Azərbaycan nümayəndələri ekoloji monitorinq aparmaqla bağlı Xocalıda danışıqlar aparıb, görüş konstruktiv ruhda keçib.
Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə məlumatında bildirilib.
Qeyd edilib ki, 2022-ci il dekabrın 3-də keçirilmiş müzakirələrin davamı olaraq, dekabrın 7-də Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan Respublikası ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər törəmə fəsadlar ilə bağlı Xocalıda Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə görüş keçirib: "Görüş zamanı faydalı qazıntı yataqlarına, xüsusilə Qızılbulaq qızıl və Dəmirli mis-molibden yataqlarına yerində baxış, qanunsuz istismarın dayandırılması, müxtəlif istiqamətlər üzrə monitorinq və inventarizasiyanın aparılması, əmlakın kadastr uçotunun təşkili, ətraf mühitə, yeraltı və yerüstü su mənbələrinə potensial zərərin və risklərin qiymətləndirilməsi və dəymiş zərərin nəticələrinin aradan qaldırılması məsələləri müzakirə edilib. Görüş konstruktiv ruhda keçmişdir. Aidiyyəti üzrə təmaslar davam etdiriləcək. İctimaiyyətə əlavə məlumat veriləcək".
***
Bu gün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin İqtisadiyyat Nazirliyi yanında Dövlət Əmlak Xidmətinin və “AzərGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət qrup Qarabağda Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə ekoloji monitorinqlər aparılması üzrə danışıqların növbəti mərhələsini planlaşdırır. Bununla bağlı nümayəndə heyəti Xocalı rayonundadır.
Bu barədə İctimai Televiziya (İTV) məlumat yayıb.
Bir neçə gün öncə danışıqların birinci mərhələsi baş tutmuşdu. Əvvəlcə Xankəndi-Gorus avtomobil yolunun Şuşa-Daşaltı yolayrıcında Rusiya sülhməramlı kontingenti ilə müəyyən müzakirələr aparılsa da, daha sonra Xocalı şəhərində Rusiya sülhməramlılarının Qərargahında danışıqlar davam edib.
Rusiya sülhməramlı kontingenti Azərbaycan tərəfinin təkliflər paketini qəbul etdi, monitorinqlərin aparılması razılaşdırıldı. Hazırda nümayəndə heyəti bu istiqamətdə əlavə danışıqların aparılmasını planlaşdırır və monitorinqlərin ən yaxın zamanda baş tutması nəzərdə tutulur.
11:08
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşlarından ibarət təbii ehtiyatların qanunsuz istismarını araşdıracaq monitorinq qrupu Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə müzakirələri davam etdirmək üçün Xocalıya yola düşüb.
APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, müzakirələr Rusiya sülhməramlı kontingentinin Xocalıdakı qərargahında keçiriləcək.
10:25
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşları dekabrın 3-də keçirilmiş görüşün davamı olaraq bu gün Rusiya sülhməramlı qüvvələrinin komandanlığı ilə növbəti müzakirələr aparacaqlar.
APA-nın Şuşaya ezam olunmuş xüsusi müxbiri xəbər verir ki, nümayəndələrin Rusiya sülhməramlı kontingentinin komandanı, general-mayor Andrey Volkovla danışıqları sülhməramlıların Xocalıdakı qərargahında baş tutacaq.
Danışıqlarda Rusiya sülhməramlı qüvvələrinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində aparılan qeyri-leqal iqtisadi fəaliyyətlər çərçivəsində faydalı qazıntıların qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı yataqlarda və müvafiq digər məntəqələrdə monitorinq, əmlakın inventarizasiyası və ekoloji araşdırma işlərinin aparılmasının vacibliyi diqqətə çatdırılacaq.
Qeyd edək ki, dekabrın 3-də Xocalıda, Rusiya sülhməramlı qüvvələrinin qərargahında keçirilmiş müzakirələrin nəticəsi olaraq qeyd olunan fəaliyyət istiqamətləri üzrə ərazidə işlərin aparılması üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi və digər aidiyyəti qurumların iştirakı ilə yol xəritəsinin hazırlanmasına başlanılıb.

Şərhlər
Qəhrəman İLKİNlLƏRimizə uğurlar olsun!