“Dünya Kuboku həm də mənim ölkəm olan Qətərin mədəni varlığını, iqtisadi, təhlükəsizlik va təşkilatçılıq imkanlarını nümayiş etdirdi”.
“AzPolitika.info” xəbər verir ki, bunu Qətər Dövlətinin Milli Günü münasibətilə Bakıda təşkil olunan rəsmi qəbulda çıxışı zamanı Səfir Feysal bin Abdullah Al Hinzab söyləyib.
Diplomat deyib ki, Milli Günün qeyd olunması bu il xüsusi əhəmiyyət kəsb edir, çünki bu, FİFA Dünya Çempionatına Qətər Dövlətinin ev sahibliyi etməsi ilə üst-üstə düşür. Bu iki tədbir Qətər xalqının birliyini və mədəniyyətini dünyaya nümayiş etdirmək imkanı yaradır: “Bu ərəfədə Qətərə səyahət edənlər tariximizin və bu günümüzün parlaq sahələri, digər mədəniyyətlərlə sivil qarşılıqlı əlaqəyə inamımız, ərəb islam dəyərlərimizlə, iftixarımızla tanış olurlar”.
Ölkələrimiz arasında əlaqələrə toxunan diplomat bildirib ki, növbəti il Qətər və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq: “Qətər və qardaş Azərbaycan arasındakı ikitərəfli münasibətlərin özünəməxsus səviyyəsindən, sivil və bəşəri dəyərlərə əsaslanan, birgə əməkdaşlıq və müştərək maraqlara, qarşılıqlı hörmət və etimada söykənən əlaqələrdən böyük qürur duyuruq”.

Səfirin sözlərinə görə, Əlahəzrət Əmir və Prezident İlham Əliyevin rəhbərliyi ilə iki ölkə arasındakı əlaqələr bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi və sosial sahələrdə dostluq və əməkdaşlıq tellərinin möhkəmləndirilməsi, xalqlarımız va ölkələrimiz üçün daha çox tərəqqi və firavanlığa nail olmağa yönələn maraq və əzmlə səciyyələnir: “Qətər Dövləti siyasi, iqtisadi və mədəni əlaqələri inkişaf etdirməklə, ticarət mübadiləsini və investisiya imkanlarını asanlaşdırmaqla Azərbaycanla əlaqələri gücləndirməyə və onu perspektivli və daha firavan gələcəyə aparmağa çalışır”.
Azərbaycan hökuməti adından Qətər xalqını bayram münasibətilə təbrik edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov ölkələrimiz arasında möhkəm dostluq əlaqələrinin mövcudluğunu xatırladıb. Nazir deyib ki, birgə layihələrin həyata keçirilməsi, müxtəlif sahələrdə əməkdaşlıq potensialının reallaşdırılması sayəsində ikitərəfli əlaqələrimiz daha da inkişaf edəcək və ölkələrimizin rifahına yeni-yeni töhfələr verəcək: “Qaz İxrac Edən Ölkələr Forumu çərçivəsində və neft-qaz məhsullarınm ticarəti ilə məhdudlaşan enerji əməkdaşlığının yeni müstəvidə qurulması üçün münasib vaxtdır. Xüsusilə, azad edilmiş ərazilərin xalis sıfır" emissiyaya malik “yaşıl enerji" zonası konseptində inkişafı, eyni zamanda "yaşıl artım" və təmiz ətraf mühitə nail olmağa ölkənin milli prioriteti səviyyəsində yanaşma çox istiqamətli enerji əməkdaşlığı üçün fürsət yaradır”.
P.Şahbazov deyib ki, hazırda Qətərin "Nebras Power" şirkəti ilə energetika sahəsində müxtəlif layihələr, o cümlədən Yaşmada inşası planlaşdırılan qaz-turbin elektrik stansiyası layihəsi üzrə müzakirələr aparılır. Bizim hədəfimiz Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafının təmin edilməsidir və bu prosesdə Nebras Power" şirkəti ilə əməkdaşlıq üçün yeni imkanlar mövcuddur.
AzPolitika.info


Şərhlər