ABŞ-ın ən böyük yəhudi qəzetlərindən olan “The Jewish Press”də “İranda etirazlar və Azərbaycan icması” sərlövhəli məqalə dərc olunub.
Tanınmış israilli politoloq və jurnalist, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru Reyçel Avrahamın qələmə aldığı məqalədə qeyd olunub ki, İran azərbaycanlısı olan tibb tələbəsi Aylar Həqqi Təbrizdə etiraz aksiyalarına qatılarkən öldürülüb.
Aylar Həqqi İranda azərbaycanlı icmasının üzləşdiyi insan haqları problemi çərçivəsində “Twitter”də qadın hüquqlarına da münasibət bildirirdi, onun dəfnində iştirak edənlər isə İran təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalıb. Ayların dəfn mərasimində etirazçılar “Biz hamımız Aylarıq və sonadək mübarizə aparacağıq”, “Azərbaycan xalqı bu zülmə dözməyəcək” və “Azadlıq, ədalət, milli hökumət” şüarlarını səsləndiriblər. Ayların ölümü Təbriz, Məlikkənd, Urmiya, Xoy və Ərdəbildə rejim əleyhinə nümayişlərə qoşulduqlarına görə 40-dan çox azərbaycanlının saxlanılmasından sonra baş verib.
Məqalədə “Günaz TV”nin təsisçisi Əhməd Obalıya istinadən sözügedən etirazların heç də təsadüfi olmadığına diqqət cəlb olunub. Əlavə edilib ki, İranda Azərbaycan türklərinə qarşı repressiyaların tarixi onilliklərə gedib çıxır. Türklər Rza şah Pəhləvi hakimiyyətə gələnə qədər min ildən çox müddətdə İranı idarə ediblər və adıçəkilən şəxs öz şahlığı dövründə digər etnosların farslaşdırılması istiqamətində assimilyasiya prosesinə rəvac verib. 1979-cu ildə İranda İslam Respublikası qurulanda azərbaycanlılar həmin prosesin sona çatacağına ümid ediblər, çünki yeni rejim ideologiya olaraq vurğunu fars kimliyinə deyil, şiə islamına edib. Lakin molla rejiminin bu cəhətdən Pəhləvi rejimindən daha repressiv olduğu ortaya çıxıb.
Müəllif hazırkı rejimdə fars dilini kifayət qədər bilməyən ibtidai sinif uşaqlarının zəka səviyyəsi aşağı olanlar üçün nəzərdə tutulmuş məktəblərə yerləşdirilməsi siyasəti vasitəsilə azərbaycanlı uşaqların bu rejimdə ana dilini unutmağa məcbur edildiyini bildirib. Bütün bunların nəticəsində azərbaycanlı uşaqlar evdə öz ana dilində danışmağa az diqqət yetirməyə və getdikcə daha çox fars dilinin öyrənilməsinə köklənməyə məcbur olurlar, bununla da Pəhləvi sülaləsi dövründə mövcud olandan daha fərqli assimilyasiya prosesi baş verir.
Məqalədə həmçinin qeyd olunub ki, İran Konstitusiyasının 15-ci maddəsi azərbaycanlıların və digər milli azlıqların öz ana dilində təhsil almaq hüququnu tanıyır, lakin bu hüquqdan istifadə etməyi tələb edən hər kəs həbsxanaya salınır, baxmayaraq ki, İran Xarici İşlər Nazirliyi iranlıların 40%-nin azərbaycanlı olduğunu etiraf edir. Müəllif həbs olunan etirazçılar arasında Azərbaycandan olanların ölkənin digər bölgələrindən daha çox olduğunu da diqqətə çatdırıb.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.frontpagemag.com/the-iran-protests-and-the-azerbaijani-community/


Şərhlər