“Azərbaycan vətəndaş cəmiyyəti təmsilçilərinin, gənclərin Laçın yolunda artıq üçüncü sutkadır fasiləsiz aksiyanı davam etdirməsi müharibədən sonrakı dövrdə yeni mərhələdir. Mənim gördüyüm mənzərə möhtəşəm idi. Xüsusən, gənclərin əzmi, vətənpərvərliyi adamı heyran edir. Mən burda xalqımızın 80-ci illərin sonu - 90-cı illərin əvvəlindəki dirçəlişini, ruhunu hiss etdim...”
Bu sözləri "Bakupost.az"-a "AzPolitika.info" saytının Baş redaktoru Elnur Məhərrəmli deyib.

Bu gecə Bakıya dönən jurnalistin sözlərinə görə, sülhməramlıların qanunsuz fəaliyyəti, ermənilərin ekoloji terroruna şərait yaratmaları Azərbaycan xalqının haqlı narazılığına səbəb olub: “Şuşaya 2021-ci ildə ilk səfərimizdə Laçın dəhlizinin Şuşanın dibindən keçən dar boğazını görəndə Xankəndində hələ də separatçı şüarların səslənməsindən təəccüb keçirmişdim. Düşünmüşdüm ki, Azərbaycan əsgərinin süngüsünün ucunda olan, 8-9 metr enində dar bir cığıra möhtac qalan etnik qrup bundan sonra da hansı ağılla öz iddialarını davam etdirə bilər? Axı, sadəcə bu yolu bağlamaqla bu separatçıların nəfəsini kəsmək olar. Azərbaycan 2 ildən artıq səbr etdi. Ümid etdik ki, bu ilin sonunadək Ermənistan sülh müqaviləsinə imza atacaq və bölgəyə sülh gələcək. Amma əksini gördük. Ona görə də, əslində Laçın dəhlizini bağlayan Ermənistan rəhbərliyi, onlarla əlbir olan Rusiya sülhməramlılarıdır. Düşünürəm ki, bundan sonra hər qanunsuz hərəkətin, hər separatçı addımın cavabı Laçın dəhlizini bağlamaq olmalıdır. Azərbaycanın dövlət nümayəndələri sülhməramlıların nəzarəti altındakı ərazilərə buraxılmır, dərhal Laçın dəhlizi bağlanmalıdır. Daxili kommunikasıyalardan istifadəmizə imkan verilmir, cavabı Laçın dəhlizində verilməlidir. Ermənistan ordusunun qalıqları çıxarılmır, Laçın dəhlizi ilə təminatları kəsilməlidir. Zəngəzur dəhlizi açılmır, açılmasın, onda Laçın dəhlizi də işləməməlidir və sair.
Bu baxımdan, ekoloqlarımızın önə düşməsi alqışlanmalıdır. Hesab edirəm ki, Laçın dəhlizindəki aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının nəzarətdən kənarda qalan ərazilərimizdə sərbəst fəaliyyətinə imkan yaradılana qədər davam etməlidir. O ərazilərdəki təbii sərvətlərimizin talan olunmasına göz yuma bilmərik. Ümumiyyətlə, ordakı heç bir qanunsuzluğa göz yummamalıyıq”.
Elnur Məhərrəmli hesab edir ki, aidiyyəti qurumlar aksiyaya qatılmaq istəyən hər bir vətəndaşa icazə verməlidir: “Eyni zamanda, istərdim ki, hökumətimiz Laçın dəhlizindəki aksiyaya qoşulmaq istəyən hər bir vətəndaşa şərait yaratsın. Şuşada gecələr çox soyuq olur. Könüllü gənclərimiz əzmkardır, amma yenə də rotasiya təmin olunmalıdır”.
Azər
Baku Post


Şərhlər
Sevimli saytımız Azpolitika.infonun baş redaktorunu qaynar nöqtədə görmək çox xoş oldu.
Sağolun,varolun Elnur bey