraciət etmək üçün "Empatiya" mərkəzinin yekun rəyini gözləyirlər. Bu rəyi həm yerli, həm də xarici ekspertlər imzalayacaqlar. Diaqnozlardan və onların ağırlıq dərəcəsindən asılı olaraq onlar eks-prezidentin həbsdən azad edilməsini və ya cəzanın təxirə salınmasını tələb etməyi planlaşdırırlar.

Noyabrın 18-də "Empatiya" mərkəzi yekun rəylə bağlı işlərin artıq yekunlaşdığını, Saakaşvilinin təcili surətdə geniş tibbi müayinəyə və müalicəyə ehtiyacı olduğunu açıqlayıb.

"Bu, 188 səhifəlik bir rəydir, əlavə olaraq 60 səhifə xarici mütəxəssislərin rəyidir, 2900 səhifəlik də sübutlar var. Hazırda hamısı tərcümə olunur və tam konsensus olması üçün xarici həmkarlarımıza göndəriləcək. Sonra sənəd hüquqşünaslarla razılaşdırılacaq, çünki söhbət eks-prezidentə qarşı qəsddən və qeyri-insani davranışdan gedir", - yekun rəyin hazırlanmasında iştirak etmiş ekspert, nevroloq Otar Toidze belə deyir.

Ekspert qeyd edir ki, Saakaşvilinin xaricə müalicəyə göndərilməsi xahiş yox, tibb elmi və etikasının tələbidir, çünki onu Gürcüstanda lazımi müalicəylə təmin etmək mümkün olmayacaq. Toidze eks-prezidentin səhhətinin pisləşməsini sonuncusu ölüm olan 4 pilləli pilləkənə çıxmaqla müqayisə edir: "Mixail Saakaşvili artıq ayağını qaldırmış vəziyyətdədir və onu 4-cü pilləyə qoyması an məsələsidir".

Yekun rəyin detalları hələ açıqlanmayıb, amma yaxınları deyirlər ki, Saakaşvilinin orqanizmində ağır metallar tapılıb və bu, onu zəhərləmək cəhdiylə bağlı şübhələrə yol açıb.

Saakaşvilinin anası Giuli Alasaniyanın sözlərinə görə, toksikoloji analizin nəticələrində tallium, barium və gümüş su kimi maddələr sadalanıb və yaxın günlərdə yaxınları bununla bağlı amerikalı ekspertlərdən izahat gözləyirlər.

Eks-prezidentin vəkillərindən biri - Valeri Qelbaxiani bildirib ki, onun zəhərləndiyini düşünmək üçün əsaslar var. Xüsusi penitensiar xidmət buna cavab olaraq, Saakaşvilinin zəhərlənməsiylə bağlı hər hansı rəsmi sənəd daxil olmadığını açıqlayıb. Ədliyyə naziri Rati Breqadze təsdiqlənməmiş məlumatları yaymamağa çağırıb. Onun sözlərinə görə, cavabsız sual qalmasın deyə nazirlik toksikoloji ekspertiza üçün Levan Samxarauli adına Milli Məhkəmə Ekspertizası Bürosuna müraciət edəcək.

Saakaşvili isə öz "Facebook" səhifəsində yazıb ki, heç vaxt vəkillərinə zəhərlənmədən şübhələndiyini deməyib və mövzuyla bağlı spekulyasiyanı yersiz hesab edir. "Səhhətim həqiqətən də pisləşir, xüsusən də son iki ayda. "Vivamedi"nin həkimləri əllərindən gələni edirlər. Biz mütəxəssislərə inamalıyıq, bu məsələni hədsiz siyasiləşdirmək lazım deyil", - eks-prezident belə yazıb.

“AzPolitika.info”

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar